Xəbər verdiyimiz kimi, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi TÜRKSOY (Türk Kültür və Sanatları Ortaq Yönetimi) səviyyəsində Türkiyə Respublikasının paytaxtı Ankarada və ölkənin ən böyük şəhəri İstanbulda geniş qeyd olunmuşdur. Yubiley tədbirlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Hüseyn Cavidin “İblis” pyesi əsasında hazırlanmış eyniadlı tamaşası teatrsevərlərə təqdim edilmişdir. Bu günlərdə TÜRKSOY-un baş katibi Düsen Kaseinovun adından Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə məktub daxil olmuşdur. Məktubda deyilir:
“Beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY-un baş katibliyi aşağıdakıları bildirməkdən şərəf duyur.
Azərbaycanın görkəmli şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə 2012-ci ilin 24 dekabr tarixində Ankarada və 26 dekabr tarixində İstanbulda beynəlxalq TÜRKSOY təşkilatı tərəfindən təşkil olunan anma toplantıları və Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən “İblis” tamaşasının göstərilməsi böyük rəğbətlə qarşılanmışdır.
Bu önəmli təntənələrdə iştirakınızla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivinə dərin təşəkkürümü bildirirəm”.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti