25 Dekabr 2024, Çərşənbə

“Naxçıvanı qoruyan rəmzlər” silsiləsindən VI yazı

“Sənin görüm ömrün Duzdağına dönsün”. Naxçıvanı qoruyan rəmzlər silsiləsindən növbəti yazımızı hazırlayarkən yola hardan çıxmaq haqqında düşünürəm. “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol” kitabında öz əksini tapan və əsrlərin sınağından çıxıb gələn bu alqış nümunəsi diqqətimi çəkir. İnsan ömrünü Duzdağa bənzətmək nə deməkdir? Axı uzun ömür heç də  həmişə xoşbəxt və xeyirli bir ömür demək deyil. Bir-birinə Duzdağ ömrü arzulayan Azərbaycan insanı təkcə uzun deyil, həm də mənalı, faydalı bir ömür arzulayıb demək. Çünki Duzdağı Duzdağ edən, müqəddəsləşdirən təkcə onun qədimliyi və Nuh peyğəmbərlə bağlı olması deyil, həm də onun faydalılığıdır. Duz həm də qoruqçudur. Yad nəzərlərdən, bəd nəzərlərdən insanları qorumaq üçün “başa duz çevirmək” kimi bir inancımız var. Duz mənfi olan, qara olan hər şeyi qaytarır. Bu mənada Naxçıvan şəhərindən 12 kilometr məsafədə yerləşən Duzdağ Nuhla bağlılığına görə Naxçıvanın rəmzlərindən biridirsə, mənfilikləri, bu torpağa dikilən yad nəzərləri qaytarmaq inancı baxımından həm də qoruqçudur. Başqa sözlə desək, Duzdağ, sözün bütün mənalarında, Naxçıvanı qoruyan rəmzdir. 

Xalq arasında yayılmış bəzi əfsanələrə görə, Duzdağda ilk dəfə duzu Nuh peyğəmbər çıxarıb. Elə bu yerin sakinlərinə də duzçıxarma peşəsi məhz onun tərəfindən öyrədilib. Duzdağda aparılan araşdırmalar isə göstərir ki, burada mədənçiliyin tarixi Eneolit dövründən başlayır. Eramızdan əvvəl dördüncü minillikdə isə burada duzçıxarma mədənçiliyi daha geniş vüsət alıb. Təsərrüfatda istifadə olunmaqla yanaşı, zaman keçdikcə duz ətraf ərazilərdə yaşayan tayfalarla mübadilə prosesində istifadə olunub. Sonra isə duz ticarət məqsədi ilə buradan daha uzaq ərazilərə daşınıb. Tarix üzrə fəlsəfə doktoru El­brus İsayev “Böyük İpək Yolu və Naxçıvan” kitabında hələ qədim dövrlərdən başlayaraq karvan yolları ilə daşınan məhsullar içərisində duzun xüsusi yer tutduğunu qeyd edir. 

Tarixi tədqiqatlar göstərir ki, bu sirli ərazidən əsrlər boyunca davamlı olaraq duz çıxarılıb. Bu gün də Duzdağdakı mağaraların divarlarında qalan və ən qədim yurddaşlarımızın hesab və say sistemləri ilə bağlı anlayışlarından xəbər verən işarələr, şaxtalardan birinin Səfəvi şahı Şah Abbasın adını daşıması Duzdağın Antik dövrdə və orta əsrlərdə də öz məşhurluğunu, möhtəşəmliyini saxladığının göstəricisidir. Qədim duz mağaralarının sirri isə XX əsrin 60-cı illərinin sonundan başlayaraq açılmağa başlayıb. Doğrudur, XIX əsrin ikinci yarısında Naxçıvanda yaşayan və tədqiqat aparan bir sıra digər millətlərdən olan mütəxəssislər (Bayer, K.A.Nikitin, İ.S.Polyakov, P.N.Nadejdin və başqaları) qədim duz mədənlərinin izinə düşsələr də, Duzdağ öz sirrini onların üzünə tam açmamışdı. Duzdağın qədim şaxtaları 1967-ci ildə təsadüfi bir uçqun zamanı və 1976-cı ildə burada aparılan qazma işləri zamanı aşkara çıxarılıb.
Əsrlər boyu “varını verməkdən çəkinməyən” Duzdağın bu gün sahib olduğu duz ehtiyatı 90 milyon ton civarındadır. Duzdağ həm də insanlara şəfa verən, onları müxtəlif xəstəliklərdən hifz edən bir məkandır. Duzdağ bu mənada təkcə Naxçıvanı, naxçıvanlıları deyil, dünyanın müxtəlif yerlərindən gələn insanları qoruyur, onlara şəfa verir.
Duzdağın sirləri isə təkcə bununla bitmir. Uzaqdan nəzər yetirdikdə rənglərin müxtəlif çalarlarını özündə əks etdirən Duzdağ bir aləmdirsə, onu qarış-qarış gəzəndə burda başqa bir sehrli aləmi də tapırsan – duz çaylarını. Burda su deyil, duz axır sanki və ona toxunduqda başa düşürsən ki, bu duz nə vaxtsa axıb, amma indi axmır, donub. Kim bilir, bəlkə də, Naxçıvanın tarixinin ən ağrılı, ən kəşməkəşli zamanlarında bu diyar üçün axan göz yaşlarının rəmzidir bu duz çayları. İndi quruyub. Duzdağ indi insanlığa gülümsəyir. Daha ağlamır. Naxçıvanın tərəqqisini, inkişafını görüb göz yaşlarını silib. Bu mənada Duzdağı rəmzi mənada bir Anaya da bənzətmək olar. Ya da Naxçıvan adlı ananın gözlərinə!

Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR