Ulu öndər Heydər ƏLİYЕV: Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olmuş və tarix səhnəsindən birdəfəlik silinmişlər. Hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir.
Bəs milli dəyərlər deyəndə nə başa düşülməlidir? Milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, folklorumuz: hansı ki bura bizim yaddaşımız – fərd yaddaşı, etnos yaddaşı, millət, xalq yaddaşı daxildir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir.
Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milli dəyərlərimizə, soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu sahəni diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın milli oyanışının əsası qoyulmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin elan edilməsindən sonra milli dəyərlərimiz, adət-ənənələrimiz keçmişin qalığı kimi qiymətləndirilərək yasaq olunmuşdu. Milli dəyərlərimiz haqqında düşünənlər, milli ruhu və dəyərləri qoruyub saxlamaq istəyən ziyalılar xalq düşməni adı altında məhv edilmişdir. Doğma dilimiz olan Azərbaycan dili 1978-ci ilə kimi dövlət dili statusu almamışdır. Tariximizi təhrif edərək xalqımızı öz soykökündən ayırmağa çalışmışlar.
1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsi ilə bu sahədə böyük tarixi dönüş baş vermişdir. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu yeniliklər, dəyişikliklər başlanmışdır. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış edən ulu öndər Heydər Əliyev 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu almasına nail olmuşdur.
Ümummilli liderimizin siyasi fəaliyyətinin 1969-1982-ci illərini öyrəndikcə görürük ki, ulu öndər dilimizə, tariximizə, mədəniyyətimizə, musiqimizə, ədəbiyyatımıza məhz dövlətçilik mənafeləri baxımından yanaşmışdır. Ümumiyyətlə, xalqımızın böyük oğlu Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə məqsəd və məramı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etdirməklə, xalqın milli dirçəlişi, milli şüurunun oyanışı ilə müstəqil dövlətimizi yaratmaq olmuşdur.
Ulu öndərimiz sovet dövründə olduğu kimi, Azərbaycanın müstəqilliyi illərində də milli dəyərlərimizə sahib çıxmışdır. Xalqımızın milli dəyərlərinin, adət-ənənələrinin təbliği, tarixi-memarlıq abidələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi şəxsiyyətin milli dəyərlərə sədaqətinin göstəricisidir. Milli bayramımız olan Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi də milli dəyərlərimizin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasındadır. Qeyd edək ki, xalqımızın böyük oğlu Heydər Əliyevin qətiyyəti, cəsarəti nəticəsində Novruz bayramı hələ Sovetlər Birliyi dövründə ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunmuşdur. Ötən əsrin 70-80-ci illərində Novruz bayramının təntənəli şəkildə keçirilməsi milli dəyərlərin qorunması, milli yaddaşın bərpası baxımından çox mühüm əhəmiyyət daşıyırdı.
Ümummilli lider Heydər Əliyev milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və idealı olmuşdur. Bu gün biz müstəqil dövlətimizdə milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Milli dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ona görə də dahi rəhbər mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Ümummilli liderin fikrincə, milli dəyərlər milliliyini özündə saxlayaraq məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir.
Bu baxımdan dahi şəxsiyyət Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycan xalqının milli mədəniyyətinin və dəyərlərinin gələcək inkişafı baxımından böyük perspektivləri vardır. Belə perspektivlərin mövcudluğu bir sıra səbəblərlə izah oluna bilər. Azərbaycan milli mədəniyyətində, milli-əxlaqi dəyərlərində tarixiliklə müasirlik sistemli şəkildə əks olunur. Bu sistemli yanaşma milli dəyərlərin inkişafına daim təkan verir, keçmişin nailiyyətlərindən bəhrələnib gələcəyə doğru irəliləmək prinsipinə xidmət edir.
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və deyirdi ki, bunları qoruyub-saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Ulu öndər deyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunmasının və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
Heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması, onun həyata keçirilməsi sahəsində ulu öndərimiz Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın milli tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Ulu öndər hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi.
Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Milli dəyərlərimizə dərindən bələd olan ümummilli lider xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi varisi kimi milli dəyərlərə dövlət səviyyəsində diqqət və qayğı göstərir. Hər bir məsələdə ulu öndərin ideyalarını meyar kimi görən ölkə başçısının milli dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilmişdir. Ölkə başçısı xalqımızın milli dəyərlərinin təbliğinə, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının, hər şeydən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. “Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir” prinsipi əsas götürülür. Prezident İlham Əliyevin milli ideologiyaya dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Bu yolda Heydər Əliyev Fondunun milli dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətindəki geniş fəaliyyətini xalqımız böyük minnətdarlıqla qarşılayır.
Ulu öndərimizin milli dəyərlərin yaşadılması istiqamətindəki siyasi fəaliyyəti hər zaman aktualdır və bu siyasət Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biridir. Bu siyasət Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafına öz layiqli töhfələrini vermiş muxtar respublikamızda milli dəyərlərə böyük diqqət, qayğı və hörmət göstərilir. 1995-ci ildən bu günə kimi muxtar respublikamızda milli dəyərlərimizin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin, adət-ənənələrimizin qorunması, zənginləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət böyük nailiyyətlərin qazanılmasına şərait yaratmışdır.
Müasir dövrdə şəxsiyyətin formalaşmasında milli dəyərlərin təsirini gücləndirmək işində keçmiş tarixi ənənələrə və milli dəyərlərə qayğı ilə yanaşmaq, eyni zamanda müasir dünyada gedən qloballaşma proseslərinin yaratdığı ümumbəşəri dəyərlərin müsbət tərəflərini əxz etmək çox vacib şərtdir. Bu reallığın düzgün qiymətləndirildiyi Naxçıvan Muxtar Respublikasında milli dəyərlərin qorunması və inkişafı daim diqqət mərkəzində saxlanılır. 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunması həm də Heydər Əliyev yoluna sədaqətin ifadəsidir.
Məmməd RZAYEV
fəlsəfə elmləri doktoru, professor