25 Dekabr 2024, Çərşənbə

Azərbaycan poeziya kəhkəşanında ən parlaq ulduzlardan birinə çevrilən Xalq şairi Məmməd Arazı yaxından görmək, onunla üz-üzə dayanıb söhbət etmək səadəti mənə də qismət olub.
1967-ci il oktyabr ayının ortaları idi. Son kursunda təhsil aldığım Naxçıvan Pedaqoji Məktəbində xəbər yayıldı ki, axşam məktəbin akt zalında şair Məmməd İbrahimlə (onda bu təxəllüslə tanınırdı) görüş keçiriləcək, bütün ədəbiyyat və şeir həvəskarları ora dəvət olunur. O vaxtlar bizə “Pedaqogika” fənnini tədris edən müəllimimiz, şair Adil Qasımov məni çağırıb tapşırdı ki, pedaqoji məktəbdə fəaliyyət göstərən ədəbiyyat dərnəyinin bütün üzvlərinə (Adil Qasımov həmin dərnəyin rəhbəri, mən də dərnəyin orqanı olan “Könül duyğuları” adlı divar qəzetinin redaktoru idim) çatdırım ki, axşam mütləq Məmməd İbrahimlə görüşdə iştirak etsinlər... Bütün dərnək üzvləri həmin görüşdə iştirak etdilər.
Pedaqoji məktəbdə əvvəllər də belə tədbirlər keçirilmişdisə də, görüş zalını heç vaxt belə dolu görməmişdik, hətta zala əlavə stullar qoyulmasına baxmayaraq, arxa sıralarda ayaq üstə duranlar da var idi. Tədbiri məktəbin direktoru mərhum Əsgər Əhmədov açdı. Məktəbin ədəbiyyat müəllimi Şəmil Allahverdiyev şairin yaradıcılığı haqqında geniş məruzə etdi, onun şeirləri bədii qiraət olundu. Məmməd Araz tədbir iştirakçılarını salamlayandan sonra yenicə nəşrə başlayan və özünün məsul katibi olduğu “Ulduz” jurnalının fəaliyyətindən, bu jurnalda gənclərin yaradıcılığına daha geniş yer veriləcəyindən danışmaqla biz tələbələrə jurnala abunə yazılmağı tövsiyə etdi. Sonda özünün yeni yazdığı “Uçqun”, “Professor Gülə məktub” və digər şeirlərini oxudu, müəllim və tələbələrin suallarını cavablandırdı. Bu görüş o qədər maraqlı və yaddaqalan oldu ki, müəllim və tələbələr arasında günlərlə bu barədə söhbət getdi. Mən bir gənc kimi həmin görüşün təsiri və romantik xəyalları ilə bir müddətdən sonra şairə məktub yazıb göndərdim, bizimlə keçirilən görüşdə oxuduğu şeirləri, ya da kitabını mənə göndərməsini xahiş etdim. Bir neçə gündən sonra poçtalyonun mənə verdiyi məktubu açıb oxuyanda sevindiyimdən uçmağa qanadım çatmırdı. Məmməd Arazın mənə yazdığı məktubu bu gün də ən əziz xatirə kimi arxivimdə saxlayıram.

Məmməd Arazı ikinci dəfə 1973-cü il iyun ayının 5-də Naxçıvanda keçirilən Azərbaycan Yazıçılar İttifaqının (onda birlik yox, ittifaq adlanırdı) səyyar plenumunda gördüm. Həmin plenumda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının YUNESKO tərəfindən qeyd olunan 600 illiyi ilə əlaqədar Xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimov, Naxçıvanda yaşayan yazıçıların yaradıcılığı barədə professor Yəhya Seyidov məruzə etdilər. Tənəffüslərin birində Məmməd Arazla görüşdüm. Ona məktub yazdığımı, mənə cavab yazdığını yada saldım. O da Bakıya yolum düşəndə mütləq şeirlərimdən aparıb ona çatdırmağımı məsləhət gördü. 1976-cı il yanvar ayının 8-də (kənd məktəbində müəllim işlədiyim üçün yalnız tətil vaxtlarında Bakıya gedə bilirdim) Bakıda, “Azərbaycan təbiəti” jurnalının redaksiyasında Məmməd Arazla görüşdüm. Nəşrə hazırladığım ilk kitabımın əlyazmaları olan qovluğu yarım saata yaxın vərəqləyib gözdən keçirəndən sonra qovluqda yaxşı şeirlərlə yanaşı, zəif şeirlərin də çox olduğunu bildirdi və hələlik nəşriyyata təqdim etməməyimi, kitab üzərində yenidən işləməyimi məsləhət bildi. Onu da əlavə etdi ki, “İlk kitabındır, şairin gələcək taleyi, onun oxucu qəlbində qala bilməsi ilk kitabından çox asılı olur...” 
Onunla iş yerində görüşdə danışığındakı və əl hərəkətlərindəki titrəyişlərdən bir də onu yəqin etdim ki, cəmi on il qabaq pedaqoji texnikumda görüş zamanı gördüyüm o dağcüssəli insandan yalnız odlu baxışlardan savayı heç nə qalmayıb və o, gün-gündən şam kimi əriyir.
Bu şəxsi tanışlıqlar, ağır səhhətinə baxmayaraq, bütün xalqın dilində əzbər olan poeziya nümunələri yaratması məni Məmməd Araz yaradıcılığına daha dərindən bağladı və həmin illərdən etibarən şairin yaradıcılığını daha dərindən izləyib mütaliə etməyə başladım.
Məmməd Arazın poeziya ümmanına dərindən baş vurandan sonra məndə bir müddət qələmi yerə qoymaq qənaəti də yarandı. Çünki Məmməd Araz sözündən sonra nə deyəsən, nə yazasan ki, oxucu qəlbinə yol tapa biləsən?.. Bu hisslərimi həmin dövrlərdə Məmməd Araza həsr etdiyim bir şerimdə də etiraf etməyi özümə borc bildim:

           “Qaraçı çal”, dəli təbim oyansın,
           Var istəyim qoy bu rəngə boyansın.
           Söz köhlənim “Uçqun” görüb dayansın,
           Deməsinlər, söz qüdrətim var, az var…
           Nə söz deyim, axı Məmməd Araz var…

           Bir dərədən cığır tutub qalxıram,
           Zirvələrin görkəmindən qorxuram.
           Heyrət ilə bir zirvəyə baxıram:
           O zirvədə boran çoxdur, qar az var,
           O zirvədə bir də Məmməd Araz var…

           İl dolanır, keçir “Ömür karvanı”,
           Xatırlamır ürəklər hər sarbanı,
           Yaşamaqçün yaddaşlarda yer hanı?
           Hər şairə ürəklərdə yer az var –
           Ürəklərdə bir də Məmməd Araz var!..

1976-cı ilin sonlarında Məmməd Arazla heç vaxt unuda bilməyəcəyim, gözlənilməz və fərqli bir görüş də qismət oldu mənə. “İrəvan-Bakı” qatarı ilə Bakıya gedirdim. Təsadüf nəticəsində bildim ki, mən mindiyim vaqonun kupelərindən birində Məmməd Araz da Bakıya gedir. Bundan böyük sevinc olardımı? O, oturduğu kupedən bir dəfə də olsun çıxmaq həvəsində olmasa da, onun kupesinə girib şairi görmək həvəsində olanların sayı yox idi... Həmin vaqonun “sakini” və şairin pərəstişkarlarından biri kimi qış günü Araz boyu şütüyən qatarda Araz kimi dərdli bir şairi dinləmək qisməti mənim də payıma düşmüşdü: Araz çayı sahilində Məmməd Arazdan şeir eşitmək səadəti... Elə bu görüşün təəssüratı ilə də bir neçə gün sonra Məmməd Araz haqqında yazdığım “Yol gedirdim” şerim araya-ərsəyə gəldi:

           Yol gedirdim Araz çayı boyunca,
           Məmməd Araz şeir dedi doyunca,
           Heyrətləndim bu hikməti duyunca,
           Arazlar nə yaman sözlü olurmuş…

           Gördüyümü misra-misra yazandım,
           Özüm bildim: nə itirdim, qazandım.
           Şaxta idi, istilədim, qızındım –
           Arazlar nə yaman közlü olurmuş…

           Məmməd Araz Araz olub daşardı…
           Araz çayı şair kimi coşardı.
           Bir meh əsdi, gözüm yaman yaşardı–
           Arazlar nə yaman duzlu olurmuş…

1983-cü il oktyabr ayının 1-də Naxçıvan şəhərindəki Siyasi Maarif Evində (indiki şəhər İcra Hakimiyyətinin binası) Məmməd Arazın anadan olmasının 50 illiyi münasibətilə keçirilən görüşdən əvvəl çıxış edəcək adamları qəbul edib bildirdilər ki, Məmməd Arazın səhhəti ilə əlaqədar həkim tədbirin bir saatdan artıq çəkməməsini xahiş edib, buna görə də hamı qısa, konkret danışıb şairi təbrik etməli, tədbir vaxtında yekunlaşmalıdır. Tədbir çox maraqlı keçdi. Məruzəçidən sonra şair Adil Qasımov, Kəmalə Ağayeva və mən Məmməd Araza həsr etdiyimiz şeirləri oxuduq. Hamı tapşırılan reqlamentə əməl edib çıxışını tez yekunlaşdırsa da, Naxçıvan Kooperativlər İttifaqının o vaxtkı sədri, Məmməd Arazın yerlisi və uşaqlıq dostu Müzəffər Hüseynov şairin yaradıcılığı haqqında yarım saata yaxın çox maraqlı çıxış etdi, xatirələr söylədi və xeyli sayda şerini əzbərdən dedi. Sonda ayaq üstə durmağa çətinlik çəkən Məmməd Araz elə oturduğu yerdə “Bəlkə, bu yerlərə bir də gəlmədim, duman, salamat qal, çən, salamat qal” misraları ilə başlayan şerini oxudu. Şairin bu halını və oxuduğu kövrək şeri çoxları göz yaşları ilə dinlədi.
Ancaq bu yerlərə gəlmək şairə yenə qismət oldu. 1999-cu il mart ayının 12-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq şairi Məmməd Arazla görüş keçirildi. Mərhum şair Elman Həbibin apardığı dövlət səviyyəli bu tədbirdə Naxçıvan Dövlət Universitetinin əməkdaşı kimi rektorluq adından çıxış edib şairi təbrik etmək mənə həvalə olundu. Çıxışımdan sonra rektorluq adından xatirə hədiyyəsini Məmməd Araza təqdim edərkən 30 il əvvəl mənə yazdığı həmin məktubun foto-surətini də şairə təqdim etdim. Bu gün 45 yaşı tamam olan həmin məktub tədbir iştirakçıları ilə yanaşı, şairin özünü də xeyli təəccübləndirdi və o, məndən aldığı məktubu yanında oturan həyat yoldaşına təqdim etdi.
Məmməd Arazla bağlı yadımda qalan ən ağrılı günlərdən biri də 2004-cü il dekabr ayının 1-i oldu. Naxçıvan Dövlət Universitetinin o vaxtkı rektoru, akademik İsa Həbibbəyli Elmi Şuranın növbəti iclasını yekunlaşdırıb şura üzvləri ilə sağollaşan anda onun mobil telefonuna zəng gəldi. Eşitdiyi xəbərdən xeyli dərəcədə sarsılan rektor bir neçə saniyəlik sükutla zalda oturanlara baxandan sonra çox həzin və kədərli səslə bu sözləri dedi: – “Məmməd Araz vəfat edib”.
Azərbaycan poeziya kəhkəşanında parlaq ulduz kimi yanan Məmməd Araz poeziyası həmişəyaşardır və bənzərsiz bir ömür yaşayan şairin şeir-sənət dünyası əbədilik yaddaşlarda yaşayacaqdır.

Vaqif MƏMMƏDOV
Azərbaycan Yazıçılar Birliyinin üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR