25 Dekabr 2024, Çərşənbə

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılmasının dördüncü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əzizəliyev, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktor əvəzi Zaur Əliyev, Naxçıvan Dövlət Rəsm Qalereyasının baş elmi işçisi Yadulla Məmmədov çıxış ediblər.
Qeyd olunub ki, tarixi uzun minilliklərə dayanan, əsası və özülü olan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Milli dəyərlər isə xalqları, millətləri, toplumları digər xalqlardan fərqləndirən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Dilindən, musiqisindən, folklorundan, himnindən, gerbindən, bayrağından tutmuş özünün dünya şöhrətli şəxsiyyətlərinə qədər. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, bir sözlə, milli olan bütün keyfiyyətlərimiz dəyərlər sisteminə aiddir. Bu mənada xalqımızın milli dəyərləri haqqında ətraflı danışmaq olar.

Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 fevral 2009-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamda milli dəyərlərimizin digər sahələri ilə yanaşı, milli mətbəxin öyrənilməsinə və təbliğinə xüsusi diqqət yetirmək əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. 9 aprel 2009-cu ildə isə muxtar respublika rəhbəri “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Məhz bu sərəncamdan sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd xalq yaradıcılığının ən qədim sahələrindən biri olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliği, tanıdılması olub. 2012-ci ildə isə “Naxçıvan mətbəxi” adlı kitab nəşr edilib.
Bildirilib ki, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ötən müddət ərzində öz işini günün tələbləri səviyyəsində qurmağa çalışıb, bir sıra festivallarda, sərgilərdə Naxçıvan kulinariya mədəniyyətini uğurla tanıdıb. Mərkəz bundan sonra da milli mətbəximizin təbliği, tədqiqi, unudulmaqda olan milli mətbəx nümunələrinin toplanması işini layiqincə davam etdirəcəkdir.
Sonda tədbir iştirakçıları mərkəzin qazandığı uğurları əks etdirən sərgiyə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR