25 Dekabr 2024, Çərşənbə

Su dəyirmanları tarixən xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilib. İnanclara görə, buraya haram məhsul gətirmək böyük günah sayılıb. Ulularımız inanıblar ki, üyüdüləcək məhsul oğurluqdursa, o zaman dəyirmanın da bərəkəti qaçacaq, çörək qıta çıxacaq. Ona görə indi də deyirlər ki, dəyirman haram götürməz. Dəyirmanın suyunu kəsən, onu çirkləndirən də el arasında qarğış-qadağa sahibi olub. Dəyirmana dən üyütməyə evin ayağı sayalı, əli bərəkətli üzvü gedib. Burada dən üyüdəndə deyərdilər: “Çörəyiniz bol olsun, ruzili olsun”. Dəyirmandan gələnlərə, dəni üyüdüb gətirən adamlara evdə xüsusi hörmət göstərilərdi, qarşısına çıxılardı. Baba-nənələrimiz çuvaldan unu üç dəfə götürüb, bir də qaytarıb yerinə boşaldıb deyərdilər: “Bərəkəti içində qalsın”. Bundan sonra un işlədilə bilərdi. Xalq arasında dəyirmanla bağlı bir sıra hikmətli deyimlər də mövcuddur: “Haqq dəyirmanda olar”, “Dəyirmanda buğda qurutmazlar”, “Dəyirmanın yaraşığı torbaçuvaldır”, “Dəyirmanın səsindən qaçan dən üyütməz”, “Hərə öz bildiyini deyər, dəyirman isə döydüyünü”, “Dəyirman çəkdiyini çəkər, çax-çax baş ağrıdar” və sair.

Hələ Neolit dövründə sadə dən daşları dən üyütmənin əsasını qoyub. Muxtar respublikanın ərazisindən tapılan maddi-mədəniyyət nümunələri təsdiq edir ki, bu dövrdə ən sadə dən üyütmələr həvəngdəstələr vasitəsilə icra olunub. Oyuq şəklində yonulmuş daşların içinə dən tökülür və dəstər vasitəsilə döyülürdü. İndi belə daşlar tarix muzeylərimizin ən nadir eksponatları arasında yer alır və qədim əkinçilik mədəniyyətindən xəbər verir. Taxılçılığın əsas təsərrüfat sahəsinə çevrildiyi dövrdə isə həvəngdəstələri nisbətən daha müasir alətlər əvəz edib. Əvvəllər taxılın una çevrilməsində sadə dən daşlarından geniş istifadə olunurdu. Sadə dən daşlarından əl dəyirmanına keçid isə taxılçılığın daha da geniş inkişaf etməsini şərtləndirən amillərdən idi.

Taxılçılığın inkişafı nəticəsində əl dəyirmanları zaman keçdikcə su dəyirmanları ilə əvəzlənib. Lakin onu da xatırladaq ki, su dəyirmanı kirkirəyə nisbətən daha mürəkkəb quruluşa və müqayisəedilməz dərəcədə üstünlüklərə malik idi. Əgər kirkirə vasitəsilə bir gündə ən çox 30 kiloqram dən üyüdülürdüsə, su dəyirmanı vasitəsilə 500 kiloqram və daha çox dən üyütmək olurdu. Su dəyirmanları bəşər tarixində mühüm ixtiralardan biri kimi qiymətləndirilir. 
Su dəyirmanlarının ilk dəfə harada, necə və nə vaxt yaranması haqqında yekdil fikir yoxdur. Lakin Qafqazın coğrafi şəraiti və yüksək əkinçilik mədəniyyəti tarixindən məlum olur ki, su dəyirmanlarının ilk vətəni də məhz bu ərazi olub. Arxeoloji qazıntılar zamanı su dəyirmanlarının az tapılması onun əsas yaşayış yerlərindən bir qədər aralı, münasib yerlərdə qurulması və sıradan çıxdıqca yerinin itməsi ilə izah edilir.
Naxçıvanda taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı maraqlı adət-ənənələr olub. Dəyirmanda dən növbə ilə üyüdülüb. Əkin mövsümü bitdikdən sonra hər bir ailə qışa qabaqcadan hazırlıq məqsədilə nəzərdə tutulan miqdarda taxıl üyüdüb. Buna “qışlıq” deyilib. “Qışlıq” üyüdülməsinin səbəbi qış aylarında dağ çaylarının donması ilə əlaqədar dəyirmanların işləməməsi idi. Ona görə də adamlar dəyirmanda bəzən bir və ya bir neçə gecə qalır, dənlərini üyüdürdülər. El ağsaqqallarının söhbətlərindən belə məlum olur ki, dəyirmanlar ya ayrı-ayrı şəxslərə, ya da bir nəslə mənsub olub. Dəyirmançı həmişə dəyirmanda olur, onun işləməsinə, növbənin gözlənilməsinə diqqət edir, üyüdülmək üçün gətirilmiş taxılın təmiz və quru olmasına nəzarət edirmiş. Taxılın növündən asılı olaraq, dəyirmançı onu üyüdərək “şahad” adlanan haqq alırdı. “Şahad”, adətən, taxıl formasında alınardı. Bəzi hallarda dəyirman haqqı pulla ödənilirdi.
Araşdırmalar zamanı məlum olur ki, su dəyirmanları, adətən, ora gələn suyun səviyyəsindən aşağıda tikilirdi. Dəyirmanın tikilməsinin ilkin şərti məhz dəyirman yerinin müəyyən edilməsi idi. Su dəyirmanlarının iki növü olub. Birinci növdə su üfüqi vəziyyətdə olan pərli çarxı hərəkətə gətirir və çarxın özü üfüqi vəziyyətdə hərlənir, ikincisində isə su şaquli istiqamətdə qoyulmuş pərli çarxın üstündən tökülür və çarx şaquli istiqamətdə hərəkət edirdi. Lakin bu fərqlər su dəyirmanının dənüyütmə prosesində dəyişikliklər yaratmırdı. Çünki hər iki növdə öz oxu ətrafında hərlənən çarx dişli ötürmələr vasitəsilə dən üyüdən daşları hərəkətə gətirir. Dəni üyüdən üst daş daha ağır və qalın olur. Üst daşın üstündəki dən tökülən yerə “dənlik” deyilir. Dəyirmanın üst daşının ortasındakı deşik “tana”, onun dən axıdan hissəsi isə “novça” adlanır. Novça içərisi oyulmuş ağacdan olur və daşın deşiyinə iplə keçirilir. İpin bir ucu isə başqa yerə bərkidilir. Həmin yerdə “çax-çax” adlanan hissə olur. Çax-çaxın bir ucu un təknəsinə yaxın bərkidilir. Dəyirmanın üst daşı hərəkət etdikcə çax-çaxı da tərpədir və dənin daşın boğazına tökülməsini təmin edir. Alt və üst daşın ətrafında üyüdülmüş unun tökülməsi üçün taxta təknə quraşdırılır ki, bu da “unluq” adlanır. Dəyirmanda dənin üyüdülməsinin sürəti suyun gurluğundan və daşların diametrindən asılıdır. Uzun müddət dən üyüdüldükdə daşların çopurları kütləşir, yeyilir və üyütmə prosesi çətinləşir. Ona görə də vaxtaşırı üst daşı çıxarıb ona xüsusi dəmir çəkiclə “dişək” vururlar.
Buxar mühərrikləri vasitəsilə hərəkətə gətirilən və xalq arasında “od dəyirmanı” adlanan dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına, unudulmasına səbəb oldu. Sonralar isə belə dəyirmanları elektriklə işləyən dəyirmanlar əvəz etdi. Ancaq bir şey dəqiqdir ki, heç bir dəyirmanda üyüdülən un su dəyirmanlarında daşların “qoynundan çıxan”, yaxınlıqdakı suyun “nəfəsini alan” unun dadını verə bilməz.
Bundan iki il öncə – 2011-ci il iyul ayının 11-də Culfa rayonunun Kırna kəndində tariximizin unudulmuş belə bir bərəkət ocağı – su dəyirmanı yenidən qurularaq istifadəyə verilib. Bu su dəyirmanının işə başlamasıyla tarixin silinməkdə olan daha bir yadigarı yenidən yaşamaq hüququ qazanmışdı. Qədim su dəyirmanından təkcə Kırna kəndinin deyil, ətraf yaşayış məntəqələrinin də sakinlərinin istifadə edə biləcəyi hər bir sakini ürəkdən sevindirmişdi. Dəyirmanın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bildirmişdi ki, bu, muxtar respublikada istifadəyə verilən sonuncu su dəyirmanı olmayacaq. Muxtar respublikanın digər yerlərində olan su dəyirmanlarının bərpası üçün də lazımi dövlət dəstəyi göstəriləcək. Ona görə ki, su dəyirmanlarında istehsal olunan un dietik xüsusiyyətlərə malikdir. Burada istehsal olunan undan bişirilən çörək həm də müəyyən xəstəliklərdən əziyyət çəkən sakinlərin ehtiyaclarını ödəyəcək. Ona görə də biz tarixi mirasımız olan su dəyirmanlarını qoruyub saxlamalı, onları bərpa etməliyik. Bu dəyirmanlar uzun illər xalqımıza xidmət edib, insanlar onlardan bəhrələniblər.
Bu ayın əvvəllərində Culfa rayonunun Camaldın kəndində daha bir qədim su dəyirmanı istifadəyə verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış mərasimində su dəyirmanlarının əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün müstəqil ölkəmizdə bütün sahələrin inkişafı ilə yanaşı, tarixi-mədəni irsimizin qorunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Çünki hər bir tarixi-mədəni abidə xalqımızın milli sərvəti, onun tarixini və qədim mədəniyyətini yaşadan nümunədir. Buna görə də muxtar respublikamızda tarixi-mədəni abidələrimizin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu tədbirlər çərçivəsində xalqımızın məişət mədəniyyətinin bir parçası olan su dəyirmanlarının yenidən bərpa olunaraq istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Xalqımızın tarixi-mədəni dəyərlərini qorumaq vacib məsələdir. Hər bir ölkənin keçmişi həm də onun abidələrində yaşayır. Bu gün bu qədim su dəyirmanının bərpa edilməsi milli-mədəni dəyərlərimizə göstərilən hörmət, eyni zamanda bu sahədə həyata keçirilən dövlət siyasətinin muxtar respublikamızda da uğurla davam etdirilməsinin nəticəsidir. Muxtar respublikanın digər yerlərində olan su dəyirmanlarının bərpası üçün də lazımi dövlət dəstəyi göstəriləcək”.
Sahəsi 92 kvadratmetr olan su dəyirmanının sutkalıq istehsal gücü 1 tondur. Əlincə çayından dəyirmana qədər olan 1250 metrlik su kanalı təmizlənib, binanın ətrafında abadlıq işləri aparılıb. Kəndin 86 yaşlı sakini Əlirza Abbasovun dediklərindən:
– Dəyirmanımız özümüzə qaytarıldı. Çox sevinirəm... Uşaqlığımı xatırlayanda uzun qış gecələrində gözümə yuxu gedənəcən qulağıma gələn gurultunu ayrı bir həsrətlə yada salırdım. Bu, adi gurultu deyildi. O səsin çıxdığı məkana çiyinlərdə, arabalarda kisə-kisə, çuval-çuval arpa, buğda, qarğıdalı daşınar, kisə-kisə, çuval-çuval una, kəpəyə dönüb evlərə gətirilərdi. Kişilər dəyirmanda növbə tutardılar, “bu gecə filankəsin növbəsidi” deyərdilər. Qadınlar təzə su dəyirmanı unundan lavaş, təndir çörəyi bişirməyə tələsərdilər. Kisənin, çuvalın ağzını açıb baxan kimi bilirdilər ki, bu unun xəmirini sacda, yoxsa təndirdə bişirmək olar. Başlarını bulayıb deyərdilər: “Yox, bu un gödəkdi, təndirdə durmaz. Kündələrin hamısı kütə gedər. Bunu ancaq sacda bişirmək olar”. Dəyirmanın səsi gələndə yaşlıların sifəti nurlanırdı. Dodaqlarının altında pıçıldayıb şükranlıq edərdilər. İndi bilirəm ki, kəndimizdən yenə dəyirmanın səsi gələcək, yeni dəyirmandan Camaldın kəndinin sakinləri evlərinə bərəkət aparacaqlar. Dəyirman bərəkət ocağı, halallıq tələb edən ruzi mənbəyidir. Xalqın, millətin, elatın unu-çörəyi, ruzisi buradan keçir. Bu ruzi ocağını halal adamlar, nəcabətli insanlar qurub. Deməli, bərəkətimiz də olacaq, evlərin təknələri dolacaq.

Su dəyirmanları abidədir, tarixin şahididir, ulu babalarımızın təfəkküründən süzülüb gələn təbii istehsal obyektidir, gələcək nəsillərə ötürməyə borclu olduğumuz əvəzsiz yadigardır. Bu əvəzsiz yadigarları bərpa edən dövlətimizə minnətdarıq. Onu qoruyub gələcək nəsillərə çatdırmaq isə hamımızın borcudur.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR