25 Dekabr 2024, Çərşənbə

Martın 27-də – Beynəlxalq Teatr Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı dünya şöhrətli rus yazıçısı Anton Pavloviç Çexovun (1860-1904) “Ayı” və “Təklif” vodevilləri əsasında səhnələşdirilmiş “Russayağı evlənmə” tamaşasını teatrsevərlərə təqdim etmişdir.
Bu tamaşa XIX əsr Rusiya həyatının nöqsan və eybəcərliklərini yazıçıya məxsus kinayə və istehzalarla göstərən şən səhnə əsəri təsiri bağışlayır. Əsəri səhnələşdirən və ona quruluş verən rejissor hər iki vodevilin süjetlərini birləşdirməklə tamaşanın finalında maraqlı rejissor təsvirinə nail olmuşdur. Quruluşçu rəssam Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovun səhnə tərtibatı XIX əsr Rusiya həyatının reallıqlarını tam mənası ilə özündə əks etdirirdi.
“Ayı” vodevilində hadisələr Yelena İvanovna Ponovanın (aktrisa Zəminə Baxşəli­yeva) qonaq otağında baş verir. Buraya borcunu almağa gələn Qriqori Stepanoviç Smirnov (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əbülfəz İmanov) komik bir vəziyyətə düşür. Dul qalmış mülkədar arvadı Ponova mülkədar Smirnova borcunu qaytarmır. Əsərdə Smirnov Ponovaya eşq elan edir. Əsərdəki XIX əsr Rusiya həyatının tipik nökər surəti olan Luka obrazını Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev özünəməxsus cizgilərlə yaratmaqla tamaşaya xoş ovqat qatmışdır.

“Təklif” vodevilində hadisələr Stepan Stepanoviç Çubukovun (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov) malikanəsində baş verir. Mülkədar İvan Vasilyeviç Lomov (aktyor Nəsimi Məmmədzadə) vəsvəsəli və hər şeydən şübhələnən bir şəxsdir. Bu vodevildə isə Lomov mülkədar Çubukovun cavan qızı Natalya Stepanovnaya aşiq olur. Maraqlı, komik və şən zarafatı xatırladan bu məhəbbət sərgüzəşti qəribə bir finalla bitir. Natalya Stepanovna personajının ifaçısı gənc aktrisa Nurbəniz Niftəliyevanın tamaşa boyu səhnədə dinamik və emosional hərəkətləri tamaşaçını əyləndirir. 
Tamaşa kilsədə maraqlı sonluqla bitir. Rejissorun canlandırdığı Keşiş obrazı (Tofiq Seyidov) bu eşq sərgüzəştlərinə tamaşada cərəyan edən hadisələrin əksinə olaraq son qoyur. Belə ki, Qriqori Smirnov Natalya Stepanovna ilə, İvan Lomov isə Yelena İvanovna ilə evlənir. Tamaşanın belə sonluqla bitməsi böyük Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin finalını xatırladır.
Ümumiyyətlə, “Russayağı evlənmə” tamaşası böyük dramaturqun əsərlərindəki rus həyatının özünəməxsus xarakterini açmaq və kiçik əhvalatlarla böyük həqiqətləri ortaya qoymaq ideyasını uğurla tamaşaçıya təqdim edə bilmişdir. Tamaşada rus xalq musiqisindən istifadə edilməsi də hadisələrin şən və maraqlı canlandırılmasına səbəb olmuşdur.
Qeyd edək ki, Naxçıvan teatrı A.P.Çexov dramaturgiyasına sonuncu dəfə 1985-ci ildə müraciət etmişdir. Həmin ildə müəllifin vodevil və hekayələri əsasında “Üç zarafat” tamaşası hazırlanmışdır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR