“Dövlət başçısının “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” və “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 1 mart 2013-cü il tarixli sərəncamları bütün teatrsevərlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Ölkə rəhbərinin ayrı-ayrı illərdə imzaladığı sərəncamlar, onun bütün sahələrdə olduğu kimi, teatr sənətinin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğısından xəbər verir. Teatr binalarının əsaslı təmir olunması, teatrların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir”. Dünən AMEA Naxçıvan Bölməsində keçirilən Azərbaycan teatrının yaradılmasının 140 illiyinə həsr olunmuş elmi konfransdakı giriş sözünə bu fikirlərlə başlayan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd etmişdir ki, Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri kimi Naxçıvanda da teatrın özünəməxsus ənənələri var və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində bu ənənələr davam etdirilir. Yaradılan yüksək şəraitdən, möhkəmləndirilən maddi-texniki bazadan əlavə, Naxçıvan teatrının tarixinin elmi şəkildə araşdırılmasına ən yüksək səviyyədə verilən dəstək də bu fikri bir daha təsdiqləyir. Təsadüfi deyil ki, məhz Naxçıvanda teatr tarixinin araşdırılması sahəsində unikal nümunələrdən olan “Naxçıvan teatrının salnaməsi” hazırlanaraq çap olunmuşdur.
Elmi konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov “Azərbaycan teatrının yaranması tarixi”, həmin şöbənin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov “Dünya dramaturgiyası Azərbaycan teatrlarının səhnəsində”, həmin institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Türk dramaturgiyası Naxçıvan səhnəsində”, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov “Naxçıvan teatrının yaranmasında ziyalıların rolu” mövzularında elmi məruzələrlə çıxış etmişlər.
Məruzələrdə bildirilmişdir ki, Azərbaycan teatr salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı da zəngin sənət ənənələrinə malikdir. 1883-cü ildə fəaliyyətə başlamış Naxçıvan teatrının təşəkkülü və inkişafında ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimlərindən Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Bəhruz Kəngərlinin, Məhəmməd Tağı Sidqinin, Eynalıbəy Sultanovun, Qurbanəlibəy Şərifovun, Əliqulu Qəmküsarın və Rza Təhmasibin xüsusi rolu olmuşdur. Azərbaycan milli teatr sənətinin Zülfüqar Hacıbəyov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə və Hüseynqulu Sarabski kimi tanınmış simaları bu qocaman mədəniyyət ocağı ilə dərin yaradıcılıq əlaqələri saxlamışlar.
Teatrın repertuarında Azərbaycan ədəbi fikrinin böyük nümayəndələrinin son dərəcə qiymətli əsərləri ilə yanaşı, dünya dramaturgiyasının, o cümlədən türk dramaturgiyasının ən yaxşı nümunələri əsas yer tutmuşdur. Səhnəsində tamaşaya qoyulan mütərəqqi ideyalı həmin əsərlərlə ədəbi mühitin daha da canlanmasına və mədəni-ictimai fikrin formalaşmasına qüvvətli təsir göstərən Naxçıvan teatrı istedadlı aktyorların, rejissorların və teatr rəssamlarının birgə zəhməti sayəsində respublikamızın qabaqcıl sənət ocaqlarından birinə çevrilmişdir.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Elnur Kəlbizadə