Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Sülh naminə səyahət” Beynəlxalq Mədəni Mübadilə Mərkəzi yaradılmasının 10-cu ildönümü münasibətilə Böyük Xalq Sarayının Qızıl zalında “Sülh və incəsənət ustası” adı altında beynəlxalq rəsm sərgisi təşkil olunmuşdur. Məlumat üçün bildirək ki, “Sülh naminə səyahət” Beynəlxalq Mədəni Mübadilə Mərkəzi 2003-cü ildə Çinin Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə dəstəyi ilə yaradılmışdır və beynəlxalq mədəni mübadilə sahəsində fəaliyyət göstərir. Sərgidə Çinin yüksək rütbəli dövlət xadimləri, mədəniyyət sahəsində fəaliyyət göstərən insanlar, iştirakçı ölkələrin səfirləri iştirak etmişlər.
Sərgidə Çin, Azərbaycan, Rusiya, ABŞ, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin məşhur 100 rəssamının 200-dən artıq rəsm əsəri nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasını Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva təmsil etmişdir. Beynəlxalq sərgi çərçivəsində iştirakçılar bir çox tarixi mədəni abidələrlə, muzeylər və rəsm qalereyaları ilə tanış olmuş, böyük Çin səddi üzərində etüdlər etmişlər.
Xəbərlər şöbəsi