Mayın 4-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi yekun konserti ilə başa çatmışdır.
Konsertdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünü ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşlər.
“Gənclik” Mərkəzində davam edən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov ümummilli liderin mədəniyyətimizin inkişafı üçün həyata keçirdiyi tədbirlərdən danışmışdır. Nazir vurğulamışdır ki, 2 turdan ibarət müsabiqəyə bu il fevralın 27-dən başlanmışdır. 9-13 və 14-17 yaş qrupları üzrə keçirilən müsabiqənin I turunda 1000-ə yaxın tək və kollektiv ifalar olmuşdur. II turda 600-ə yaxın şagird iştirak etmişdir. Bu turda seçilənlər isə müsabiqənin qalibi olmuşlar. Bugünkü konsertdə müsabiqə qaliblərinin bir qrupu çıxış edəcək.
Sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi başlanmışdır. Birinci yerə 15, ikinci yerə 26, üçüncü yerə isə 33 şagird layiq görülmüşdür.
Sonra yekun konsert olmuşdur.
Xəbərlər şöbəsi