26 Dekabr 2024, Cümə axşamı

Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə qədər olan dövr ərzində çərşənbələr qeyd olunur. Bu çərşənbələrin hər biri ayrı-ayrılıqda dörd müqəddəs ünsürlə bağlıdır. İkinci çərşənbə sayılan od çərşənbəsi isə odla bağlıdır. Od yerə nəfəs verir, onu isidir, qışda donmuş torpaqların donunu açır. Bu çərşənbədə ilk dəfə tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. 

Yazın gəlişini ovçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olan bütün soy və qəbilə birləşmələri, xalqlar səbirsizliklə gözləmişlər. Yazı qarşılamaq üçün odun, istinin – Xızırın şərəfinə mərasimlər keçirərdilər. Yaz bayramı və mərasimlərinin azərbaycanlıların gündəlik həyatı, məişəti ilə bağlılığı tədqiqatlar nəticəsində sübut olunmuşdur. Yazla bağlı keçirilən mərasimlərdə odun – istinin gəlişini xalq poetik nümunələrlə gözə çarpdırmışdı:

 

              Xızır, Xızır xız gətir,
             Var dərədən od gətir...
             və yaxud:
             Zəm-zəm gəldi, atəş gəldi, yel gəldi,
             Təzə ömür, təzə məhsul, il gəldi.

İlaxır çərşənbələrin hər birində əzizlənən müqəddəs ünsürlər bütün il boyu insanın köməyinə gəlmiş, ona əl tutmuş, ən ağır əmək prosesləri zamanı da nəğmə, ayin və etiqadlar xalqın dilində yaşamış, onun erkən məişətinə yoldaşlıq etmişdir. Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inancına tapınma ilə əlaqədar yaranan ilaxır çərşənbələrin ikincisidir. Buna xalq arasında “üsgü çərşənbə”, “üsgü gecəsi”, “ikinci çərşənbə”, yaxud da əzizləmə məqsədilə “addı çərşənbə” də deyilir. İnsanlar təsəvvürlərində təbiəti canlandıran, torpağı isidən Günəşi onun yerdəki rəmzi kimi odu rəmzləşdirmişlər. İnsanlar arasında belə bir etiqad yaranmışdır ki, onlar Günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Türkdilli xalqlarda Günəş-od-atəş istisinin beş növü ilə əlaqədar şənliklər keçirilmişdir. Həmin şənliklər təxminən od çərşənbəsi günlərində keçirilmiş və yaddaşlarda Azər şənlikləri kimi yaşamışdır. Bununla yanaşı, qədim inam və etiqadlara görə, Günəş-od-atəş tapınmasının ilk mənbəyi ağacın gövdəsində yatan istiliklə bağlı olmuşdur. Əski etiqadlarda insanın qızındığı istiliyin ilk mənbəyi də ağac kultu hesab edilirdi: “müqəddəs odu” insana ağac vermişdir, daha doğrusu, insan iki ağacı bir-birinə sürtməklə od əldə etmişdir. “Dağdağan, zoğal, əncir və tut ağaclarını odda yandırmazlar”, “Ağacın istisinə isinərlər”, “Od çərşənbəsində “ağlayan” ağacı kəsən sonsuz qalar”, “Palıd ağacının istisi sağlamlıq gətirər” və sair kimi inamlar da ağac kultu ilə əlaqədardır.
Od çərşənbəsində Günəş-od-atəş anlamı çox geniş ölçülərdə qəbul və dərk olunmuş, təbiətin dörd ünsüründən biri olan oda erkən inam və etiqadlar silsiləsini yaratmışdır. Od çərşənbəsi ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim, mif və rəvayətlər bu günümüzə qədər gəlib çatmışdır. “Qodu xan” etiqadı, “Günəşə qurban kəsmək” mərasimi, “Od baba və gözəl Şahu” və başqa nümunələr odla bağlı yaranmışdır.
Ulularımızın od-ocaq qarşısında səcdəyə durmalarını, əyilib ocaqdan od almalarını, odun ətrafında ayin, oyun və əyləncələri icra etmələrini və sair ağbirçək nənələrimizin, ağsaqqal babalarımızın dilindən eşitmişik. Od həm də insanı yaşadığı yerə – yurda, el-obaya bağlayan ünsürdür. Təsadüfi deyil ki, insanın məskən saldığı yerə “ocaq” deyiblər. Odsevər əcdadlarımız ta qədim zamanlardan bütün el şənliklərini, toy-bayram büsatlarını alovla – tonqalla rövnəqləndirib, evlərdə, eyvanlarda çıraqlar yandırıb, gəlin köçən qızların yoluna çıraq tutublar. Xalqımızın odla bağlı uzaq keçmişindən yadigar qalan bu kimi adət və ənənələr bu gün də yaşayır.
“Oda dərdini deyən xeyir aparar”, “Ocaq sönməyən yerdə məskən salarlar”, “Odsuz ocaq olmaz”, “Od düşdüyü yeri yandırar”, “Oda pənah aparanın ocağı sönməz”, “Gün düşən yerdə xəstəlik olmaz”, “Gün doğanda ziyarətə yola düşərlər”, “Çıraq yeri qibləyə olan ev uğurlu olar”, “Od haqqı!”, “Ocaq haqqı!”, “Ocağa and olsun!”, “Ocağın bərəkətli olsun!” və sair kimi folklor nümunələri oda inam və etiqaddan yaranmışdır.
Günəşlə, odla, ocaqla bağlı əski çağlarda keçirilən mərasimlər xalqımızın ən qədim görüşlərindən olub, bir sıra qayaüstü rəsmlərdə öz əksini tapmışdır. Şübhəsiz ki, min illər boyu Naxçıvan əhalisinin mədəni inkişaf yollarını özündə yaşadan, ən az beş min il yaşı olan Ordubad rayonu ərazisindəki Gəmiqayada arxeoloqlar tərəfindən öyrənilmiş qayaüstü təsvirlər arasında qayanın mərkəzi hissəsində od və Günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə rəqs edən insan təsviri də əcdadlarımızın Günəşə, oda, atəşə olan etiqad və inamları ilə bağlıdır.

Nizami ƏZİZƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR