Qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey” faciəsi əsasında Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının səhnələşdirdiyi tamaşaya ictimai baxış olmuşdur.
Tədbirdə ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın zəngin teatr tarixindən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında”, “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 1 mart 2013-cü il tarixli sərəncamları milli mədəniyyətin, teatr sənətinin inkişafına göstərilən diqqət və qayğının bariz ifadəsidir.
Universitetin on beş yaşlı Tələbə Teatr Studiyasının yarandığı gündən qazandığı sənət uğurlarından da danışan rektor Azərbaycan məktəb teatrı tarixində ilk dəfə səhnələşdirilən tamaşanın ideya-bədii xüsusiyyətlərindən, uğurlu rejissor və aktyor işindən bəhs etmişdir.
Sonra tamaşaya baxış olmuşdur. Qədim yunan mifologiyası əsasında yazılmış bu əsər akademik İsa Həbibbəylinin elmi məsləhətçiliyi ilə səhnələşdirilmişdir. Repertuar seçimi zamanı əsərin bəşəriyyətin mübariz, azadlıq və həqiqət sevən yaradıcı qüvvələrini tərənnüm edən ideyası əsas götürülmüşdür. Bu qədim yunan faciəsi rejissorlar – Tələbə Teatr Studiyasının rəhbəri, Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın və kafedranın müəllimi Tofiq Seyidovun yozumunda müəyyən ixtisarlarla uğurlu səhnə həllini tapmışdır. Tamaşada istifadə olunan dekorasiya, butaforiya işi, qədim yunan mədəniyyətini əks etdirən eskiz və geyimlər, işıq effektləri əsərin qayəsini tarixilik zəminində, eyni zamanda müasirlik kontekstində, yeni düşüncənin işığında tamaşaçıya çatdırmağa uğurla xidmət edir. Musiqi tərtibatçıları Tofiq Seyidov və Elnur Rzayevin seçdikləri qədim yunan musiqiləri uğurlu səhnə tərtibatını tamamlayaraq səhnədə mifik aura yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, kafedranın baş müəllimi Şəmsəddin Qasımovun xor üçün yazdığı musiqilər, səhnədə ilk dəfə A kapella xordan istifadə teatr tarixində mühüm yenilikdir.
Tamaşada Prometey obrazını Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Elnur Rzayev, od allahı dəmirçi Hefesti Tofiq Seyidov, okeanidlərin böyüyünü Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, çay allahı İnaxın qızı İonu aktyorluq ixtisasının II kurs tələbəsi Çinarə Feyzullayeva, Ulu qüvvət obrazını bədən tərbiyəsi və idman ixtisasının II kurs tələbəsi Xatın Ağayeva, Hermest rolunu Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Cavid Kazımbəyli canlandırmışlar.
Tamaşadan sonra keçirilən müzakirədə universitetin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, tarix üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov, universitetin Tələbə Gənclər Təşkilatının sədri, magistrant Arzu Abdullayev, şair Elxan Yurdoğlu, magistrantlar Nurlana Behbudova, Yazgül Quliyeva və başqaları çıxış edərək tamaşa haqqında yüksək fikirlər söyləmiş, Naxçıvanda antik sənət incisinin səhnəyə qoyulmasını Naxçıvan Dövlət Universiteti tarixində mühüm hadisə kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, bu tamaşa Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinə dəyərli töhfədir.
Mehriban SULTAN