Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasından bir il ötür. Orkestr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 10 yanvar tarixli Sərəncamı ilə yaradılmışdır.
Ötən bir il ərzində Estrada Orkestrinə gənc ifaçılar cəlb olunmuş, kollektivə geyim dəstləri, musiqi alətləri verilmişdir. Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin ilk çıxışı keçən il fevralın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının açılış mərasimində olmuşdur. O zaman orkestrin ifaçıları Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnılarını məharətlə ifa etmişdilər.
Estrada Orkestri bu bir il ərzində keçirilən dövlət və bayram tədbirlərində də iştirak etmişdir. Kollektiv zaman keçdikcə dövlət qayğısını daha çox hiss edir. Yaradıcı gənclərin kollektivə cəlb edilməsi, repertuar yeniliyi, ifa səviyyəsinin yüksəldilməsi kollektiv qarşısında duran əsas məsələlərdəndir. Estrada orkestrinin bədii rəhbəri və dirijoru Nizami Məmmədov kollektivin gələcək uğurlarını bu məsələlərin həllində görür. Nizami müəllim repertuar müxtəlifliyinin orkestrin gələcək fəaliyyətində başlıca rol oynayacağını deyir. Orkestr Azərbaycan bəstəkarları ilə bərabər, xarici ölkə bəstəkarlarının da əsərlərini yüksək peşəkarlıqla ifa edir. Bu mənada orkestrin ifasında səslənən Şubertin “Serenada”, Ştrausun “Vyana valsı”, Zamfirin “Tənha çoban” və başqa əsərlər belə ifalardandır.
Estrada Orkestrinin ifasında xalq mahnıları da məharətlə səslənir.
Estrada Orkestrinin rəhbəri və dirijoru Nizami Məmmədov bildirdi ki, yaxın günlərdə ictimaiyyət qarşısında konsert proqramı ilə çıxış etməyi planlaşdırırlar:
– Bu il orkestr yüksək səviyyəli tədbirlərdə iştirak edəcək. Çalışırıq ki, Estrada Orkestri muxtar respublikamızın mədəni həyatında seçilsin. Bunun üçün isə, ilk növbədə, yorulmadan çalışmaq lazımdır. İfa səviyyəsinin peşəkarlıq səviyyəsinə çatdırılması daim bizi düşündürür.
Əli RZAYEV