Muxtar respublikamızda xalq-ordu birliyinin real nümunəsi yaradılıbdır. İstər bayram günləri, istərsə də digər əlamətdar günlərdə idarə, müəssisə və təşkilatların, həmçinin ictimaiyyətin nümayəndələri hərbi hissələrdə olur, zabit və əsgərlərlə görüşür, onlara mənəvi dəstək verirlər. Bu ənənənin davamı olaraq, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu iyunun 22-də Culfa rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərləri qarşısında konsert proqramı ilə çıxış edib. Qrupun ifa etdiyi musiqi nömrələri Vətən qarşısında müqəddəs borclarını yerinə yetirən zabit və əsgərlərimiz tərəfindən alqışlarla qarşılanıb.
Xəbərlər şöbəsi