Naxçıvan Müəllimlər İnstitutunda görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli bildirmişdir ki, Mirzə Fətəli Axundzadə həyatını xalqının maariflənməsinə həsr edən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olmuşdur. Onun fəlsəfi məzmunlu bədii əsərləri, tənqidi məqalələri dünyanın bir çox dillərinə tərcümə edilmiş və böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanmışdır. Kəşməkəşli Tiflis həyatı, canişinlikdəki fəaliyyəti, dövrünün ictimai-siyasi hadisələri onun ədəbi-bədii yaradıcılığı üçün mənbə rolu oynamışdır. Bunun nəticəsidir ki, onun yaradıcılığında həyat həqiqətlərinin bədii inikası real surətdə öz əksini tapmışdır.
İnstitutun Dillər və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı”, tədris işləri üzrə prorektor, filologiya elmləri doktoru Akif İmanlı “Mirzə Fətəli Axundzadənin maarifçilik ideyaları” mövzularında məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bildirilmişdir ki, ədib yaradıcılığa “Şəbuhi” təxəllüsü ilə yazdığı şeirlə başlamışdır. Lakin M.F.Axundzadə ədəbiyyatımıza dramaturgiyanın və povest janrının banisi kimi daxil olmuşdur. Onun dramatik növdə yazdığı əsərləri o dövrün cəhalət pərdəsini cəsarətlə dağıdan ədəbi nümunələrdəndir. Axundzadə yaradıcılığı təkcə Azərbaycanın deyil, ümumilikdə, müsəlman Şərqinin maariflənməsinə, dini mövhumatın və fanatikliyin aradan qaldırılmasına xidmət edir.
Elmi-praktik konfransa Oruc Həsənli yekun vurmuşdur.
Naxçıvan Müəllimlər
İnstitutunun mətbuat xidməti