İyunun 10-da Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bəstəkar Kamal Əhmədovun fortepiano və vokal-instrumental əsərlərindən ibarət konsert proqramı olmuşdur.
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov açmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışmış, incəsənət adamlarına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmişdir. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvü, musiqişünas Bənövşə Rzayeva təşkilatın məsul katibi, bəstəkar Kamal Əhmədovun həyat və yaradıcılığından söhbət açmış, əsərləri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, yaradıcılığa gənc yaşlarından başlamış bəstəkar opera və balet istisna olmaqla, musiqinin bütün janrlarında əsərlər yazmışdır.
Sonra bəstəkarın fortepiano və vokal-instrumental əsərlərindən nümunələr səsləndirilmişdir.
Xəbərlər şöbəsi