Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tanınmış şair, dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixdə imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin müəyyənləşdirilməsi və müxtəlif səpgili yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar Naxçıvan Dövlət Universitetində iclas keçirilib.
İclası giriş sözü ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli İ.Səfərlinin həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, İslam Səfərli 12 fevral 1923-cü ildə Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 nömrəli məktəbi bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib. Müharibə mövzusundakı şeir və poemalarında həmvətənlərimizin alman faşizminə qarşı mübarizədə göstərdiyi şücaəti təsirli poetik lövhələrlə vəsf edib.
İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və sair əsərləri müxtəlif vaxtlarda tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb. Oçerk, novella, libretto və kinossenari müəllifi kimi də tanınan İslam Səfərli məşhur sənətkarların əsərlərindən uğurlu tərcümələr edib. “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı?”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və sair bu kimi onlarla şeirlərinə bəstələnmiş mahnıların dillər əzbəri olduğunu vurğulayan İsa Həbibbəyli şairin Azərbaycanın dahi mütəfəkkiri Nəsirəddin Tusinin nəslindən olduğunu xatırladıb.
Sonra şairin yubileyi ilə bağlı universitetdə keçirilməsi nəzərdə tutulan elmi konfransın təşkili, bu istiqamətdə müxtəlif elmi nəşrlərin, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. İslam Səfərli irsinin tədqiqi və təbliği məqsədilə şairin həyat və yaradıcılığı ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların vacibliyi vurğulanıb.
Səadət ƏLİYEVA