Əylis tarixi türk torpağıdır. Əylis toponimindən bəhs edərkən filologiya elmləri doktoru Adil Bağırov yazır: “Ordubad rayonunda Aşağı Əylis və Yuxarı Əylis adlı iki kənd vardır. Bu adlar 1590-cı ildə Əylis və Səhrayi-Əylis kəndi, 1727 və 1728-ci illərdə isə Aşağı və Yuxarı Əylis adları ilə qeydə alınmışdır”. Toponimin izahı ilə bağlı bir çox tarixi mənbələrdən iqtibaslar gətirən müəllif “Əylis” sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur.
Fikrimizcə, qədim türk yurdu olan bu yaşayış məntəqəsinin bu diyarın aborigen sakinləri olan türklər tərəfindən və türk dilində adlandırılması daha ağlabatandır. Əylisin qədim sakinləri buranı “Ağ Ulus” adlandırmışlar. “Ağ” sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. “Ulus” sözünün isə hələ qədim türk mənbələrində şəhər mənasında işlənməsi hamıya məlumdur. Dəqiqləşdirmə aparmaq üçün AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” kitabından aşağıdakı sitata diqqət yetirək: “Uluş termini. Bu leksem ...“İki yıldız nom” abidəsindəki Talas uluş oykonimində işlənmiş, runik abidələrdə isə Bukarak uluş bodun şəklində çıxış etmişdir. Bu coğrafi termin də türklərin böyük bir qismi tərəfindən “şəhər” mənasında işlədilirdi: Balasaqun şəhərinə Kuz uluş deyildiyi kimi”.
Göründüyü kimi, “uluş” sözü şəhər mənasında hələ Orxon-Yenisey abidələrində işlədilib. Əylisin isə orta əsrlərəqədərki dövrdə böyük bir şəhər olduğu inkarolunmaz faktdır. Tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Böyük İpək Yolu və Naxçıvan” kitabında yazır: “Orta əsr qaynaqlarına əsaslanan tədqiqatçılar artıq XVI əsrdə Azərbaycan şəhərləri haqqında danışarkən onların sırasında Əylisin də adını çəkirlər”.
Digər tərəfdən, Əylisi “Ağ ulu su” kimi də izah etmək olar ki, “ulu” türk dillərində qədim mənasını ifadə edir. “Su” hissəciyini isə həm su tayfaları ilə, həm də maye, su, çay anlayışları ilə izah etmək olar. Nəzərə alsaq ki, Araz çayının cənub tərəfində eyni istiqamətdə Siyahrud – Qara çay – “Qara su” adlı yaşayış məntəqəsi var, onda Ağ ulu su və Qara su sakinlərinin fərqlənmək üçün bu adlarla yaşadıqları məntəqələri adlandırdıqları iddiasını da irəli sürmək olar. Araz çayının qollarından biri məhz Əylis adlanır. Mənbəyini Zəngəzur silsiləsinin cənub-qərb yamacından götürür (“Azərbaycan toponimləri”, ensiklopedik lüğət, I cild, Bakı, 2007). Türk tayfa adlarında “ağ” və “qara” təyinedici sözləri ilə fərqlənməni biz Ağqoyunlu və Qaraqoyunlu tayfa adlarında da görürük.
“Əylis” sözünü “Ay ulusu” kimi izah edərkən yenə də yol əski türk inanclarından keçir. Məlumdur ki, əski türklərdə Ay tanrısına inam olub. Hətta arattalıların bərəkət tanrısı İnanna da (En-ana – hökmdar qadın, ana) bəzi hallarda Ay tanrısı kimi göstərilir. Ay tanrısına inancın qalıqları bu gün də məişətimizdə qalmaqdadır. İslamaqədərki inanclardan bəhs edən tarix üzrə fəlsəfə doktoru Türkan Qədirzadə bununla bağlı yazır: “Təzə Ay çıxanda müəyyən inamlara əməl olunur. Xalq arasında Ay təzələnəndə deyirlər ki, Ay yeng olub. ...Deyirlər ki, Aya salavat verib yaşıl ota, qızıl üzüyə baxanda ruzi bol olar” (Türkan Qədirzadə, “İslamaqədərki adətlər, inamlar və mərasimlər (Naxçıvan materialları əsasında)”, Bakı, 2006).
Aşağı Əylisə keçmişdə niyə “Dəşt” deyirdilər?
Mənbələrin əksəriyyətində bugünkü Aşağı Əylisin adından “Dəşt” kimi bəhs olunur. N.Məmmədov “Vətən dərdi” adlı kitabında Aşağı Əylisə “Dəşt” deyilməsinin səbəbini ərazinin relyef quruluşu ilə əlaqələndirərək yazır ki, “Aşağı Əylis kəndi həm də “Dəşt” adlandırılıb (Dəşt – fars dilində düz, çöl deməkdir). Görünür, eramızdan əvvəl indiki Aşağı Əylis kəndinin ərazisi düzənlik, tikintisiz olduğuna görə “Dəşt” adlandırılmışdır. “Aşağı Əylis” adlandırılan kənd XVII əsrin sonuna qədər “Dəşt” adını qoruyub saxlamışdır”.
İstənilən halda, etnonimin İran dillərində izah olunması belə, ərazinin ermənilərə məxsusluğuna əsas vermir. Digər tərəfdən, bəzi tədqiqatçılar Aşağı Əylisdə məskunlaşan əhalinin Yuxarı Əylisdən gələrək bu ərazidə məskən saldıqlarını iddia edirlər. O zaman “Dəşt”in “Dış” (kənar) olması daha ağlabatandır. Hər hansı bir səbəbdən Yuxarı Əylisdən çıxan yerli sakinlərin “Dış Ulus sakinləri” deyə adlandırılması mümkündür. Digər tərəfdən, mahalın İç Ulus və Dış Ulus adlanması mümkündür. Tarixi-coğrafi baxımdan yanaşdığımız zaman da görünür ki, Yuxarı Əylis nisbətən dağların içinə tərəf yerləşib. Sonralar İç Ulusun Əylisə çevrilməsi, Dış Ulusun isə “ulus” komponentinin düşməsindən sonra “Dış” kimi adlanması fikrini irəli sürmək olar. Sasanilər dövründə sərhəd məntəqələrinə köçürülmüş pəhləvidilli əhalinin isə bu ərazidə məskunlaşdıqdan sonra “Dış”ı özlərinə daha yaxın olan “Dəşt” kimi ifadə etməsi də mümkün bir haldır. Necə ki, “Dəşt” sözünü tələffüz edə bilməyən ruslar ərazini “Nijniy Akulis” (Aşağı Əylis) adlandırmışdılar (bax: Adil Bağırov, “Naxçıvan oykonimləri”, Bakı, 2008).
Qədim türk torpağı olan Əylisdə iki cüt-bir tək erməninin adına 1828-ci ildən sonra rast gəlinir. O adları da rus “cildinə girmiş” ermənilərdən başqa heç kim yaza bilməzdi.
Elnur Kəlbizadə