25 Dekabr 2024, Çərşənbə

Onların ifaları gələcəyə böyük inam yaradır

Naxçıvan Dövlət Uşaq Teatrına bu dəfə üz tutmağıma səbəb burada hansı tamaşaların səhnələşdiriləcəyi barədə xəbər hazır­lamaq idi. Bunun üçün lazım olan məlumatları götürdükdən sonra məşq prosesi aparılan “İtən əşyalar” tamaşasını izləmək istədim. Məktəblilər rolları mahir aktyorlar kimi ifa edirdilər. Belə ifaları böyük və köklü teatrların təcrübəli aktyorlarında görmüşdüm. Amma bu, Naxçıvan Dövlət Uşaq Teatrının məktəb şagirdlərindən təşkil edilmiş truppasının, yəni qeyri-professionalların ifası idi. Az yaşları ilə gələcəyə ümidlər yaradan aktyorluq məharəti... Hiss olunurdu ki, uşaqlar istedadlıdırlar. Mükəmməl səhnə hərəkətləri, yerində edilən jestlər, uşaqların hamısının səlis səhnə danışığı, tamaşa boyu səslənən musiqi parçaları da öz yerində. Qəzetimizdə bir neçə dəfə Naxçıvan Dövlət Uşaq Teatrı barədə məqalələr dərc etmişik. Ancaq bu dəfə istədim, oxucularımız teatrın aktyorlarını daha da yaxından tanısınlar. Tamaşanın məşqlərindən sonra onlarla həmsöhbət oldum.

Budur, qarşımda Nurlan adlı bir oğlan. Nurlanı balaca tamaşaçılar yaxşı tanıyırlar. Verdiyim sualları özünəməxsusluğu ilə cavablandıran bu yeniyetmə oğlanın qabiliyyətli olduğu açıq-aydın görünür. Onu daha yaxından tanımağa çalışıram. Bildirir ki, Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbin IX sinfində oxuyur. Səhnədə olduğu kimi, dərslərində də fəaldır. – Bəs necə oldu ki, Nurlan Uşaq Teatrının tamaşalarında rol almağa başladı? – deyə ona müraciət edirəm. Sualımı belə cavablandırır:

– 2009-cu ildə bizi məktəbdən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə gətirdilər. Biz burada “Meşə əhvalatı” adlı tamaşaya baxdıq. O zaman VI sinifdə oxuyurdum. Tamaşanı izləyərkən səhnədə həmyaşıdlarımın da olduğunu gördüm. Məndə səhnəyə həvəs oyandı. Tamaşa bitdikdən sonra teatra müraciət etdim və adımı yazdırdım. “İgidlik imtahanı” tamaşasında ilk rol aldım. Bu tamaşadan sonra teatrın hazırladığı bütün tamaşalarda mənə rol verilib.
Onu da qeyd edim ki, Nurlan gələcəkdə aktyor olmaq istəyir. Bu sənəti çox sevir. Ona arzumuz budur ki, istəyinə çatmaq üçün çox oxusun və elmlərin sirlərinə yiyələnsin. Bu halda o, arzusuna çata bilər.
Teatrın axırıncı tamaşası olan “Daşdəmirin nağılı”nda sərkərdə rolu ilə diqqət çəkən bir gənc aktyor diqqətimdən yayınmamışdı. Fürsətdən istifadə edib bu rolun ifaçısı ilə maraqlandım. Bu rolun ifaçısı Qadir Məmmədov idi. Onu da deyim ki, Qadir Naxçıvan Özəl Universitetinin II kurs tələbəsidir. O, Naxçıvan Dövlət Uşaq Teatrının ilk aktyorlarındandır:
– Mən Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbi bitirmişəm. Məktəbimizdə təşkil olunan tədbirlərin hamısında fəal iştirak edirdim. Bir dəfə “məktəbimizdən teatra uşaqlar seçəcəklər”, – dedilər. Biz də bir neçə şagird yoldaşımla balaca səhnəcik hazırladıq. Elmira Kərimova ifamı bəyəndiyi üçün məni teatra yazdı. 2006-cı ildə “Cəsur dovşan” tamaşasında oynadım. Məktəbi bitirənədək bütün tamaşalarda çıxışlarım oldu. 2011-ci ildə ali məktəbə qəbul olundum. İncəsənətlə əlaqəsi olmayan bir ixtisasda təhsil almağıma baxmayaraq, yenə də səhnədə olmaq istəyirəm.
Teatrın aktyorlarından Şümşad Rzayev Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin IX sinif şagirdidir. Onun bu sənətə üz tutmağı təsadüfi deyil. Çünki valideynləri də aktyordur. Şümşad rolları həvəslə oynayır. Rol aldığı ilk tamaşa “Bu dünya bir nağıldır” olub. Balaca yaşlarından tamaşalarda oynayan Şümşad valideynləri ilə eyni səhnədə oynamağın məsuliyyətini hiss edir. Buna görə də daim öz üzərində çalışır. Deyir ki, səhnədə olmaq, hər şeydən əvvəl, insana sərbəstlik, özünəinam aşılayır.
Lalə Əliyeva isə aktyorlar arasında ən sevimlisi və balacasıdır. Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin III sinfində təhsil alır. Teatra yeni qədəm qoyub. “Daşdəmirin nağılı” tamaşasında Nardan rolu ilə diqqətləri özünə çəkib. Sərbəstliyi, sözləri düzgün ifadə etməsi, rolu ustalıqla oynaması gələcəkdə bu sənətdə yaxşı yer tutacağına ümid yaradır.
Murad Hüseynli də bacarıqlı aktyor kimi yetişmək yolunda inamla addımlayır. 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi olan Murad dərslərini də əla qiymətlərlə oxuyur. Heydər Əliyev adına tam orta məktəbin VI sinif şagirdi Həsrət Abdullayev və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Sahil Səfərli də teatrın diqqətçəkən aktyorlarındandır.
Teatrın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimova deyir ki, məktəblilər Uşaq Teatrına çox həvəslidirlər. Bu illər ərzində yüzlərlə məktəbli bizim təqdim etdiyimiz tamaşalara baxıb. Həmin tamaşaçıların sıralarında Uşaq Teatrında fəaliyyət göstərmək üçün müraciət edən istedadlı uşaqlar olub. Çox vaxt şagirdlərin valideynləri də övladları ilə bərabər salonda tamaşaçı qismində əyləşiblər. Həmin valideynlər bir neçə tamaşadan sonra övladlarında yaxşı mənada çox ciddi dəyişikliklər olduğunu deyiblər.
Biz Uşaq Teatrından ayrılanda məktəbli aktyorlar yenə də səhnədə idilər. Onların məharətini görəndə, Naxçıvan teatr səhnəsinin gələcəkdə boş qalmayacağına bir daha əmin oldum.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR