Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan tarixi abidələrlə zəngin bir diyardır. Son illər muxtar respublikamızda tarixi abidələrin tədqiqi və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, müxtəlif mövzularda beynəlxalq simpozium və konfranslar təşkil olunmuş, 1000-ə yaxın kitab, monoqrafiya, dərslik və elmi məqalələr hazırlanaraq nəşr edilmiş, dünya və ölkə əhəmiyyətli 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır.
Muxtar respublikamızda milli-mədəni sərvətimiz olan və xalqımızın tarixi keçmişini özündə yaşadan bu abidələrin bərpası və qorunması ilə yanaşı, onların öyrənilməsi, təbliği və beynəlxalq səviyyədə tanıdılması sahəsində də ardıcıl iş aparılır.
Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Azərbaycanın Polşa Respublikasındakı səfirliyinin birgə əməkdaşlığı ilə muxtar respublika ərazisindəki tarixi abidələrin xatirə medalları hazırlanmışdır. Medallarda “Möminə xatın”, “Yusif Küseyir oğlu”, “Qarabağlar”, “Nuh Peyğəmbər” və “Hüseyn Cavid” türbələrinin təsvirləri əks olunmuşdur.
Qiymətli metallardan nəfis tərtibatla hazırlanmış xatirə medallarının mərkəzində tarixi abidələrin qabarıq eskizi yerləşdirilib. Eskizin altında abidələrin Azərbaycan və ingilis dillərində adları, eləcə də hansı əsrə aid olduqları yazılıb. Medalların arxa üzündə Azərbaycan Respublikasının xəritəsi həkk olunub.
Xatirə medallarının ilk nümunələri Naxçıvanşünaslıq Mərkəzinə hədiyyə edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti