25 Dekabr 2024, Çərşənbə

Bu il Azərbaycan ədəbiyyatının qüdrətli söz sahiblərindən olan Xalq şairi Məmməd Arazın anadan olmasından 80 il ötür. Məmməd İnfil oğlu İbrahimov 1933-cü ilin bir payız günündə, oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Məmməd Arazın uşaqlıq illəri ağrılı, həsrət dolu günlərin bir-birini əvəzləməsi ilə keçmişdir. Bütün bu çətinliklərə baxmayaraq, Məmməd Araz orta məktəbi bitirərək 1950-ci ildə o zamankı Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə qəbul olunmuşdur. 1954-cü ildə ali təhsilini başa vuraraq doğma kəndində iki il müəllimlik etmişdir. 1957-ci ildən Bakıya köçən Məmməd Araz mətbuat sahəsində çalışmağa başlamışdır. Məmməd Araz 1959-1961-ci illərdə Moskvada ali ədəbiyyat kurslarında təhsil almış, 1961-ci ildən mətbuat sahəsindəki fəaliyyətini davam etdirmişdir. 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının Baş redaktoru vəzifəsində çalışmış Məmməd Araz Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuş, adına “Məmməd Araz” ədəbi mükafatı təsis edilmişdir. Və nəhayət, Məmməd Araz 2004-cü ilin payız günündə – dekabr ayının 1-də bütün varlığı qədər sevdiyi Vətəninə, xalqına əbədi “Salamat qal” dedi.

Müasir poeziyamızda düşünən və düşündürən lirikanın ən gözəl nümunələrini yaradan Məmməd Araz öz orijinallığı ilə Azərbaycan ədəbiyyatının sanballı söz sənətkarları sırasındadır. Məmməd Araz poeziyası haqqında danışmaq çox çətin və məsuliyyətlidir. Bu çətinlik onun yaradıcılığının dərinliyindən, məsuliyyət isə xalqın ona bəslədiyi məhəbbətdən doğur. Təkcə bu misralar kifayət edir ki, poeziyamızın Məmməd Araz səhifəsini, sözün əsl mənasında, düşünən və düşündürən poeziya adlandırasan:

                   “Azərbaycan!” deyiləndə ayağa dur ki,
                   Füzulinin ürəyinə toxuna bilər.

Bu misralar oxucunu düşündürməyə, nəticələr çıxarmağa vadar edir.
Məmməd Araz oxucunu düşündürərkən poeziyadakı böyük həqiqətləri mənimsəmək və dərk etmək üçün heç də onu baş sındırmağa vadar etmir. Əksinə, onun hər mürəkkəb bənzətməsi, yaxud sözaltı fikri, eyhamı geniş oxucu kütləsinə dərhal çatır, mənimsənilir, nəticədə isə söz sənətka­rının ən böyük qələbəsi, uğuru olan mənəvi qüvvəyə çevrilir. Bir söz, ifadə, cümlə və yaxud misra, beyt, bənd o zaman əbədilik qazanır, o zaman söz sənətinə çevrilir ki, o, insan daxilində mənəvi qüvvəyə çevrilə bilir. Məmməd Araz yaradıcılığının hər misrasında, hər bəndində biz bu qüvvənin daşıyıcısına çevrilə bilirik. Bu isə, fikrimizcə, iki başlıca cəhətlə bağlıdır. Birincisi budur ki, Məmməd Arazın şeirlərinin əsasında hər cür abstraktlıqdan uzaq olan konkret fikir, real hiss, duyğu dayanır. Oxucu dərhal bu hissi, duyğunu, fikirləri duyaraq özünü qeyri-adi bir aləmdə dərk edir. Özünü də, özgəni də başqa formada, daha gözəl şəkildə görür. Günəşin şəfəqləri də onu başqa cür isidir, torpağın hərarəti də. Oxucu Məmməd Araz lirikasının “qəhrəmanları” olan soyuq daşlardan, qayalardan belə, bir doğmalıq, mehribanlıq, istiqanlılıq duyur; belə bir hökmü tamamilə düzgün hesab edir ki, həqiqə­tən də:

                   Vətən daşı olmayandan
                   Olmaz ölkə vətəndaşı.

Deməli, şeirdəki konkret hiss, fikir və duyğu insana dərhal çatmalıdır və çatır. İkincisi isə Məmməd Araz heç vaxt konkret hadisədən, problem və fikirdən, deməli, insandan kənarda bənzətmə axtarmır, qeyri-təbii obrazlılığa meyil etmir. Onun hər bənzətməsi, obrazlı ifadəsi müəyyən lövhə cızır, mənzərə yaradır. Buna görə də şairin əsərləri böyük tərbiyəvi təsirə malik olur:

                   Azərbaycan – qayalarda bitən bir çiçək,
                   Azərbaycan – çiçəklərin içində qaya.

Göründüyü kimi, şair obrazlılıq xatirinə obraz yaratmır. Onun hər obrazı təsirli mənzərədir, por­tretdir, emosional lövhədir.
Əsl poeziya bu yolla yaranır. Məmməd Araz poeziyasının bu cəhətləri, əlbəttə, mühüm bir keyfiyyətlə – şairin hadisələrə orijinal poetik münasibəti ilə sıx bağlıdır. Ədib bu münasibəti ifadə üçün milli formaya sadiq qalsa da, onun əsiri olmur. Bu forma daxilində, necə deyərlər, ustalıqla poetik “cərrahi əməliyyat” aparır: yeri gələndə hecanı artırıb-azaldır, ölçünü dəyişir, vəzndə dəyişiklik edir. Bütün bunlar getdikcə dəyişən, formalaşan, yeni keyfiyyətlər qazanan milli kökə, ənənəyə əsaslanan kamil ədəbiyyat nümunəsinin yaranmasına səbəb olur. Onun şeri mahir sənətkar fırçasından çıxan bitkin tabloya bənzəyir, sənətsevərləri sehrləyir, qanını coşdurur, həyəcanlandırır. Məmməd Arazın poeziyası belə bir həqiqəti bir daha sübut edir ki, milli forma hər cür bəşəri fikri, ideyanı ifadə etmək üçün əsla məhdudluq tanımamalıdır. Burada bəzən müəyyən qüsur özünü göstərirsə, günah formada yox, istedaddadır, yaradıcı şəxsin qabiliyyətindədir.
Ötən əsrin 50-ci illərində böyük ədəbiyyata gələn şair tükənməz xəzinə yaratmış, yaratdığı əsərləri ilə ictimai fikrə təsir göstərə bilmişdir.
Məmməd Arazın poeziyasında torpaq, Vətən duyğuları xüsusi yer tutur. Bu xüsusiyyət onun şeirlərində öz bədii inikasını tapmışdır. Vətənə, torpağa bağlılıq şairin yaradıcılığının ana xəttidir və bu, ədibin yaradıcılığında mühüm əhəmiyyət kəsb edir. Bu emosional duyğu onun “Vətən!” – desin” şerində öz aydınlığı ilə duyulmaqdadır:

                   Bu gün gərək hər anımız – Vətən! – desin,
                   Qılıncımız, qalxanımız –Vətən! – desin...

Şair vətəndaşlıq hissini, həyat harmoniyasını vacib tendensiya kimi yaradıcılığında dönə-dönə ön plana çəkmiş, insan düşüncələrini bütöv şəkildə mükəmməl kamilliyə istiqamətləndirməyi bacarmışdır: hər kəs Məmməd Araz poeziyasının metaforası üzərində dayanmağa məcburdur. Onun şeirlərinin hər misrası ilahi sehrin ağuşundadır.
Məmməd Arazın yaradıcılığı bütövdür. O, yaratdığı obrazları canlı olaraq oxucuya sevdirir, onların portretlərini ustalıqla tamamlayır. Eyni zamanda onun şeirləri milli-mənəvi həyatımızı orijinal formada təsbitləyir.
Məmməd Araz bu hünər və cəsarətlə yazıb-yaratmışdır. Onun poetik cəsarəti toxunduğu məsələlərin, qaldırdığı problemlərin böyüklüyündədir. Buna görə də Məmməd Arazın yaradıcılığı bir çox halda ədəbi müzakirələrin, mübahisələrin mərkəzində dayanır, təqdir edilir.
Məmməd Arazın yaradıcılığı rəngarəngdir, qol-budaqlıdır. Bu rənglər möcüzəsində, qol-budaq zənginliyində şairin poema yaradıcılığının rolu xüsusilə qeyd edilməlidir. “Üç oğul anası”, “Atamın kitabı”, “Əsgər qəbri haqqında ballada” və başqaları Azərbaycan poeziyasının zənginləşməsində mühüm rol oynamışdır. Bu poemalarda süjet yeniliyi, konflikt orijinallığı, obraz dolğunluğu xüsusilə diqqəti cəlb edir.
Xalq şairinin yaradıcılığı ilə yaxından tanış olan oxucu onu həm də ağıllı bir publisist kimi sevir. Gənclərin əxlaqi tərbiyəsi, torpağa qayğı və ehtiram, Azərbaycan təbiətinin qorunması kimi bir sıra problemlər Məmməd Arazın publisistikasında – oçerk, məqalə və məktublarında bütün kəskinliyi və prinsipiallığı ilə əks olunmuşdur.
Ədibin düşünən və düşündürən yaradıcılığını qidalandıran ən ali mənbə Vətənə, xalqa, doğma torpağa məhəbbət hissidir. Onun hər şerində, hər sətrində, hər sözündə belə, Vətənə məhəbbət tərənnüm olunur. Şair etiraf edir: “Bu torpağın daşı olub qalaydım, yoxdu özgə umacağım”.
“Vətən” sözü şair üçün mücərrəd bir məfhum deyil. Məmməd Araz “Vətən” dedikdə gözlərimiz önündə yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır. Və bu canlanma öz təbiiliyi ilə səciyyələnir. Ancaq Məmməd Araz yalnız Vətənin gözəlliyini təsvir etməklə kifayətlənmir. Şairin Vətənə məhəbbəti dərin duyğularla ifadə olunur; o, Vətənin yovşanını yad elin gül-çiçəyindən daha əziz bilir və Vətənin “sağ ol”undan başqa özgə mükafat istəmir:

                   Heç bir mükafatın yetmədi mənə,
                   Bircə “sağ ol”un da bəsimdi, Vətən.
                   Bəsimdi hər səhər təltif yerinə
                   Qapımda küləyin əsibdi, Vətən.

Məmməd Araz lirik şairdir. Onun hər şeri, hər sətri nəğmə kimi səslənir. Azərbaycan dilinin gözəlliyi, oynaqlığı, incəliyi, səmimiliyi Məmməd Arazın bütün şeirlərində əks olunub bizi heyran edir:

                   Bulaq gördüm – uşaq kimi ərköyün,
                   Məni gəzər məndən qaçan ürkəyim,
                   Salamat qal bu dağlarda ürəyim,
                   Salamat qal,
                   Salamat...

Əsl söz sənətkarı dağlar kimidir. Onun da dağa bənzər duruşu, vüqarı, iqlimi, yaşıllığı, xəzanı var. Ancaq burada mühüm bir fərq var ki, bu dağın “vulkan müəllifi” də, zəlzələ mərkəzlərini yaradan daxili təkanı da, mühitinin “iqlim amillərini” müəyyən edən təbiətşünası da şair özüdür. Sənətkar özü-özünü, sənətini dünyaya gətirir. Buna görədir ki, dünya böyük sənət üçün həmişə “boş yerlər” saxlayır. Bəzən yüz illərlə bu yerlər boş qalır, sahibini – yalnız o yer üçün doğulanı gözləyir! Məmməd Araz da belə doğulanlardan, belə yaradıcı sənətkarlardan idi. O, daim düşünən və insanları düşündürən şair idi.

Səyyar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR