XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropada yeni elm və təhsil ocaqları yaranmağa başladı. Azərbaycanda isə elmin və təhsilin ətalətdə olması bir sıra maarifçilər dəstəsinin (M.F.Axundzadə, H.Zərdabi, S.Ə.Şirvani, Ə.Hüseynzadə və başqalarının) böyük narahatlığına səbəb olmuşdu. “İlahi, bizim millətin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə belə gözübağlı, dililalmı qalacağız? Bu nə halətdir ki, düşmüşük? Bu nə yükdür ki, biz çəkiriz? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtara bilməyəcəyiz? Axı biz də insanıq”, – deyə fəryad qoparanlardan biri də maarifçi-pedaqoq Məhəmmədağa Şahtaxtlı idi.
Məhəmmədağa Şahtaxtlı təhsil və tərbiyə işinin cəmiyyətin həyatında, onun inkişafında mühüm əhəmiyyət daşıdığını deyirdi. Belə bir əhəmiyyətli işdə ömrünün sonuna qədər yorulmadan çalışan və mübarizə aparan Məhəmmədağa Şahtaxtlı rus, alman, ingilis, ərəb, türk və fars dillərində ədəbi, elmi, pedaqoji əsərlər yazmış, ömrünün 50 ildən çoxunu mətbuat, məktəb, maarif və əlifba məsələlərinə həsr etmişdir. O, istər təhsilin və elmin təşkilində, istərsə də elmi-pedaqoji fəaliyyətdə və zəngin elmi irsin yaradılmasında, xüsusilə təhsilin, pedaqoji prosesin, tərbiyənin elmi-metodik əsaslarla qurulmasında əhəmiyyətli işlər görmüşdür. M.Şahtaxtlının təhsillə bağlı ideyalarının əsasını təhsilin məzmununun elmlər kompleksini əks etdirməsi, verilən biliyin həyati faydalılığının olması, təhsilin dünya təcrübəsinə inteqrasiyası, öyrədənlərin milli və beynəlxalq səviyyədə hazırlığı tələbləri təşkil edir. İrəli sürülən bu tələblərə görə görkəmli pedaqoqun pedaqoji fikirlərini müasir günümüz üçün aktual hesab edə bilərik. Bu mənada Məhəmmədağa Şahtaxtlının fəaliyyəti pedaqoq, psixoloq, ədəbiyyatşünas və filosofların tədqiqat obyekti olmuşdur.
M.Şahtaxtlının tədris prosesində elmin bütün incəlik və sirlərinin əks olunması konsepsiyasına, bütövlükdə, ədəbi-elmi irsinə dövri mətbuatda Avropa və Amerika alimləri də biganə qalmamışlar. Belə ki, Şahtaxtlının fəlsəfi, siyasi və hüquqi görüşlərini əks etdirən təhlil xarakterli əsərləri dünya elmində böyük müzakirə və mübahisələrə səbəb olmuşdur. Fransız alimi Lüsyen Büva “Məhəmmədağa Şahtaxtinski” əsərində və ya “Azərbaycan türklərində bir ədəbi və siyasi qəzet” adlı məqaləsində Məhəmmədağa Şahtaxtlını öz ölkəsinin “yaxın dostu, müsəlman dünyasının bütün ümidlərini doğruldacaq bir şəxs” kimi dəyərləndirmişdir. Lüsyen Büva “Şərqi-Rus” qəzetinin də nəşrini ümummilli xidmət səviyyəsində dəyərləndirərək yazmışdır: “Aləmi-mədəniyyət Məhəmmədağanın bu həmiyyətli iqdamı üçün ona minnətdar olmalıdır”.
Məhəmmədağa Şahtaxtlı fəaliyyətinin ayrı-ayrı dövrlərində elmi, tənqidi və publisistik əsərlərində liberal millətçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din, şəriət məsələləri və sair haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürmüşdür. Təbii ki, bu kimi fikirlərini redaktoru olduğu “Şərqi-Rus” qəzetində daha çox işıqlandırmışdır.
Ensiklopedik alim Məhəmmədağa Şahtaxtlı xalqının maariflənməsi üçün ilk dəfə 1898-ci ildə Azərbaycan dilində “Tiflis” adlı qəzet çıxarmağa cəhd göstərmişdir. Lakin çar senzurası buna icazə vermədiyi üçün Şahtaxtlı yenidən Avropaya qayıtmış, 1902-ci ilədək Parisdə yaşamış, Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində Şərq dillərindən dərs demişdir. “Sükutla qəzetçilik olmaz. Qəzetçi danışmalı və hər şeydən danışmalıdır”, – deyən M.Şahtaxtlı ikinci dəfə “Şərqi-Rus” adında qəzet nəşrinə cəhd göstərir və çətinliklə də olsa, məqsədinə çatır. Bundan sonra o, Cəlil Məmmədquluzadənin də qeyd etdiyi kimi, “atadan qalma mülkünün öz hissəsini satıb” həmin vəsaiti Tiflisdə “mətbəə sazlamağa” sərf edir və “Şərqi-Rus” qəzeti qeyri mətbəələrdə yox, yalnız öz məxsusi mətbəəsində çap olunur.
Böyük zəhmətlərdən sonra ictimai-siyasi, iqtisadi, elmi və ədəbi bölmələrlə 3 dildə (türk, rus və fars) dərc olunan “Şərqi-Rus” qəzetinin ilk nömrəsi 1903-cü il martın 30-da, sonuncu nömrəsi isə 1905-ci il yanvarın 15-də (cəmi 392 nömrə; son 45 nömrənin redaktoru C.Məmmədquluzadə olmuşdur) çap edilir. 1903-cü il mart ayının 30-dan həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri, 1904-cü il iyunun 8-dən isə hər gün buraxılan “ Şərqi-Rus” qəzetinin amalı akademik İsa Həbibbəylinin sözləri ilə desək, “Azərbaycan xalqını dünyanın mədəni millətləri cərgəsinə çıxarmaqdan ibarət idi”. Ancaq o dövrün ictimai-siyasi vəziyyətinə nəzər saldıqda görürük ki, azad və demokratik mətbuatdan söhbət belə, gedə bilməzdi. Yalnız mövcud rejimin ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Dövrünün eybəcərliklərinə cəsarətlə qarşı çıxan “Şərqi-Rus” cəmi 1 il 10 ay fəaliyyət göstərə bildi. “Şərqi-Rus”un bağlanmasının əsas səbəblərindən biri M.Şahtaxtlının ehtiyatsız, “təcrübəsiz” hərəkətləri oldu. “Zaqafqazye” qəzetinin 1906-cı il 1 dekabr tarixli nömrəsində yazılırdı ki, Şahtaxtlı “ciddi səhvə yol verdi və öz qəzeti vasitəsi ilə tərtib etdiyi yeni əlifbanı yaymağa çalışdı. O, bununla özünə və qəzetinə qarşı ümumi narazılıq oyatdı”. Bu da “Şərqi-Rus”un süqutu ilə nəticələndi. Qəzetin necə ağır, çətin bir şəraitdə dərcinin təəssüratlarını mətbuat aləminə “Şərqi-Rus” qəzeti ilə gəlmiş Mirzə Cəlilin xatirələrindən daha yaxşı görmək olur. Mirzə Cəlil yazır: “Şərqi-Rus” qəzetinin məsləkinə gəldikdə onu deyə bilərəm ki, məlum bir şeydir, o əsrdə və o şərait içində heç bir kəsin cürəti ola bilməzdi ki, qələmi ilə azad olsun və əsrin hökumətinin istibdadı ilə mübarizə aparsın; yaxud ehtiyatla da olmuş olsa, hökumət ilə oppozisiyada (müxalifətdə – K.C) ola bilsin. ...Məhəmmədağanın, xah onun biz tək qələm köməkçilərinin məsləki və ideyası məhz müsəlman camaatını maarif və mədəniyyətə təklif və tərğib eləməkdən başqa bir şey ola bilməzdi. Hətta dini mövhumat barəsində söz danışmaq belə mümkün deyildi. Hətta yadımdadır ki, müsəlman arvadlarına savadın və təhsilin lüzumu barəsində Məhəmmədağa tərəfindən qəzetdə yazılmış bir məqalədə “qadın azadlığı” kimi iki kəlmənin üstdə müsəlmanlar içində böyük danışıq törədi. O ki qaldı siyasi məsələlər, bu barədə dilim lal olsun: həmin əsrin senzorunun tələbatı o qədər səxt (ağır – K.C) idi ki, siyasət nədir ki, siyasətin qorxusundan “s” hərfini yazmağa cürət eləməzdik...”
XX əsrin ilk Azərbaycan qəzeti sayılan və C.Məmmədquluzadə ilə yanaşı, M.S.Ordubadinin, H.Cavidin mətbuata gəlişinin ilk qaranquşu olmuş “Şərqi-Rus” qəzetinin qarşısına qoyduğu məqsədini, məramını M.Şahtaxtlı belə açıqlayır: “Məsləkimizi hər kəs bilir: millətimizin mədəniyyətinə xidmətdir... Bir millətin, həqiqətən, təməddün edə bilməsi üçün ümdə şərt odur ki, ümumə aid məsələlərdə hər fikirlərini, rəy və əqidəsini kamali-azadlıq və hürriyyətlə bəyan edə bilsin. Bu azadlıqdan türk qövmini müstəfid etməkdən ötrü “Şərqi-Rus” meydana çıxmışdır... “Şərqi-Rus” açdığı yolunda davam edəcək kamali-qeyrət və istiqamət, şövq və zövqlə türk cinsinin mədəniyyətinə, səadətinə, şan və şərəfinə xidmət edəcək”.
Qəzetin məqsədini və məramını görkəmli müəllim-pedaqoq F.Köçərli də dəyərləndirərək yazır ki, M.Şahtaxtlı “gözəl və nəsihətamiz sözləri, hüsni rəyləri və etiqadları... kamali-məmnuniyyətlə qəbul” edirdi.
Qəzetin rolundan və əhəmiyyətindən bəhs edən M.Şahtaxtlı qeyd edir ki, qəzet mühüm milli qüvvələrdən biridir. Qəzet də bir məktəb rolunu oynayır. Millət qəzet vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olur. Qəzeti hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə də faydalı məlumat əldə edə bilməz. Bu mənada qəzet mütləq və müstəqil iqtidarlardan üstündür. O görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və zəkasını zənginləşdirir, eyibləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır. M.Şahtaxtlı qəzet haqqındakı düşüncələrini aşağıdakı sözlərlə ümumiləşdirir: “Qəzet aləmin güzgüsüdür, qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, məmləkətin hamisi, vəkili, advokatıdır”.
“Şərqi-Rus” qəzetinin işıq üzü görməsi bir çox qabaqcıl maarifçiləri (Məhəmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə və başqaları) sevindirsə də, bir çoxlarının qısqanclığına səbəb olmuşdur. Hətta “Kaspi” qəzetinin əməkdaşları yazılarında Şahtaxtlıya hücumlar etmişlər. Görkəmli maarifçi-alim və publisist M.Şahtaxtlı bütün bunlara rəğmən yazır ki, bir zaman gələr, gələcək nəsil “Şərqi-Rus”a qarşı yönəldilən iftira dolu sözlərə özü qiymət verər və hər şey meydana çıxar.
Hələ 1902-ci ildə M.Şahtaxtlının senzuraya ərizəylə müraciət etməsi xəbərini eşidən Azərbaycanda maarif və məktəbşünaslığın əsasını qoyanlardan biri kimi tanıdığımız Məhəmməd Tağı Sidqinin M.Şahtaxtlıya ünvanladığı məktublarından birində oxuyuruq: “Ey mənim maarifpərvərim! Sənə canımı qurban etsəm, rəvadır. Bu xoş xəbər mənim canımın dərmanıdır... Hər an sizdən bu xoş xəbəri eşitmək istəyirdim. ...Həqiqətən, bu xoş xəbər bütün elm və mədəniyyət xadimlərinə, xüsusilə bu vilayətin bütün elm sahiblərinə yeni bir ruh və sevinc bəxş etdi. İnsana belə gəlir ki, guya Şərqdə yeni Günəş doğdu və ulduzlar parladı. Həqiqətən, dillə və qələmlə həmin sevgini bəyan etmək və yazmaq mümkün deyil. Mən həddən ziyadə sevindim və şad oldum... İndi mən səni səmimi-qəlbdən təbrik edib, xoş arzularımı çatdırıram”.
Məhəmmədağa Şahtaxtlının maarifçilik ideyaları: Şərq və Qərb təfəkkürünün sintezi ilə ümumiləşdirmələrdən yarandığına və bu umumiləşmədən Azərbaycan xalqının mentalitetinə uyğun təhsil proqramı müəyyənləşdirə bildiyinə görə bəşəridir; millətinin başını uca etdiyinə görə millidir; humanist məqsədlər güddüyünə görə humanistdir – buna görə bütün zaman və dövrlər üçün müasirdir. Bu gün istər pedaqoji anlayışların şərhi, istərsə də təlim və təhsil prosesinin təşkili ilə bağlı hər hansı bir problemin həllinə başlasaq, bu problemlərin həlli yollarını publisist, şərqşünas, dilçi və ictimai xadim Məhəmmədağa Şahtaxtlı irsində və ya Məhəmmədağa Şahtaxtlının maarifçi təlimində tapa bilərik.
Kamal CAMALOV
Naxçıvan Dövlət Universitetinin dosenti