25 Dekabr 2024, Çərşənbə

Poeziya, hər şeydən əvvəl, həyat, ondan sonra isə incəsənətdir

Ulu öndər Heydər ƏLİYEV: İnsanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur.

YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilmişdir.
Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi yaratmışlar. Bu poeziya məktəbi nümayəndələrinin yaradıcılığında yüksək peşəkarlıq, sözün poetik imkanlarından istifadə bacarığı özünü daha aydın göstərmişdir.

Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı zəminində formalaşmış bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir. Azərbaycan şifahi xalq ədəbiyyatı qədimlikdən, tarixdən xəbər verməklə yanaşı, Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyatı dünyanın digər xalqlarının folkloru arasında özünəməxsus yer tutur. Hələ qədim zamanlardan Azərbaycan xalqı söz sənətinin ilk nümunələrini yaratmış, əsasən, şifahi formada olan bu yaradıcılıq nümunələri poetik bədii təfəkkürün ilkin təzahürünə çevrilmişdir. Orta əsrlərdən başlayan yüksək mədəni inkişaf prosesi isə Azərbaycan poeziyasının yüksəlişində yeni bir mərhələnin başlanmasına səbəb olmuşdur; insana, onun daxili aləminə maraq güclənmişdir. Həmin dövrdə lirik-fəlsəfi düşüncələr, fərdi hisslərin təzahürü, dünyanın, cəmiyyətin problemlərinin bir insanın yaşantısında əks etdirilməsi ənənəyə çevrilmiş, şeir sənətimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin timsalında yeni çalarlarla zənginləşmişdir. XIX əsrdən başlayaraq şeirlərdəki fəlsəfi mühakimələrin yerini müasirlik və real obrazların lirik təzahürü tutmuşdur. Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin yaradıcılığı maarifçi-realist ruhda formalaşmışdır. Azərbaycanın müxtəlif bölgələrini əhatə edən “Gülüstan”, “Əncüməni-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-Səfa”, “Məcməüş-şüəra”, “Divani-hikmət”, “Məclisi-üns, “Məclisi-fəramuşan” kimi ədəbi məclislər ədəbi mühitin inkişafına öz təsirlərini göstərmişlər. Bunun da nəticəsində Azərbaycan ədəbiyyatının yüksəliş mərhələsi sayılan XX yüzil ədəbiyyatına keçid üçün möhkəm zəmin hazırlanmışdır.
Poetik fikrimizin Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Səməd Vurğun, Mikayıl Müşfiq, Məmməd Araz, Bəxtiyar Vahabzadə, İslam Səfərli, Xəlil Rza, Cabir Novruz kimi görkəmli nümayəndələri öz yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatına yeni bir ruh vermiş, bir-birindən dəyərli poetik nümunələri ilə xalqımızın Azərbaycançılıq məfkurəsi, milli dəyərlər ətrafında birləşməsində layiqli xidmətlər göstərmişlər. Söz və fikir azadlığı, siyasi düşüncə sərbəstliyi, plüralizm, milli istiqlal, ictimai ədalət uğrunda mübarizə xalqımızın istiqlal mübarizəsində, dövlət müstəqilliyimizin bərpa edilməsində əhəmiyyətli rol oynamışdır. Bu, şair və yazıçılarımızın yaradıcılığından daim qırmızı xətlə keçən vətənçilik, Azərbaycançılıq ideyasının, vətənpərvərlik ruhunun məntiqi nəticəsi idi.
Ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını əsas vəzifələr sırasına çəkmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə milli dəyərlərimizə qayğı, adət-ənənələrimizin qorunub yaşadılması, mədəniyyətimizin və incəsənətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ədəbiyyatımızın, eləcə də poeziyamızın yeni çalar qazanmasına səbəb olmuşdur. Bu dövrdə repressiya qurbanlarının əsərlərinə “ikinci həyat” verilmiş, Azərbaycan ədəbiyyatının qorunması və təbliği məqsədilə ardıcıl tədbirlər görülmüş, şair və yazıçıların keçmiş ittifaq miqyasında yubileyləri keçirilmişdir. 1975-ci ilin oktyabrında keçirilən Azərbaycan ədəbiyyatı günlərində çıxış edən ümummilli liderimiz Heydər Əliyev şeriyyətin cəmiyyətdə böyük yerə malik olduğunu bildirərək demişdir: “Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur”.
Ulu öndərimizin himayəsi və qayğısı ilə ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi, dünya miqyasında tanıdılması, şifahi söz sənətimizin toplanılması, nəşri, tədqiqi və gələcək nəsillərə çatdırılması yönündə çoxşaxəli tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazıçı və şairlərimizə qayğı daha da artmış, bədii fikrin nadir hadisəsi olan poeziya xalqımızın mənəviyyatının ayrılmaz hissəsi kimi yeni inkişaf mərhələsinə yüksəlmişdir. “Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə, ədəbiyyatdan gəlir”, – deyən ümummilli liderimiz müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaratmışdır. Bu gün də dövlətimizin hərtərəfli qayğısı ilə Azərbaycan şairləri ümumbəşəri mahiyyət daşıyan çoxşaxəli yaradıcılıqları ilə dünya bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirir, milli şeriyyəti yüksəklərə qaldırırlar. Şairlərimizin bədii fikir salnaməsində parlaq səhifələr açan əsərləri insanların mənəvi kamilləşməsinə xidmət göstərir. Bu həm də ədəbiyyatın ən ali vəzifəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan ədəbiyyatının inkişafına, ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının ötən il imzaladığı sərəncamlarla Cəlil Məmmədquluzadənin 140, Hüseyn Cavidin 130, Məmməd Səid Ordubadinin 140, Mirzə Fətəli Axundzadənin 200, Mirzə Ələkbər Sabirin 150, Mirvarid Dilbazinin 100 illik yubileyləri ölkə səviyyəsində qeyd olunmuşdur. Həyata keçirilən tədbirlər Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan insanların xatirəsinə böyük ehtiram və diqqətin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Ədəbiyyatın inkişafı sahəsində ölkəmizdə görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Bu gün Azərbaycan Respublikası Yazıçılar Birliyinin 80 üzvü muxtar respublikada yaşayıb-yaradır. Onlar Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin ətrafında birləşərək ədəbi mühitin inkişafına çalışırlar. Ədəbiyyatın inkişafına göstərilən qayğının nəticəsidir ki, Naxçıvan ədəbi mühitində şair və yazıçıların son altı ildə 350-dən çox kitabı və 3 almanax nəşr olunmuşdur. Muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılarımızın əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, onlar “Şərəf” və “Şöhrət” ordenlərinə, “Tərəqqi” medalına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, Prezident mükafatına, o cümlədən Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşlər.
Göstərilən hərtərəfli diqqət və qayğının müqabilində şair və yazıçılarımız çalışırlar ki, yeni dövrün ruhuna uyğun, yüksək bədii dəyərə malik ədəbi nümunələr yaratsınlar. Ölkəmizin sürətli inkişafı və müasirliyini ədəbiyyata, şerə-sənətə gətirmək qarşıda duran əsas vəzifələrdən biridir. Çünki ədəbiyyat bütün dövrlərdə həyatın güzgüsü, milli varlığımızın əsas rəmzlərindən biri olub. Bu missiya müasir dövrdə də aktuallığını saxlayır. Muxtar respublikada yaşayıb-yaradan şair və yazıçılarımız müasir dövrün salnaməsini yazmağa, vətənpərvərlik mövzusuna geniş yer verməyə, müstəqillik dövrünün nailiyyətlərini əks etdirməyə çalışırlar. Ötən il Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bəzən polemika açılır ki, müstəqillik dövrünün ədəbiyyatı necə olmalıdır? Bu dövrün ədəbiyyatı, birinci növbədə, vətənpərvər ədəbiyyat olmalıdır. Ədəbi məhsullarda “Vətən” sözünü çox işlətməklə vətənpərvərlik mövzusunda ədəbiyyat yaratmaq mümkün deyil. Vətənpərvərlik yazıçı və ya şairin yaradıcılığının bütün mahiyyətini ifadə etməli, vətəndaşlıq duyğusunun daşıyıcısına çevrilməlidir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR