25 Dekabr 2024, Çərşənbə

Milli dəyər həm də bir cəmiyyətin, bir millətin mənəvi dəyər və həyat pisixologiyasını özündə ehtiva edən ənənələr toplusudur. Təsadüfi deyil ki, millətin psixologiyasını, onun yaşam qayəsini öyrənmək üçün tədqiqatçılar, ilk növbədə, həmin millətin milli dəyər və adətlərini araşdırırlar. Milli dəyərlər təkcə bir dövr insanının arzu və istəklərindən ibarət deyil. Bu ənənələr toplusu həm də xalqın düşüncə keçmişini, indisini və gələcəyini formalaşdıran bir genefonddur. Buna görədir ki,  milli dəyərlərin yaşadılmasına və onun təbliğinə ciddi diqqət yetirilir. Milli dəyərlərin yaşadılması bir xalqın milli-mənəvi irsinin nəsildən nəslə ötürülməsi deməkdir.

Danılmaz faktdır ki, Azərbaycan xalqının taleyində baş verən mühüm hadisələr, İslam dininin qəbul edilməsi milli dəyərlərimizə istər dünyəvi, istərsə də dini baxımdan yeni koloritlər gətirmişdir. Bu baxımdan xalqımıza məxsus milli dəyərlər olduqca zəngin və çoxşaxəlidir.

Milli dəyərlərimizin fundamentini ailə dəyərləri təşkil edir. Aydındır ki, hər bir azərbaycanlının xüsusi önəm verdiyi həyat həqiqətlərindən biri də ailədir. Azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla müqayisədə daha dərin və uzun­ömürlüdür. Bu uzunömürlülük ailə üzvləri böyüdükcə, digər millətlərdən fərqli olaraq, ailədən uzaqlaşmaması, daim əlaqələrin genişlənməsi ilə izah oluna bilər. Həmçinin ailədə hər bir fərdin öz yeri və üzərinə düşən, necə deyərlər, öhdəlikləri vardır. Azərbaycanlı psixologiyasında ailə müqəddəsdir; o, gücü, birliyi, iradəni təmsil edir. Bundan əlavə, Azərbaycan xalqının ailə faktorunda önəm verdiyi ikinci bir amil Azərbaycan xanımı və onun ailədə yeridir. Milli dəyərlərimiz prizmasından Azərbaycan xanımını bu şəkildə təsvir edə bilərik: Azərbaycan xanımı, ilk növbədə, qayğıkeş, mərhəmətli ana, sədaqətli həyat yoldaşı, xanım-xatın, ailəcanlı, ismətli qadındır. Biz bu nüansları Azərbaycan xanımlarının milli geyimlərində də görə bilərik. Ümumilikdə demək olar ki, Azərbaycan xanımının cəmiyyətdə yeri və xanıma olan hörmət digər millətlərlə müqayisədə daha fərqli və özünəməxsusdur.
İnteqrasiya həyatımızın bütün mərhələlərində bizi izləyir. Tənzimlənmiş və yerində edilən hər bir inteqrasiya və ya dəyişiklik cəmiyyətin inkişafı üçün labüd bir məsələdir. İstənilən bir sahədə Qərb ölkələrinə, xüsusən də Avropaya inteqrasiya edərkən biz öz ideologiyamıza əsaslanaraq özümüz üçün faydalı nüansları mənimsəməliyik. Əfsuslar olsun ki, bu gün inteqrasiyadan çox cəmiyyətdə Avropaya bənzəməyə çalışan düşüncə sahiblərinə də rast gələ bilirik. Belə düşüncəyə görə, Avropaya inteqrasiya bir çox hallarda öz dəyərlərimizi silmək deməkdir. Əlbəttə ki, bu, belə deyil. Əksinə, əslində, bu, qarşılıqlı əlaqələndirmədir. Yazının əvvəlində qeyd etdik: milli dəyərlər bir dövr insanının arzu və istəklərini təcəssüm etdirmədiyi kimi, bir dövr insanının arzu və istəklərinə uyğun olaraq dəyişilə də bilməz.
Təəssüflər olsun ki, bu gün düşünülməmiş edilən hər bir “inte­qrasiya” bizdən əvvəlkilərin qoruduğu və bizim də qorumalı olduğumuz milli dəyərlərimizə mənfi təsirsiz ötüşmür. Bu gün cəmiyyətin bəzi üzvləri, xüsusilə gənclər arasında Qərb ailə mədəniyyətini mənimsəməyə çalışanlar var. Deməzdim ki, Qərbdəki ailə mədəniyyəti bizdəkindən üstündür. Qətiyyən. Qeyd olunmalıdır ki, bu gün Qərb ölkələri ailə bağlarını möhkəmləndirmək, qadın faktorunun əhəmiyyətini cəmiyyətə aşılamaq üçün Şərq ailə və qadına münasibət mədəniyyətini mənimsəməyə çalışırlar. Bütün bunlar cəmiyyətin gələcəyi üçün mühüm bir prosesdir.
Azərbaycanın milli dəyərləri qətiyyən cahillik və çərçivəliliyi təmsil etmir. Göstərdiyimiz kimi, bəzi hallarda bəyəndiyimiz, bənzəməyə çalışdığımız Avropa özü də inteqrasiyaya ehtiyac duyur. Bu ehtiyacın əsas hədəfi isə Şərqdə, eləcə də Azərbaycanda mövcud olan əxlaq normalarının mənimsənilməsi və Avropa insanına təlqin edilməsidir. Fikrimizi daha aydın ifadə edək. Bu günlərdə bir jurnalda Avropa ictimaiyyətinin qadına münasibətini əks etdirən bir yazı oxudum. Və mənə məlum oldu ki, Şərqdə qadın, necə deyərlər, baş tacı edilmiş zərif bir məxluqdur. Məhz bu dəyərə görə avropalı qadınlar, sözün həqiqi mənasında, Şərqdə qadına, eləcə də Azərbaycanda qadına bəslənən münasibətə həsəd aparırlar. Buna görədir ki, Qərb ölkələrində qadınlardan ibarət müxtəlif təşkilatlar yaradılır və bu təşkilatların əsas qayəsi xüsusilə türk mədəniyyətində qadının yeri faktorunun ölkələrində tətbiq edilməsinə nail olmaqdan ibarətdir.
Biz də bu gün inteqrasiya ediriksə, düşünməliyik ki, nəyi mənimsəyirik? Bu, bizə lazımdırmı? Bütün bunlar cəmiyyətə nə kimi təsir edəcək? Unutmamalıyq ki, bu mövzuda aldığımız hər bir qərar təkcə bizə yox, həm də bütövlükdə cəmiyyətə təsir edə bilir və biz buna görə ictimai məsuliyyət daşıyırıq.
Əslində, bu yazını başqa səpkidə də yazmaq olardı. Belə ki, heç də cəmiyyəti, milləti inteqrasiyaya qarşı olmağa çağırmırıq. Sadəcə olaraq, demək istəyirik ki, inteqrasiya edərkən milli dəyərlərimizi unutmayaq, milli ruhun himayəsindən çıxmayaq və hər zaman onları layiqincə dəyərləndirməyi bacaraq.

 Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR