25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qızıl, gümüş kəmər hissələri, üzük, qolbaq və sair kimi zinət əşyaları burada hələ ilk orta əsrlərdə zərgərlik sənətinin nə qədər yüksək səviyyədə inkişaf etdiyini göstərir. 

Zərgərliyin döymə, basma, qarasavad, şəbəkə, xatəmkarlıq və minasazlıq üsullarında hazırlanan sənət nümunələri öz orijinal formaları və naxışları ilə xüsusilə fərqlənir. Maraqlı cəhətlərdən biri əcdadlarımız tərəfindən düzəldilən zərgərlik nümunələri üzərində bəzək ünsürlərindən beş, altı, səkkiz və onguşəli, ortasında yaqut və ya firuzə qaşı olan ulduz, onun da altını tamamlayan aypara yerləşdirilməsidir. Qədim Naxçıvanda məişət əşyaları, silah, zinət nümunələri, əsas etibarilə, altı texniki üsuldan istifadə edilərək hazırlanmışdır. Həmin üsullardan ən qədimi döymə olmuşdur. Bu üsul başqa texniki üsullarla müqayisədə çox sadədir.
Naxçıvanlı zərgərlər kəmər, düymə, qolbaq və sair kimi nümunələrin hazırlanmasında basma üsulundan da istifadə etmişlər. Bu üsulla zinət əşyaları, ev avadanlıqları və silahlar bəzədilmişdir.

Zərgərlik məmulatlarının hazırlanmasında istifadə edilən üsullardan biri də şəbəkə üsuludur. Bu üsulun ən çox inkişaf etdiyi bölgələrin Təbriz, Bakı, Şuşa, Şəki olduğunu qeyd edən tədqiqatçılar bu sırada Naxçıvanın da adını çəkirlər.
Daha bir üsul isə xatəmkarlıqdır. Xəncər, qılınc və müxtəlif bədii sənət nümunələrini bu üsulla bəzəyən Naxçıvan zərgərləri istənilən cismi üzdən yüngülcə deşmiş, sonra bu deşikləri qızıl, gümüş və başqa rəngli metal ərintisi ilə doldurmuşlar. Bunun ardınca cismin üstü hamarlanmış və müvafiq rəsmin əsasında düzülmüş rəngli, qiymətli metallar gözəl bir mozaika təsiri bağışlamışdır.
Naxçıvan zərgərlik sənətində minasazlıq üsulu da geniş yer tutur. Minasazlığın ən çətin və maraqlı sahələrindən birinin pərdəli mina olduğunu qeyd edən tədqiqatçılar ən çox pərdəli mina işlərinin Naxçıvanda yayıldığını və naxçıvanlı zərgərlər tərəfindən inkişaf etdirildiyini bildirirlər.
Naxçıvanda zaman-zaman yaşadılan zərgərlik sənəti nümunələrinin texniki cəhətləri ilə yanaşı, bədii xüsusiyyətləri və məzmunu da diqqətçəkici olmuşdur. Zərgərlik məmulatlarının bədii xüsusiyyətləri və məzmunu ən əvvəl onun ornamentindən asılıdır. Ornament tətbiq olunduğu sənət nümunəsini bəzəməklə bərabər, həm də onun məzmununun üzə çıxarılmasına xidmət edir.
Naxçıvan zərgərlərinin hazırladıqları məmulatlar üzərində digər ornamentlərlə yanaşı, həndəsi ornamentlərin də təsvirinə rast gəlinir. Məlumdur ki, uzaq keçmişdə həndəsi naxışlar ibtidai insanlar arasında ilk yazı, yəni izahat forması olmuşdur.
Qeyd etmək lazımdır ki, həndəsi ornamentlərdən bir zamanlar geniş istifadə edilmişdir. Azərbaycan dekorativ-tətbiqi sənətinin elə bir örnəyi yoxdur ki, orada emblem və rəmzi mahiyyətli bəzək və rəsmlərə rast gəlməyəsən. Məsələn, dekorativ-tətbiqi sənətin müxtəlif sahələri üzrə hazırlanan bəzi nümunələr üzərindəki aypara rəsmini göstərək. Məlumdur ki, aypara rəsmi qədim insanların astral dini təsəvvürləri ilə əlaqədar olduğu üçün xalq sənəti nümunələrində, o cümlədən qadın bəzək əşyası olan boğazaltıda daha çox istifadə olunmuşdur. Zərgərlik məmulatlarına bəzək verən həmin ornament sonralar İslamın rəmzinə çevrilmişdir.
Zərgərlik məmulatları üzərində həkk edilən emblem mahiyyətli təsvirlərdən danışarkən quş təsvirləri haqqında da söhbət açmaq istərdik. Dekorativ-tətbiqi sənətdə istifadə edilən emblem mahiyyətli quş təsvirləri içərisində ən görkəmli yeri məhəbbəti təmsil edən bülbüllə yanaşı, tovuzquşu da tutur. Tovuzquşu ilə bəzədilmiş və dövrümüzə qədər gəlib çatmış toxuculuq sənətinin hələ lap keçmişdə tətbiq olunması bir çox yazılı mənbələrdə diqqətə çatdırılır. Dahi Azərbaycan şairi Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Nüşabənin Bərdədəki sarayında olan parça, xalça və bədii tikmələri təsvir edərkən bəzəklər içərisində tovuzquşu rəsmlərini bir neçə dəfə qeyd etmiş, onun sırf türk xalqlarına xas olduğunu bildirmişdir. Maraqlı fakt ondan ibarətdir ki, sonralar elm aləminə tovuzquşunun türk xalqları arasında Günəş və od tanrısı kimi emblem və rəmzi məna daşıdığı məlum olmuşdur.
Xalq sənəti, sözün əsl mənasında, xalqımızın müdriklik xəzinəsinin əvəzsiz inciləridir. Xalqımızın istək və arzularını özündə cəmləşdirən bu el sənəti nümunələri yurdumuzun tarixindən, milli simamızdan, kimliyimizdən soraq verir; bir-birindən baxımlı, bənzərsiz sənət nümunələri dünənimizdən bu günümüzə söz açır.

Nizami ƏZİZƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR