Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında” 18 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən, şair-dramaturqun yubileyi muxtar respublikamızda geniş qeyd olunmaqdadır. İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında dramaturqun “Göz həkimi” əsərinin də səhnələşdirilməsi nəzərdə tutulmuşdur.
Əsər ilk dəfə 28 mart 1955-ci ildə Naxçıvan teatrının səhnəsində tamaşaya qoyulmuşdur. O zaman şair-dramaturq Naxçıvana gələrək tamaşaya baxmışdır. Həmin tamaşanın rejissoru Səftər Turabov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Məmməd Qasımov olmuşdur.
Aprelin 2-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədibin “Göz həkimi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olmuşdur. Yeni tamaşanın quruluşçu rejissoru Xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, bəstəkarı və musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevdir.
“Göz həkimi” pyesi müasir həyat həqiqətləri ilə səsləşməklə bu gün də bədii aktuallığını qorumaqdadır. Professor Şahbazov (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov) öz lovğalığı ilə elmdə yeniliyə göz yumur, yeniliklərlə özünəməxsus təkəbbürlüklə razılaşmır. Professorun elmi yeniliklərə biganəliyi, gənclərə düşmən kəsilməsi onun tipik cəhətləridir.
Professorun oğlu Rauf (aktyor Nəsimi Məmmədzadə) gənc bəstəkardır. Rauf atası qədər mühafizəkar deyil.
Tamaşada Raufun sevgilisi İradə yeniliyi təmsil edən, sadə və təvazökar bir göz həkimidir. Aktrisa Zəminə Baxşəliyeva İradə obrazının sevinc və iztirablarını özünəməxsus təbiiliklə canlandıra bilmişdir.
Nina Nikolayevna (aktrisa Nazlı Hüseynquliyeva) və Nərminə (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova) bir-birinə əks mövqedə olan personajlar kimi diqqəti cəlb edir. Nina Nikolayevnanı İradə ilə vahid məqsəd birləşdirsə də, Nərminə isə əksinə olaraq, mənəvi düşkünlüyü ilə professor Şahbazovla bir mövqedədir.
Həsənağa obrazı (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev) tamaşanın maraqlı personajlarındandır. Bu obrazı Naxçıvan teatrında ilk dəfə Bəhruz Haqverdiyevin atası Xalq artisti Əyyub Haqverdiyev canlandırmışdır.
Həsənağa-Gülər (aktrisa Nurbəniz Niftəliyeva) xətti əsərə səmimi gülüş gətirir. Əmir əmi də (aktyor Zakir Fətəliyev) tamaşada şən gülüş doğuran obrazlardandır.
Tamaşada Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Kəklik Novruzovanın, aktyorlardan Səyyad Məmmədovun, Cəbrayıl Nəbiyevin və Zülfiyyə Zeynalovanın ifaları da təbii alınmışdır.
Tamaşadan sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru və baş rejissoru, Xalq artisti Kamran Quliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, nazir müavini Məhəmməd Həsənov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlı, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Şəmsəddin Qasımov, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi Ələkbər Qasımov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək yeni tamaşa münasibətilə kollektivi təbrik etmiş, tamaşa haqqında fikir və mülahizələrini bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti