26 Dekabr 2024, Cümə axşamı

Xalqımızın malik olduğu qədim sənət növləri içərisində xəttatlığın özünəməxsus yeri vardır. Sənət kimi formalaşması X-XII əsrlərə təsadüf edən xəttatlıq Şərq aləmində, o cümlədən ölkəmizdə orta əsrlərdə meydana gəlmiş, əsrlər boyu müxtəlif mərhələlər keçmişdir. İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı sənəti incəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olmuşdur. İslam dünyasının mədəni dəyərlərini özündə əks etdirən xəttatlıq hazırda İslamın simvolu kimi qəbul edilir. Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanmışdır. Allahın kəlamına duyulan hörmət və “Quran”ı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarmış, buna bağlı olaraq təzhib, əbru və cild sənətləri yaranmış, hətta kağızçılıq, mürəkkəbçilik belə, bir sənət qolu halına gəlmişdir.

Xəttatlıq zaman keçdikcə İslamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdir. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi.
Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə çevrilməklə savadlılıq dərəcəsinin göstəricisi kimi məşhurlaşmışdır. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. Xəttatlıqdan əvvəllər daha çox kitab yazılmasında istifadə olunmuş, sonralar isə bu sənətdən memarlıqda istifadə edilməyə başlanmışdır. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi və bu kimi digər istedadlı xəttatlar bu sənətin inkişafında xüsusi rol oynamışlar.

Xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılmışdır. Oxuculara bəzi xətt növləri haqqında ətraflı məlumat vermək üçün AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazova müraciət etdik. O, bizə xəttatlıq sənətinin qədim növlərindən olan və muxtar respublikamızın tarixi abidələri üzərində daha çox rast gəlinən kufi, nəsx, süls, şikəstə və nəstəliq xətləri haqqında məlumat verdi.
Kufi xətti İraqın indiki Kufə şəhərində yayılmışdır. Bu səbəbdən də sonralar bu xətt “Kufi” adlandırılmışdır. Əsasən, düz və sınıq cizgilərdən ibarət olan kufi xətti əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşmişdir. X əsrədək həm epiqrafikada, həm də paleoqrafiyada geniş tətbiq olunmuşdur. Kufi xəttinin özünün 4 əsas növü vardır: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. İlk “Quran” nüsxələri də məhz kufi xətti ilə yazılmışdır. Əcəmi xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə bu xətt növləri daha çox müşahidə olunur. Bunun bariz nümunəsini Möminə xatın türbəsinin giriş qapısında dəqiqliklə görmək mümkündür.
Nəsx xətti XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra ibn Muğlə Şirazi tərəfindən ixtira edilmiş və bu ad ona özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün verilmişdir. Digər xətlərlə müqayisədə nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx xətti meydana gəldiyi ilk gündən bədii və elmi əsərlərin yazılışında, üzünün köçürülməsində və dəftərxana işlərində geniş istifadə olunmağa başlanmışdır.
Mədəniyyətlərin beşiyi olan Naxçıvan ərazisindəki daş kitabələrdə və yaxud əlyazmalarda bu xəttə daha çox rast gəlmək olur.
Süls xəttinin lüğəvi mənası “üçdə bir” deməkdir. Ərəb əlifbasında yazılan klassik xətt növlərindən olan süls xətti X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən ixtira olunmuşdur. Bu xətt növündə hərflərin üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu “xətlərin anası” adlandırmışlar. Xəttatlar belə hesab etmişlər ki, süls xətti ilə yaza bilən bir şəxs çox asanlıqla ruqə, tərfi, müsəlsəl və nəsx kimi xətlərlə də yaza bilər. Çünki süls xətti digər xətlərə mükəmməl yiyələnmək, möhkəm əl və böyük məharət tələb edir.
Şikəstə xətti XII əsrdə nəsx xətti əsasında yaradılmış, əsasən, sınıq xətlərdən ibarət olduğuna görə ona belə bir ad verilmişdir. Təsadüfi deyil ki, “şikəstə” sözünün mənası da “sınıq” deməkdir. Şikəstə xətt növündə ikişəkilli hərflər kimi hərflər özündən sonrakı hərflərə də birləşdirilir. Digər xətlərlə müqayisədə şikəstə xətti ilə yazmaq daha tez mümkündür.
Nəstəliq xətti XIV əsrin sonlarında məşhur xəttat Mir Əli Təbrizi tərəfindən nəsx və təliq xətlərinin əlaqələndirilıməsi nəticəsində yaradılmış, XV-XVI əsrlərdə Yaxın Şərqdə, Azərbaycanda və Naxçıvanda geniş yayılmışdır. Bu xətt növü, əsasən, əlyazma kitablarının üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüşdən, bürüncdən, saxsıdan hazırlanan qabların və bəzək əşyalarının bəzədilməsində daha çox istifadə edilmişdir. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanılan əlyazmalarda və Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunan bir ədəd kəşkülün üzərində həkk olunan xətt nümunələri nəstəliq xəttinə aiddir.
Naxçıvan şəhərində indiyədək qalan epiqrafik abidələr təsdiq edir ki, XVII-XVIII əsrlərdə kitabələrin yazılmasında bu xətdən daha geniş istifadə olunmuşdur.
Sadalanan xətt növlərindən hər biri orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz iz buraxmış Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı memarlıq nümunələrində xüsusilə nəzərə çarpır. Naxçıvanda və ona yaxın ərazidə tikilən bir neçə abidədə Əcəmiyə xas olan xəttatlıq üsullarının bu və ya başqa şəkildə təzahürü Əcəmi məktəbində istifadə edilən xətt növlərinin hər zaman geniş şəkildə tətbiq olunduğunun əyani sübutudur.
Bəli, vaxtilə vətənimizdə geniş vüsət alan və olduqca məşhur olan bu qədim sənət sonralar çap üsulunun meydana çıxması ilə sıradan çıxmışdır. Lakin buna baxmayaraq, Azərbaycan xəttatlarının xəttatlıq nümunələri gələcək nəsillər üçün bu gün də qorunur, onlar üzərində tədqiqatlar aparılır.


Günay XƏLİLBƏYLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR