140 il bundan əvvəl – 1873-cü il mart ayının 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulub. Bu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib.
Bu əlamətdar gün münasibətilə mart ayının 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib, M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” komediyası nümayiş etdirilib.
Əvvəlcə tamaşaya gələnlər teatrın foyesində təşkil olunan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının keçdiyi inkişaf yoluna həsr edilən sərgiyə baxıblar.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək Azərbaycanda teatr sənətinin yaranma tarixindən, bu sənət növünün inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bu gün ulu öndərimizin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev teatr sənətinin inkişafına xüsusi diqqət göstərir, bu sahədə səmərəli islahatlar həyata keçirir. Dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli, “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 18 may 2009-cu il tarixli sərəncamları bunu bir daha təsdiq edir. Bu il martın 1-də dövlət başçısı “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib. Həmçinin ölkə Prezidenti “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” da Sərəncam imzalayıb. Bu sərəncam teatr sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyev çıxışında Naxçıvan teatrının keçdiyi inkişaf yolundan danışıb.
Sonra pərdələr qaldırılıb, ekssentrik komediya tamaşaçılara təqdim olunub. Komediyaya Xalq artisti Rövşən Hüseynov quruluş vermişdi. Bu günə qədər müxtəlif teatrlarda dəfələrlə səhnələşdirilən əsərə verilən növbəti quruluş standartlardan kənara çıxmalarla fərqlənirdi. Onu bugünəqədərki ən yaxşı quruluşlardan biri kimi dəyərləndirmək olar. Tamaşa gülüş doğurur, müəyyən məqamlarda düşündürürdü. Bir sözlə, tamaşanın başlıca uğurunu təşkil edən ən vacib məsələ – klassik mətnə orijinal rejissor yanaşması uğurlu alınmışdı.
Tamaşada hadisələrin səhnə məkanı da yaxşı düşünülmüşdü. Quruluşçu rəssam Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov səhnə dekorlarını hadisələrin gedişatına görə qura bilmişdi. Dekorların rəngarəngliyi tamaşanın ona baxanlar tərəfindən yaxşı dərk olunmasına şərait yaradırdı.
Musiqi tərtibatçısı Rəfalət Kərimovun səhnəyə qoyulan əsərə həssaslıqla yanaşması hər dəqiqə özünü büruzə verirdi. Başlanğıc və finalda, bütün tamaşa boyu səsləndirilən musiqilər tamaşaya yeni ab-hava gətirirdi.
Tamaşada aktyor işinin əsas ağırlığı Tarverdi rolunun ifaçısı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Əbülfəz İmanovun üzərinə düşmüşdü. Aktyor vəzifəsinin öhdəsindən layiqincə gəlir, rolu incəliklə işlənən, zərgər dəqiqliyi ilə cilalanan komik obraz səviyyəsində təqdim edirdi.
Tamaşada daha iki aktyorun oyunu da razılıq doğururdu. Zülfiyyə Zeynalova Zalxa obrazının təqdimi üçün xarakterik cizgilərə əl atır – səciyyəvi yeriş, şivəli danışıq ədası, tipik jestlərə üz tuturdu.
Azərbaycan Respublikasının əməkdar artisti Əli Əliyev Divanbəyi obrazını yaxşı ifa edirdi. Mimika, yeriş, jestlərdən tutmuş danışığa qədər kinofilmlərdən yaxşı tanıdığımız “çar zabiti” yenə də səhnədəydi.
Zəminə Baxşəliyevanın Pərzad və Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynovun Namaz obrazları da təqdirəlayiq cəhətləri ilə seçilirdi.
Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Vüsal Rzayev, Kəklik Novruzova da onlara tapşırılan rolları məharətlə ifa etdilər.
Bu səhnə əsəri də alqışlarla qarşılandı. Tamaşaçılar Naxçıvan teatrının digər səhnə əsərləri kimi, bu tamaşanın da təsirindən uzun müddət çıxa bilməyəcəklər.
Səbuhi HÜSEYNOV