2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunması ilə əlaqədar ötən dövr ərzində muxtar respublikamızın hər yerində olduğu kimi, Babək rayonunda da milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Dekabrın 18-də Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində “Milli dəyərlər ili”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə xalq sənəti, milli musiqi və mətbəx nümunələrindən, “Milli dəyərlər ili”nə həsr olunmuş kitab, jurnal və qəzetlərdən ibarət sərgiyə baxmışlar. Sərgidə istedadlı qadınların əl işlərinə də geniş yer verilmişdir. Sərgilənən əsərlərdə istər xalqımızın şərəfli qədim keçmişinə və zəngin mifologiyasına, istərsə də çağdaş mövzulara həssaslıqla toxunulmuşdur. Əsərlərdə tarixi-memarlıq abidələrimizin, qədim qalalarımızın təsviri, toxuma və tikmə işlərində üslub və rəng əlvanlığının zənginliyi, xalqımızın toy və digər mərasimlərində icra olunan adət-ənənələrimizin sənət əsərlərində əks etdirilməsi ustalıqla işlənmiş, milli keyfiyyətlərə üstünlük verilmişdir.
Akt zalında davam etdirilən tədbirdə çıxış edən Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva qeyd etmişdir ki, xalqımızın yaratdığı milli dəyərlər bizim ən qiymətli sərvətimizdir. Bu dəyərlər xalqımızın tarixini, dilini, adət-ənənələrini, ədəbiyyat və incəsənətini yaşadaraq bu günümüzə gətirib çıxarmışdır. 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan edilməsi Vətən sevgisi, torpağa məhəbbət hisslərindən, milli dəyərlərə qırılmaz tellərlə bağlılıqdan qaynaqlanır. Bildirilmişdir ki, bu il Babək rayonunda çoxəsrlik milli dəyərlərimiz olan folklor və muğam ənənələrinin qorunub saxlanması, yaşadılması və təbliğ edilməsi, eyni zamanda ifaçıların və kollektivlərin yaradıcılığının inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.
Sonra Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən “Muğam” ansamblının konserti olmuşdur. Qeyd edək ki, ansamblın bədii rəhbəri Aydın Məmmədlidir. “Milli dəyərlərimiz–milli sərvətimiz” folklor və muğam müsabiqəsinin qalibləri Lamiyə Həsənovanın və Nübar Qəmbərlinin, Prezident mükafatçısı Zülfüqar Mahmudovun ifaları alqışlarla qarşılanmış, tamaşaçılarda zəngin təəssürat yaratmışdır.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev tədbirdə iştirak etmişlər.
Sara ƏZİMOVA