Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 2013-cü ilin yay mövsümündə məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbirlər həyata keçirir. İndiyədək kitabxananın kollektivi tərəfindən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında, “Böyükbağ”da, Dədə Qorqud meydanında, Heydər Əliyev prospektindəki 13, 79, 15 və 81, Atatürk küçəsindəki 9 və 11 nömrəli yaşayış binalarının həyətlərində “Kitab bayramları” və “Kitab sərgiləri və oxuları”, 7 və 10 nömrəli uşaq bağçalarında “Uşaqların nağıl dünyası” adlı kitab sərgiləri təşkil olunub.
İyulun 24-də isə kitabxananın kollektivi “İstiqlal” küçəsində yerləşən 73 və 75 nömrəli yaşayış binalarının həyətində azyaşlı uşaqları öz ətrafına toplayıb. Bu dəfə “Kitabı sevin – kitab bilik mənbəyidir” adlı kitab sərgisi və oxusu keçirilib. Açıq tədbirdə “Heydər Əliyev ili” münasibətilə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitabların oxu və müzakirəsinə geniş yer verilib.
Kitabxananın direktoru Kamal Axundovun verdiyi məlumata görə, indiyədək keçirilən tədbirlərdə 1500-dən çox məktəbli iştirak edib. Tədbirlər Naxçıvan şəhərinin müxtəlif ərazilərində təşkil olunmaqla avqustun 25-dək davam edəcək.
Xəbərlər şöbəsi