Naxçıvan Mətbuat Şurası tərəfindən elan edilmiş “Milli dəyərlərimizi qoruyaq və yaşadaq” mövzusundakı müsabiqənin qalibləri mükafatlandırılıblar.
“Şərq qapısı” qəzeti redaksiyasının akt zalında keçirilən tədbirdə çıxış edən Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov bildirib ki, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunub. Ötən dövr ərzində milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülüb. Bu işlər sırasında Naxçıvan Mətbuat Şurası tərəfindən elan edilmiş “Milli dəyərlərimizi qoruyaq və yaşadaq” mövzusundakı müsabiqə də mühüm rol oynayır. İyul ayının 20-dən sentyabr ayının 20-dək davam edən müsabiqəyə muxtar respublikamızın kütləvi informasiya vasitələrinin əməkdaşları mövzu ilə bağlı bir sıra məqalələr və tele-radio verilişləri təqdim ediblər. Müsabiqənin şərtlərinə əsasən, araşdırma xarakterli materiallara üstünlük verilib.
Sonra müsabiqənin qaliblərinə – “Unudulmuş “Sarı gəlin” yallısı” məqaləsi ilə birinci yeri tutmuş “Şərq qapısı” qəzetinin əməkdaşı Sara Əzimovaya, “Sənət inciləri” televiziya verilişi ilə ikinci yeri tutmuş Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı İradə Quliyevaya və “Milli varlığımızı möhürləyən dəyər – Azərbaycan dili” yazısı ilə üçüncü yeri tutmuş “Arazın səsi” qəzetinin əməkdaşı Gülzadə İsmayılovaya diplom və pul mükafatları təqdim edilib. Müsabiqədə fərqləndiklərinə görə “Yeni həyat” qəzetinin əməkdaşı Zülfiyyə İsmayıl və “Naxçıvanın səsi” radiosunun əməkdaşı Səadət Talıbova Mətbuat Şurasının fəxri fərmanlarına layiq görülüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sahil Tahirli, Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Tural Səfərov qalibləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə gələcəkdə də belə müsabiqələrin keçirilməsinin vacibliyi vurğulanıb.
Xəbərlər şöbəsi