XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında xidmətləri olan söz sənətkarlarından biri də Azərbaycan romantik şerinin banisi Hüseyn Caviddir. Hüseyn Cavid öz yaradıcılığı ilə Azərbaycanda milli uşaq ədəbiyyatının xəzinəsinə töhfələr vermiş, onu janr və mövzu etibarilə zənginləşdirmişdir.
Uşaq ədəbiyyatının tematikası Hüseyn Cavid yaradıcılığında nə qədər müxtəlif olsa da, bu sahədə onun əsərləri zahirən nə qədər dağınıq və sistemsiz görünsə də, bu nümunələr öz məzmunu etibarilə vahiddir, tərbiyəvi mənasına görə bir-birini tamamlayır və uşaqlarda gələcək həyat üçün vacib olan daxili birlik, bütövlük və məqsəd aydınlığı yaradır.
Hüseyn Cavidin bu sahədəki bütün səy və cəhdi bir məqsədə – insanların, xüsusən gənc nəslin əxlaqi cəhətdən yüksəlməsinə yönəlmişdir; o, insanı həm özü üçün, həm də cəmiyyət üçün yararlı etməyə, onun zəkasını həyat təcrübəsi ilə, bəşəriyyətin əsrlər boyu yaratmış olduğu ən yaxşı sərvətlərlə zənginləşdirməyə çalışırdı. Uşaq şeirlərində böyük ədibin irəli sürdüyü məsələlər elə həyatidir ki, bir əsr bundan əvvəl yazılmasına baxmayaraq, bu əsərlər müasir günümüzdə uşaqların mənəvi tərbiyəsi işində öz aktuallığını itirməmişdir. Hüseyn Cavidin əsərləri insan şəxsiyyətinin və cəmiyyətin inkişafına mane olan qaragüruhçu qüvvələrə qarşı mübarizə aparmaq üçün oxucunu mədəniyyətə, maarifə, insanpərvərliyə, xeyirxahlığa, dostluğa, əməkdaşlığa çağırır. Bütün bunlar elə məharətlə təqdim edilir ki, hətta kiçikyaşlı uşaqlar belə, çətinlik çəkmədən bu yüksək keyfiyyətləri duya bilirlər.
Hüseyn Cavidin uşaq və yeniyetmələr üçün yaratmış olduğu səmimi, sadə, təbii lirik şeirlər həyatiliyi, tərbiyə və təhsil nöqteyi-nəzərdən faydalılığı baxımından olduqca əhatəlidir. Onun Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil edilmiş və uşaqların dillər əzbəri olan “Qız məktəbində”, “Sevinmə, gülmə, quzum”, “Öksüz Ənvər”, “İlk bahar”, “Çiçək sevgisi”, “Qoca bir türkün vəsiyyəti”, “Hərb və fəlakət”, “Kiçik sərsəri” kimi orijinal şeirləri uşaq yaşına və psixologiyasına uyğun olaraq, onlarda dünyagörüşünün, əqlin, təfəkkürün, bədii zövqün və təxəyyülün formalaşmasına müsbət təsir edən poeziya nümunələrindəndir.
Görkəmli sənətkarın uşaq əsərlərinin maraqlı, cəlbedici, uşağın psixologiyasına uyğun olması ondan irəli gəlir ki, ədib həm də yüksək pedaqoji ustalığa malik bacarıqlı bir müəllim olmuşdur. Müəllimlik peşəsi ilə gənc nəslin təlim-tərbiyəsinə xidmət etdiyindən uşaq psixologiyasını daha dərindən öyrənmiş və onların yaşına müvafiq əsərlər yaratmışdır. Onun əsərlərinin tədqiqi və bu əsərlərdə irəli sürülən pedaqoji fikirlərin bədii təhlili Hüseyn Cavidin uşaq psixologiyasını incəliklərinə qədər bilən, uşaq aləmini aydın surətdə dərindən duyan, bütün uşaqları doğma ata məhəbbəti ilə sevən şair-pedaqoq olduğunu təsdiq edir.
Hüseyn Cavid Azərbaycanda uşaq ədəbiyyatının inkişafına ciddi təsir göstərmişdir. O, uşaqlar üçün yazılmış olan əsərlərdə yoruculuğa, darıxdırıcılığa, sıxıntıya, səmərəsizliyə qarşı çıxmışdır. Öz uşaq əsərləri ilə Hüseyn Cavid uşaqlarda ideyalılıq, həyatilik, doğruçuluq, yüksək bədiilik, zəngin bədii təxəyyül və sair kimi əxlaqi keyfiyyətlər tərbiyə etməyə çalışmışdır. Uşaqları yormadan, onları darıxdırmadan ədəbiyyat vasitəsilə onlara bilik vermək və tərbiyə etmək Cavidin arzusu olmuşdur. Şair uşaqları uydurulmuş sayıqlamalarla aldatmağın əleyhdarı, həyat həqiqətlərinin uşağa şərh edilməsinin tərəfdarı idi.
Fikrimizcə, Hüseyn Cavidin uşaq şeirlərini məzmun-mündəricə baxımından iki qismə ayırmaq olar: birinci qisim şeirlərində bu sahənin klassikləri kimi, H.Cavid də uşaqların ətraf aləm haqqında tanışlığına, bilik və təsəvvürlərinin genişləndirilməsinə çalışır; ikinci qisim şeirlərində isə daha çox özünün pedaqoji baxışlarını, tərbiyə haqqında fikirlərini ön plana çəkir.
Kiçik bir məktəbliyə həsr olunmuş “İlk bahar” şerində şair əvvəlcə yazın gəlməsi ilə təbiətdə baş verən canlanmanı qələmə alır. Cavid yazın gəlişi ilə insanların tutqun qəlbinin açılmasını, məktəbli oğlan və qızların birlikdə oxuyub-oynamasını, qol-qola gəzib təbiətin bu füsunkar gözəlliyinə heyran olmalarını pedaqoji ustalıqla təsvir etmişdir.
Böyük ədib şeirlərini həyati hadisələr əsasında yazmışdır. “Öksüz Ənvər” şerinin məzmunu belədir: “Budur, oxuduğu sinifdə həmişə dərsdə və əxlaqda birincilik qazanan doqquz yaşlı balaca Ənvər neçə gündür ki, dərsdə susur, danışmır: dindirəndə də sel kimi göz yaşları tökür, hıçqırıqlara boğulur. Ənvər çoxdandır ki, atadan yetim qalmışdır. Üç ay var ki, yeganə ümidi olan anasının da ömür şamı sönmək üzrədir. Ənvər hər sabah dərsə davam edir, ancaq fikri, xəyalı anasının yanında qaldığından müəllimin söylədiklərini eşitmir, bir şey anlamır.
Artıq səkkiz gündür ki, Ənvər dərsə getmir. Anasını itirdiyindən hər gün məzarı üstündə ağlayır, sonra bayğın hal keçirir. Müəllimə gəldikdə isə, Ənvər onu yalnız bir şagird kimi maraqlandırır. Əgər şagird verilən tapşırıqlara əməl etməyibsə, məlum səbəblər üzündən olsa belə, dərsə gəlməyibsə, müəllimin nəzərincə tənbehə layiqdir. Bəs bir insan, psixoloji-ruhi orqanizm olaraq Ənvəri duymaq, onun pərişan əhval-ruhiyyəsinə aşina olmaq, təsəlli etmək lazım deyilmi:
Sorar sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arxasınca onun:
“Aman, nasıl yaramaz? Bax bu həftə keçdi, dəxi
Nə bir xəbər, nə bir iz var. Demək, o, bir çapqın…”
Şair şeri ürək yaxan, qəlb titrədən aşağıdakı sonluqla bitirir:
Yarınkı gün o soluq çöhrə pürməlali-təb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanacaq
Müəllim əksi, çatıq üzlə püritabü-qəzəb
Görüncə Ənvəri qaldırdı:
– Ey, çocuq, mənə bax!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
– Əfəndim, şey…
– Ah, səni, yaramaz!
Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin…
Gözündə dalğalanır incə bir bahar buludu,
O, həp baxıb duruyor, yoxdur onda hiylə və suç…
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..” Sonra qəşş olub getdi,
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.
Göründüyü kimi, bu parçada təsvir olunan müəllim də, sinif də köhnə cəmiyyətin müəllimi, şagird kollektividir. Müsibətlərə düçar olmuş balaca Ənvərin dərdindən, ələmindən nə müəllimi, nə də şagird yoldaşları xəbər tutur. Heç kim səkkiz gün dərsə gəlməyən Ənvərlə maraqlanmır. Onu heç kəs duymur, üstəlik patriarxal rejimin sərt, kobud tərbiyə üsullarından əl çəkməyən müəllimin yaramaz hərəkətləri Ənvəri daha da sarsıdır. Bu cavablar, nalayiq sözlər, “toqatlar” məktəbli şagirdin ürəyinin dərinliklərindən gələn hıçqırıqlara, göz yaşlarına və nəhayət, “qəşş olub” getməsinə səbəb olur.
Hüseyn Cavidin bilavasitə məktəblə bağlı olan şeirləri içərisində “Qız məktəbində” adlı şeri də diqqəti cəlb edir. Şair Gülbahardan sorduğu suallara dəyərli və məntiqli cavablar alır. Şerin məzmunundan aydın olur ki, Gülbaharın atası bəyzadədir. Müəlliməsi tərəfindən Gülbahara elə fikir aşılanıb ki, qızcığazın heç bir varda, dövlətdə, qızılda gözü yoxdur. Gülbahar müəlliməsinin dediyi kimi, “bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti” sözlərini şüar tutaraq məhəbbətinin Allaha, onun göndərdiyi elçilərə, ata-anasına, müəlliməsinə və bütün insanlara olduğunu söyləyir:
Müəlliməm hər gün söylər: “Onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti”.
– Pək doğru söz. …Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisin?
– Ən çox sevdiyim ilkin –
O Allah ki, yeri, göyü, insanları xəlq eylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi elçilər.
– Başqa sevdiklərin nasıl, yoxmu?
– Var…
– Kimdir onlar?
– Anam, babam, müəlliməm, bir də bütün insanlar…
Şairin uşaq əsərlərinə xas olan xüsusiyyətlərdən biri də onun şeirlərinin konkretliyi, fikir aydınlığı ilə fərqlənməsidir. Cavidin yuxarıda adları qeyd olunan şeirləri məhz bu cəhətdən də səciyyəvidir. Bu şeirlərdə artıq ifadə və sözlərə rast gəlmirik, hər sözün öz yeri, öz mənası vardır. Şair həmişə lakonik şəkildə sözlə çox məna və fikir ifadə etməyə çalışır ki, bu da uşaqlar üçün yazılan əsərlərə verilən mühüm tələblərdəndir.
Hüseyn Cavid əsərlərində irəli sürdüyü ideyanı, elmi məlumatları, həyat hadisələrini elə maraqla, elə reallıqla ifadə edir ki, hər bir şagird, uşaq həmin məlumat və hadisələri aydın fəhm edə bilir. Nəticədə, o, düşünür, müqayisə edir, müstəqil mühakimə yürüdə bilir. Cavid əsərlərində əsas ideyanı – şagirdlərə aşılanacaq əxlaqi keyfiyyətləri daha təsirli çatdırmaq üçün həmişə mənfi və müsbət keyfiyyətləri (yaxşılıq-pislik, sadəlik-təkəbbürlülük, təvazökarlıq-lovğalıq, xeyirxahlıq-bədxahlıq, tənbəllik-işgüzarlıq) bir-biri ilə qarşılaşdırır. Bunlardan hansının yaxşı keyfiyyət və hansının pis sifət olduğu uşaqlara əsaslı sübutlarla izah edilir. Bu da əsərdə irəli sürülən tərbiyəvi ideyanın şüurlu şəkildə mənimsənilməsini təmin etməklə uşaqlarda müstəqilliyi, təşəbbüskarlığı və fikir fəallığını yüksəldir.
Qeyd etmək lazımdır ki, Hüseyn Cavidin uşaq şeirləri nəinki uşaqlar üçün tərbiyə məktəbidir, eyni zamanda yaşlı nəsli dərindən düşündürməyə sövq edən, onların əxlaqına, mənəviyyatına qida verən sənət nümunələridir. Heç təsadüfi deyildir ki, şair-müəllimin uşaq şeirləri dəfələrlə Abdulla Şaiqin hazırladığı milli uşaq dərsliklərində, o cümlədən “Türk çələngi”, “Qiraət kitabı”, “Türk ədəbiyyatı” kimi milli dərslik kitablarında nəşr edilmişdir.
Bütün bu deyilənlər gənc nəslin təlim və tərbiyəsində uşaq ədəbiyyatının əhəmiyyətini ədibin aydın dərk etdiyinə, bu ədəbiyyatın zənginləşdirilməsi üçün məhsuldar çalışdığına sübutdur.
Hüseyn Cavid gənc nəslin tərbiyə olunmasında uşaq ədəbiyyatına böyük əhəmiyyət vermiş, nəinki sözdə, hətta özünün əməli işlərində də uşaqlar üçün necə yazmağın lazım olduğunu əyani olaraq göstərmişdir. Görkəmli ədibin uşaq şeirləri təsadüfi söylənilmiş fikirlər yığını deyil, müntəzəm şəkildə şərh edilmiş pedaqoji ideyalar sistemidir. Həmin əsərlərin yazılmasında uşaq psixologiyasının xüsusiyyətləri nəzərə alınmışdır. Məlum olduğu kimi, XI sinif şagirdlərinin dərsliklərində Hüseyn Cavidin əsərləri tədris edilir. Arzu edərdik ki, ibtidai sinif şagirdlərinin də dərsliklərində böyük ideallar şairinin uşaq şeirləri öz əksini tapmış olsun.
Kamal CAMALOV
Naxçıvan Dövlət Universitetinin dosenti