Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində 2012-ci ildə görülən işlərin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə dair iclas keçirilmişdir.
İclası Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən il Arxiv İdarəsi tərəfindən Culfa, Babək, Kəngərli və Şahbuz Rayon Dövlət arxivlərində kompleks yoxlamalar aparılmış, vətəndaşlar tərəfindən daxil olan ərizə və sorğulara verilmiş arxiv arayışları analiz edilmişdir. Bundan başqa, rayon dövlət arxivlərində mühafizə olunan dövlət sənədlərinin bərpa edilməsi, uçot və kargüzarlıq işlərinin, habelə sənədlərin idarə, müəssisə və təşkilatlardan qəbulu işlərinin düzgün aparılması üçün rayon dövlət arxivlərinə metodik köməklik edilmiş, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazımi tədbirlər görülmüşdür.
İdarə rəisi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi və Dövlət Arxivinin binasında əsaslı yenidənqurma işləri aparılmış, yeni mühafizə avadanlıqları qurularaq 2012-ci ilin sentyabr ayında arxiv işçilərinin ixtiyarına verilmişdir.
Sonra məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Mirəli Seyidov, Şərur Rayon Dövlət Arxivinin müdiri Ədalət İmanov, Babək Rayon Dövlət Arxivinin müdiri Vilayət Qasımov, Kəngərli Rayon Dövlət Arxivinin müdiri İdris İbrahimov və Culfa Rayon Dövlət Arxivinin müdiri Fatma Abbasova çıxış etmişlər.
İclasa Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Fəxrəddin Cəfərov yekun vurmuşdur.
Xəbərlər şöbəsi