Novruz ulu əcdadlarımızın əski bayramlarından olmuş, insana həyat verən dörd ünsürün – suyun, odun, yelin (havanın), torpağın isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Əski inamlara görə, insana fayda verməyən “ölü” hesab olunurdu. Məhz bu mənada torpağın məhsul verməsini “dayandırması”, onun “donması” insanın ən zəruri həyat nemətlərindən məhrum olması kimi dərk edilirdi. Yığılan azuqə ehtiyatı tükəndikcə insanda torpağı oyatmaq, əkmək, biçmək arzusu artırdı. Torpaq isə birdən-birə “dirilmir”, oyanmır. Onun oyanması üçün su, istilik (od, Günəş) və yel (hava) lazım idi. Elə bu arzu ilə bağlı xalq çox qədimdən həmin dörd ünsürlə əlaqədar özünün zəngin adət-ənənə, etiqad və ayinlərini yaratmışdır. Təzə ilin başlanmasına dörd həftə qalmış bu ayin və etiqadlar icra olunmağa başlanmışdır.
Boz ayın dörd müqəddəs çərşənbəsinin birincisi əzəl çərşənbədir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “su çərşənbəsi”, “sular novruzu”, “gül çərşənbə” adları ilə də tanınır. Mənbələrə görə, əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə ən əvvəl su təzələnir; elə buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqələndirilir.
Məlumdur ki, türk xalqlarının mifoloji təsəvvüründə ən qədim kultlar içərisində su kultu mühüm yer tutur. Su ilə bağlı yaranmış tapınmalar içərisində su tanrısı Abanın və Nahidin adı ilə bağlı çox əski süjetlər xalq arasında geniş yayılmışdır. Elə həmin görüş və etiqadlarla bağlı təsəvvürlərin bir çoxu əzəl çərşənbənin – su çərşənbəsinin ayin-etiqadları ilə çarpazlaşmış, bu çərşənbənin adı ilə bağlı silsilə inam, etiqad, ənənə, mərasim və sair yaranmışdır.
Əzəl çərşənbə suyatapınma inamı ilə başlayır. Hamı hələ Günəş doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, biri-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su səpirlər. İnama görə, “təzə su”, daha doğrusu, əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanıdır. Çox ehtimal ki, Xızırın dirilik çeşməsindən su içdiyi, Koroğlunun Qoşa bulağı tanıdığı gün də elə əzəl çərşənbə günü olmuşdur. Su sağlamlığın rəhni kimi səciyyələnir. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəliklərdən uzaq olurlar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilir. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirirlər. Adamlar elə buradaca günah işlətməyəcəklərinə, ancaq və ancaq yaxşılıq edəcəklərinə and içirlər. Mərasim suyun başına dövrə vuran adamların aşağıdakı nəğməsi ilə başa çatır:
Sel çapar, su çapar,
Bir günah işlətdim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar.
Su çərşənbəsi günü adamlar səhər tezdən üz tutarlar axar suyun üstünə: niyyət eləyib suyun üstündən tullanar, əl-üzlərini yuyar, biri-birinin üstünə su çiləyər, “Bu, mübarək sudu”,– deyərlər. Təzə sudan gətirib evin dörd küncünə, həyət- bacaya, mal-qaranın üstünə çiləyərlər. İnsanlar bununla ilin ruzi və bərəkətli olacağına inanırlar. Qucaqdakı körpələri, qoca və xəstələri də su üstündən hoppandırarlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun. Suyun qüdrətini, müqəddəsliyini həmişə önə çəkən əcdadlarımız hətta ilin axır çərşənbəsində belə, “Suüstü” deyilən mərasimi təntənə ilə qeyd etmişlər. Bu ənənə Naxçıvan, xüsusilə Ordubad rayonunun sakinləri tərəfindən bu gün də yaşadılaraq gələcək nəsillərə ərməğan edilir.
Ulularımız arzu və niyyətlərini, dərdlərini suya söyləmiş, su ilə gələcək talelərini görmüşlər. Səfərə çıxanın, uzaq ellərə yol alanın arxasınca su atmışlar ki, Tanrı onun köməyi olsun. “Su bulanmayınca durulmaz”, “Su murdarlıq götürməz”, “Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz”, “Suyu ver susayana, içsin qana-qana”, “Su olan yerdə dirilik olar”, “Su içən adamı qəfil vurmazlar”, “Süfrəyə su dağılması aydınlıqdır”, “Su dolu qabla qabağına çıxsalar, işin avand olar”, “Su içəni danışdırmazlar”, “Lal axan sudan keçməzlər”, “Su içən adamı ilan çalmaz” və başqa inanclar, “Su haqqı!”, “Axar suya and olsun!” kimi andlar ulu əcdadlarımız tərəfindən su ilə bağlı yaradılan müdrik kəlamlardır.
İlaxır çərşənbələrin hər biri əcdadlarımızın elə müqəddəs etiqadları, duyğuları ilə bağlıdır ki, bu gün onları öz dünənimiz, keçmişimiz kimi yaşatmağa borclu olmaqla yanaşı, həm də gələcək nəsillərə çatdırmalıyıq.
Nizami ƏZİZƏLİYEV