Hər il Türkiyə Cümhuriyyətinin Konya şəhərində XIII əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir-şair, filosof Mövlana Cəlaləddin Ruminin anım günü mərasimləri keçirilir. Bu il dekabr ayının 7-dən başlayaraq on gün davam edən növbəti, 739-cu Mövlana anım mərasimləri və mədəniyyət günləri tədbirlərində AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev də iştirak edib.
Mədəniyyət günləri çərçivəsində klassik musiqi, xalq rəqsləri gecəsi, teatr tamaşaları ilə yanaşı, bir neçə mövzuda elmi konfrans və simpoziumlar da təşkil edilib. Bu konfranslardan ”Vəfatının 700-cü ilində Sultan Vələd”, “Mövlananın dünyada yansımaları”, ”Mövlana Cəlaləddin Ruminin təlimində təbiət və çevrə”, “Mövlana və Osmanlının estetik dünyası” mövzularında keçirilən elmi məclislər yaddaqalan olub.
Həmyerlimiz “Mövlananın dünyada yansımaları” konfransı çərçivəsində “Mövlana irsinin Azərbaycanda öyrənilməsi və nəşri” mövzusunda məruzə edib. Məruzəçi çıxışında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında ortaq mədəni-mənəvi dəyərlərimizin qorunması və inkişafına böyük qayğı göstərildiyindən, bu çərçivədə muxtar respublika rəhbərinin bilavasitə təşəbbüsü və dəstəyi ilə Mövlananın “Məsnəvi”sinin tərcümə edilərək Naxçıvanda işıq üzü görməsindən və “Məsnəvi”nin tərcümə məsələlərindən danışıb. Alimin məruzəsi maraqla qarşılanıb.
Xəbərlər şöbəsi