17 May 2024, Cümə

Bu günlərdə 80 illik yubileyini qeyd etdiyimiz XX əsr ədəbiyyatımızın ən qüdrətli simalarından biri Məmməd Araz Azərbaycan ədəbiyyatında daha çox vətənpərvərlik şeirləri və ədəbi tərcümələri ilə yadda qalıb. Onun şeirləri hələ sovet dövründə Azərbaycanda milli təfəkkürün formalaşmasına əhəmiyyətli təsir göstərib. Məmməd Arazın şeir və poemaları ilə yanaşı, publisistikası da məhz bu məqsədə – ülvi amallara xidmət edib. Oxucularımız üçün maraqlı olacağını və günümüzlə səsləşdiyini nəzərə alaraq şeirləri və poemaları kimi, publisistik yazıları da axıcı bir dillə yazılan Məmməd Arazın 1989-cu ildə “Azərbaycan təbiəti” jurnalında çapdan çıxmış “Nur xonçası” adlı yazısını təqdim edirik.  

       Bahar, istəklimsən başdan-binadan,
       Ən gözəl qızısan sən təbiətin...

Mənə elə gəlir ki, bu, əlli il, yüz il əvvəlin şeri deyil. Bu, nə vaxtsa – min il, iki min il, üç min il bundan öncə baharın qoynunda yaz işığına, yaz hərarətinə adaş doğulub.

İnsan təbiəti oyanışa səsləyən məqamda özü hələ mürgülü imiş. Ayırd eləmək çətindir: insan əvvəl oyanıb, yoxsa təbiət?! İnsan təbiətləşdikcə, təbiət də insanlaşıb. Əks halda, heç biri ayrıca varlıq kimi özünü yaşada, özünü söykənəcəksiz qoya bilməzdi.
Yadımdadır, 20-22 yaşında bir dəfə uzunömürlü, yüz yaşdan çox yaşamış babamı sorğu-suala tutdum. Novruz bayramının yaşını müəyyən eləmək istədim. Babamın babası Şahsuvar kişinin, Şahsuvar kişiyə babası Nağdalının, ona da babasının... dediyi sözlərin ucundan tutub çözələməyə başladım. Təxminən 7-8 yüz il varaqladım. Yenə də Novruz bayramının əzəlinə gedib çıxa bilmədim, dəhnədən su açıb-bağlaya bilmədim. Qədim tarixin qədim məlumatından yapışdım: əmək nəğmələri nə vaxt yaranıb, holavarlar nə vaxt meydana gəlib, əkinçi-səpinçi tarlaya nə vaxt çıxıb? Ümumiyyətlə, tarla necə yaranıb?
Ağlım kəsən gündən “Gəl-gəl, a yaz günləri”ni oxumuşam. Bəlkə, bu nəğmə onun müəllifinə yeddi arxa dönənindən – ulu babadan nəticəyə və ya kötücəyə bir pıçıltı idi, şair onu alıb yaşadıb. Bu, sadəcə, nəğmə deyil, nəsillərdən-nəsillərə ötürülən uşaq xorudur. İllər ötdükcə, yüz illər bir-birini əvəz etdikcə onun forması dəyişib, məzmunu isə necə varsa, eləcə də qalıb. Ona görə də heç bir fəlsəfi mənaya boy vermir, uşaq əqidəsi kimi təmiz, aydın, bulaq suyu kimi durudur. Uşaq heç bilmirdi ki, bu axşam kürsü üzərinə yeddiləvin düzüləcək. Uşağın canında od qalamaq, “ağırlığım, uğurluğum...” sevincini odla bölüşmək həvəsi yaşayır. Burada hər şey təbiidir, heç bir qurama yoxdur.
Uşaq nə biləydi ki, qonşu uşağın nənəsi ocaq yanında plovun dəmini gözləyir, öz nənəsi isə nəvələrini necə sevindirəcəyinin xiffətini çəkir.
Bəzən qış çox sərt gələrdi, mart ayında novruzgülünü gördüm deyən olmazdı. Belə məqamlarda qocalar güney yamacı qarlı görüb narahatlıqlarını bildirirdilər:

       Biri bizə yağıdır,
       Biri cənnət bağıdır,
       Biri yığıb gətirir,
       Biri vurub dağıdır.

“Biri bizə yağıdır” – ona görə ki, yaz əkini gecikir. Əkinçi gecikir, qoşqu heyvanlarını xamdan çıxarmalıyıq. Güneylərdə qar təzəcə tərləməyə başlayıb, quzeylərdə isə qış qarı hələ möhkəm dirənib yerə. Bəzən isə elə bil mart ayında hər yer qupquru olur, yollarda tozanaq qopurdu. Bu da əkinçinin ürəyincə deyildi: qışın qış yeri var, yazın yaz yeri. Hələ neçə əsr bundan əvvəl Xətai deyib:

       Qış getdi, yenə bahar gəldi,
       Gül bitdi laləzar gəldi.
       Quşlar qamusu fəğanə düşdü,
       Eşq odu yenə bu canə düşdü.

Aralarında zaman məsafəsi olsa da, şeir müəlliflərinin bahara münasibətləri çox yaxındır. Çünki aralarında dil körpüsü var, poetik ənənə körpüsü var. Quşlar yenə əvvəlki həvəslə oxuyur, sular eyni ahənglə ötür. Göy elə həmin göydür. Günəş elə həmin Günəşdir. İlk baxışda nəzərəçarpacaq dəyişiklik yoxdur. Amma diqqətlə baxsaq, buludların rəngini yerdən qalxan his-qurum xeyli dəyişdirib.
“Ən gözəl qızısan sən təbiətin!”
Necə təbii və səmimi deyilib: gözünün odusan!
Sənətdə öz aləmi, öz yeni səsi ilə yazın gözlərinə baxa-baxa nəğməsini oxuyub şair:

       Bahar gəlib yurdumuza,
       Sular dilli,
       Çöllər gülüş,
       Göylər qızıl.
       Təbiətin nur xonçası,
       Gül xonçalı gəlin qızı –
       Bahar gəlib.
       Elə bil ki, böyüyərək,
       Muğan olub Günəş boyda
       Azərbaycan torpağı da
       Cahan boyda...

“Bahar, istəklimsən...” Amma baharla bağlı bəzi adları yaddan çıxarmışıq. Hanı Novruz adlı oğlan? Səməngül, Tərgül, Gülsənəm, Gülyaz, Gülçöhrə, Güllü və bu qəbildən olan digər qız adları? Bu adlar sanki yazın gəlişinə şahid idi.
Yəqin yaxın illərdə zaman yazla, gül-çiçəklə bağlı adlarımızı da qaytaracaq.
Yenə də qeyri-adi deyilişə qayıdıram, hara tələsirik?! Niyə tələsirik?!

       Aydı-ildi gəlib keçir ömürdən,
       Tələsirik, görən yaza nə qaldı?

P.S. İllər keçdi. Məmməd Araz 1989-cu ildə, hələ sovet əsarət zəncirini qırmadığımız bir dövrdə bir şairin misralarını təkrar xatırlatmaqla azadlıq arzularını ifadə etmişdi publisistik yazısında. Dövrün senzurasının gözündən yayınmaq üçün şeirdə “Elə bil ki, böyüyərək Azərbaycan torpağı cahan boyda olub.” – yazdı Məmməd Araz. Oldumu? Oldu! Azərbaycan xalqı 70 il sonra azadlığını və müstəqilliyini əldə etdi. Azərbaycana bahar gəldi. Amma o bahar gələndə hələ güney yamaclarda qar qalmışdı. Bu qar Azərbaycan insanına ürəkdən sevinməyə imkan vermirdi. Və 1993-cü ilin iyununda Azərbaycan üzərində yenidən bir Günəş işıq saçmağa başladı – Heydər Əliyev Günəşi! Bəli, qışdan öncə gedən Günəş yenə parlaq nuru ilə qayıtdı yurdumuza! Azərbaycan kiçilməkdən qurtuldu. O Günəşin saçdığı parlaq nur Azərbaycanı böyütdü. Azərbaycan böyüdü, dünya boyda oldu. Dünyanın taleyini müəyyən edən BMT-də ən ali üzvlərdən birinə çevrildi.
Novruz, Səməngül, Tərgül, Gülsənəm, Gülyaz, Gülçöhrə, Güllü adları qayıtdı. İndi isə bəzən yenə də bu adların unudulmasını görürük. Amma düşünmək lazımdır. Azərbaycanı o insanlar böyütdü ki, onlar milli adları ilə, azərbaycanlı olmaqları ilə fəxr etmişdilər. Bu adları unutmayaq. Özümüzü öz dilimizdə adlandıraq. Çünki xalq olaraq, millət olaraq bizim bizdən daha dəyərli heç bir sərvətimiz yoxdur, Vətənimizdən dəyərli heç bir sərvətimiz yoxdur, milli kimliyimizdən dəyərli heç bir sərvətimiz yoxdur!

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR