25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1953-cü il 18 aprel tarixli qərarı ilə Naxçıvanda Mədəniyyət Nazirliyi yaradılmış, bununla da, muxtar respublikada mədəniyyət sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­mizin rəhbərliyi ilə ötən əsrin 70-ci illərindən başlayaraq muxtar respublikada mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmiş, mədəniyyət sahəsində yüksək səviyyəli kadrların hazırlanması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyət mədəniyyətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini bildirərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də mədəni irsimizin qorunması və ölkəmizin turizm potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə təsdiq edilən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında ki­tabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Pro­qramı” ölkəmizdə, eləcə də muxtar respublikada mədəni irsimizin qorunması və turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Naxçıvan Muxtar Respublikasında mədəniyyətin və turizmin inkişafı məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. Son 17 ildə qədim diyarımızda 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilmişdir. Artıq muxtar respublikada onlarla muzey, teatr, filarmoniya, musiqi məktəbləri, turizm obyektləri fəaliyyət göstərir.
Filosoflar deyirlər ki, cəmiyyətin inkişafına gedən yol mədəniyyətdən keçir. Çünki mədəniyyət özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, mehriban qonşuluq, xalqlara ehtiram kimi ümumbəşəri dəyərləri, prinsipləri ehtiva edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir”. Bu gün Naxçıvanda çoxsahəliliyi, əlvanlığı və zənginliyi ilə seçilən mədəniyyətimizi inkişaf etdirmək, onu dünya xalqları içərisində tanıtmaq istiqamətində ardıcıl tədbirlər görülür. 2009-cu il ok­tyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da görülən tədbirlərin nəticəsidir.
Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Muxtar respublikada yaradılan muzeylər şəbəkəsi, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi, ümumilikdə, mədəniyyətin inkişafını şərtləndirən amillərdir.
Muzeylər milli və maddi dəyərlərin qorunduğu, nümayiş və təbliğ edildiyi mədəniyyət ocaqlarıdır. Muxtar respublikada mədəniyyətimizi özündə yaşadan və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən muzeylərin yaradılması, mövcud olanların yenidən qurulması məqsədilə mühüm tədbirlər görülür. Son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərin yerləşdiyi binalar təmir olunmuş, yeni muzeylər yaradılmış, muzeylər lazımi inventar və avadanlıqlarla, eksponatlarla zənginləşdirilmişdir. Həyata keçirilən işlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin dərindən öyrənilməsinə və təbliğ olunmasına hərtərəfli şərait yaratmışdır. Hazırda qədim diyarımızda 23 müxtəlif profilli muzey və bir Dövlət Rəsm Qalereyası vardır. Bu muzeylərdə 110 mindən artıq eksponat mühafizə olunur.
Mədəniyyətin əsas daşıyıcılarından biri də teatrlardır. Hələ qədim zamanlardan teatr cəmiyyətin ilk mədəni inkişaf vasitəsi olmuşdur. Bu gün muxtar respublikanın mədəni həyatında mühüm rol oynayan teatrlar dövlət qayğısı ilə əhatə olunmuşdur. Zəngin teatr ənənələrinin qorunması, milli teatr sənətinin davamlı inkişafının təmin edilməsi, teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hazır­da muxtar respublikamızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayırlar.
Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin əsas qolu olan milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğı son 17 ildə daha dinamik xarakter almış, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının maddi-texniki bazası möhkəmləndirilmiş, səs avadanlıqları və musiqi alətləri alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin yaradılması haqqında” 2012-ci il 10 yanvar tarixli Sərəncamından sonra filarmoniyada Estrada Orkestri yaradılmış və qısa vaxtda kollektivin fəaliyyəti təmin edilmişdir. Ali Məclis Sədrinin 19 aprel 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyası isə muxtar respublika musiqi mədəniyyətində inkişafa doğru atılan daha bir addımdır. Muxtar respublikada gedən quruculuq işləri uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmiş, son illərdə bu sahədə 20-dən artıq bina tikilərək istifadəyə verilmişdir.
Milli dəyərlər xalqımızın ən qiymətli sərvətidir. Bu dəyərlər xalqımızın tarixini, dilini, adət-ənənələrini, ədəbiyyat və incəsənətini yaşadaraq bu günümüzə gətirib çıxarmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı milli dəyərlərimizin bir hissəsi olan xalq yaradıcılığının qorunub saxlanılmasında, folklorumuzun təbliği və öyrənilməsində, xalq sənətinin, milli geyimlərin, milli mətbəxin yaşadılmasında böyük əhəmiyyətə malik olmuşdur. Sərəncama əsasən, muxtar respublikada hər il Novruz bayramında xalq yaradıcılığı günləri keçirilir. 2012-ci ilin muxtar respublikada “Milli dəyərlər ili” elan edilməsi isə bu sahədə görülən işlərin miqyasını daha da genişləndirmişdir.
Muxtar respublikamızda mədəniyyətimizin ayrı-ayrı sahələrinin daha ətraflı öyrənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır, bu məqsədlə yeni kitablar nəşr olunur. Son illər nəşr olunmuş “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” və başqa kitablar mədəniyyətimizin, incəsənətimizin təbliği baxımından dəyərli nəşrlərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 28 fevral tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmış, nazirliyin yeni əsasnaməsi təsdiq edilmişdir. Bu gün nazirlik muxtar respublika mədəniyyətinin inkişafı ilə yanaşı, Naxçıvanın turizm potensialının gücləndirilməsi istiqamətində də fəaliyyət göstərir. Əlverişli coğrafi mövqeyi, ərazisində müxtəlif iqlim qurşaqlarının mövcudluğu, zəngin mədəni-tarixi irsi, təbii müalicə mərkəzləri, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri muxtar respublikada turizmin inkişafını şərtləndirir. Bu gün muxtar respublikamızda turizm fəaliyyətinə lisenziya almış 2 turizm firması, eləcə də Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincə qalası, Naxçıvan-Ordubad istiqamətlərində turist marşrutları fəaliyyət göstərir.
Ötən il Naxçıvan şəhərindəki 17-ci əsrə aid Zaviyyə-Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır. Mərkəz öz fəaliyyətini turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, buraya müraciət edənlərə otellər, restoranlar, muzeylər, mağazalar, tarixi və mədəniyyət abidələri, tur firmalar və bələdçilər haqqında məlumat verilməsi istiqamətində qurmuşdur. Son illər muxtar respublikanın turizm potensialını tanıtmaq üçün Naxçıvan şəhərində bu sahəyə həsr olunmuş 2 beynəlxalq konfrans keçirilmişdir. Naxçıvan Muxtar Respublikası beynəlxalq və ümumrespublika daxili turizm sərgilərində də fəal iştirak edir. Bu ilin aprel ayında Bakıda keçirilən 35-dən çox ölkənin, 251 şirkətin iştirak etdiyi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası da təmsil olunmuşdur.
Bu gün Naxçıvanda 530-a yaxın mədəniyyət, incəsənət və turizm müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə çalışan mədəniyyət və incəsənət işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, bu sahədə çalışan 200-dən çox insan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollektivi yaradılan şəraitdən istifadə edərək bundan sonra da muxtar respublikamızda mədəniyyətin və turizmin inkişafı sahəsində öz səy və bacarıqlarını əsirgəməyəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR