XIX yüzilliyin ikinci yarısından etibarən Naxçıvanın mədəni-maarif və ədəbi mühitində də böyük canlanma müşahidə olunurdu. Ötən dövrdə Naxçıvanda nəinki Şərq, hətta rus və Qərbi Avropa ədəbiyyatının təbliği və öyrənilməsi diqqətimizi çəkir. İlk dəfə yuxarıda adları keçən mövzuya müraciət edən görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədov “Yazıçılar, talelər, əsərlər” (Bakı, 1978) kitabında yazır: “... Bu qəzetdə (1884, №29) N.A.Nekrasovla əlaqədar olaraq bir materiala rast gəlirik. Həcmcə çox da böyük olmayan bu material iki hissədən ibarətdir. Şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş Gülməhəmməd bəy Kəngərli redaksiyaya müraciət edərək Nekrasovun “Əxlaqlı adam” əsərinin bir parçasını Azərbaycan dilinə tərcümə etdiyini bildirir və onu qəzetdə buraxmağı xahiş edir”.
Burada söhbət “Kəşkül” qəzetindən gedir. “Kəşkül” qəzeti 1883-cü ildən 1891-ci ilə qədər Tiflisdə nəşr olunmuşdur.
“Əxlaqlı adam” şeri rus şairi N.A.Nekrasova məxsusdur. Əsər üçhissəli olsa da, tərcüməçi redaksiyaya birinci hissəni çap olunmaq üçün göndərib. Yazılanlardan məlum olur ki, tərcüməçi G.Kəngərli əsərin hamısını tərcümə edibmiş.
Daha sonra tədqiqatçı alim Ə.Mirəhmədov maraqlı bir məsələni də qeyd edir: “Tərcüməçinin qısa giriş məqaləsi xüsusilə maraqlıdır. Burada XIX əsr Azərbaycan poeziyasının inkişafı haqqında qiymətli fikirlər yürüdülür. Bəzi Azərbaycan şairlərini ideyasızlıq və formalizmdə, “gülə və bülbülə” aludəçilikdə günahlandıraraq Kəngərli sübut etməyə çalışır ki, Azərbaycan poeziyasının daha da inkişaf etməsi üçün rus və Avropa şairlərinin əsərlərinin tərcüməsini çoxaltmaq zəruridir. Çünki onların əsərlərində yüksək əxlaq və ibrətamiz hikmət vardır”.
Bizcə, artıq şərhə ehtiyac yoxdur. Rus şairi N.A.Nekrasovu məşhur şair adlandıran G.Kəngərli, sadəcə, ədəbiyyat həvəskarı ola bilməzdi. Çünki onun tərcümə etdiyi şerə Ə.Mirəhmədov yüksək qiymət verir: “Tərcümənin müsbət cəhətlərindən biri də odur ki, Kəngərli tərcümədə Nekrasov şerinin həm məna və məzmununu, həm də kompozisiyasını saxlaya bilmişdir; həcmdə isə fərq vardır: Nekrasovda şerin həmin hissəsi 10 misradır, tərcüməçi isə müəllifin fikrini 16 misrada ifadə etmişdir”.
Bütün bunlar hamısı tərcüməçinin rus dilini mükəmməl bilməsini sübuta yetirən əsas faktlardan biridir.
Maraq üçün deyək ki, naxçıvanlılar XIX yüzillikdə, necə deyərlər, Naxçıvanın təəssübünü çəkən açıqfikirli rus şairlərinin yaradıcılığına dönə-dönə müraciət etmişlər. Məsələn, A.S.Puşkinin 100 illik yubileyi Naxçıvanda xüsusi bir ehtiramla təntənəli şəkildə qeyd olunub. Görkəmli maarifçi M.T.Sidqinin məşhur nitqi elə-belə deyildi. Vaxtilə A.S.Puşkinin redaktoru olduğu “Sovremennik” jurnalı Naxçıvan tarixinə dair bir əsəri və müəllifini müdafiə etmişdi. Biz bu məsələnin dərinliyinə varmırıq, çünki ayrıca bir yazımızda məlumat vermək məqsədimiz var.
Tərcüməçi Gülməhəmməd bəyin şəxsiyyəti bizi çox maraqlandırdı və axtarışlar zamanı əldə etdiyimiz nəticələri oxuculara da çatdırmağı mənəvi borc bilirik. Axtarışlar nəticəsində məlum oldu ki, Gülməhəmməd bəy II Kərim Sultanın oğul nəvəsi olan Cəfərqulu bəyin oğludur. Cəfərqulu bəyin atası Fətəli Sultan öz zəmanəsinin sayılıb-seçilən hərbçilərindən olub. Sankt-Peterburqdakı Rusiya Dövlət Tarixi Arxivində II Kərim Sultana aid şəcərə sənədi saxlanılır. Naxçıvan xanlığında xanlıq qoşunlarına başçılar həmişə Kəngərli tayfasının Bilici (vəkil kəngərlilər) qolundan təyin olunduğundan XIX əsrdə də onlar diqqət mərkəzində olmuşlar. Həmin şəcərədən məlum olur ki, Fətəli Sultanın altı oğlu olub: Cəfərqulu bəy, Əliqulu bəy, Nəcəfqulu bəy, Səfiqulu bəy, İmanqulu bəy və Mustafa Sultan. Gülməhəmməd bəy Kəngərlinin atası Cəfərqulu bəy təxminən 1801-ci ildə Naxçıvanda anadan olmuşdur. Cəfərqulu bəy Naxçıvan xanlığında vergi məmuru işləmişdir. Təxminən 1831-ci ilədək bu vəzifədə qalmış, sonralar isə öz mülklərini idarə etmişdir. 1853-1856-cı illər Şərq müharibəsində (Krım müharibəsində) İrəvan dəstəsinin Naxçıvan süvari yüzlüyünə komandirlik edən Cəfərqulu bəy Rusiya İmperiya Ordusunun yüksək mükafatlarını almışdır. 13 iyun 1855-ci ildə üzərində “İgidliyə görə” yazısı olan 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. Müharibədən praporşik (gizir) hərbi rütbəsi ilə Naxçıvana qayıdan Cəfərqulu bəy Kəngərli Kəngərli tayfasının başçısı kimi fəaliyyət göstərmişdir. Çar Rusiyasının 1865-1867-ci illərdə təşkil etdiyi İrəvan bəy komissiyasının Naxçıvan üzrə mötəbər üzvlərindən olmuşdur.
Gürcüstan Milli Arxivində onun Qafqaz Canişinliyinə ünvanladığı məktubu da aşkar etdik. Burada onun möhürünün də təsviri vardır.
Naxçıvanda, İrəvanda və Tiflisdə sayılıb-seçilən hərbçilərdən və nüfuzlu şəxslərdən olan Cəfərqulu bəy öz övladlarının təhsil almalarına da ciddi fikir vermişdir. Biz bunu əyani olaraq Gülməhəmməd bəyin nümunəsində görürük. Kameral siyahılarda və Rusiya arxivlərində onun övladlarının adı aşağıdakı kimi qeyd edilib: Gülməhəmməd bəy, Abbas bəy, Nuru bəy, Murtuza ağa, Fətəli Sultan. Sovet hakimiyyəti illərində onlara məxsus sənədlər müxtəlif arxiv fondlarında ört-basdır edilsə də, indi axtarışlar nəticəsində həmin sənədlərin bəzilərini aşkar edə bilirik. Bunlar isə müəyyən bir dövrün bir çox məsələlərini təsvir etməkdə bizə kömək edir. Yəqin ki, gələcəkdə Gülməhəmməd bəyə məxsus sənədlər tapılacaq və biz bir vaxtlar Tiflisin rus və Azərbaycan dillərində nəşr olunan qəzetlərində maraqlı yazılarla çıxışlar edən həmyerlimiz haqqında daha dolğun məlumat əldə edə biləcəyik.
Naxçıvan ədəbi mühitində tərcüməçi kimi püxtələşmiş Gülməhəmməd bəy Kəngərlinin Zaqafqaziyada tanınması Naxçıvanda ədəbi tərcümə məktəbinin olmasından xəbər verir.
Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru