Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində miniatür kitab sərgisi təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirib ki, miniatür kitablar xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
“Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi, “Şöhrət” ordenli Zərifə Salahova bildirib ki, indiyədək Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin xəttilə ulu öndər Heydər Əliyevlə bağlı 39 miniatür nəşr işıq üzü görüb. Müxtəlif ölçülərdə buraxılan kitabların hamısı Heydər Əliyev Fondunda və Bakıdakı Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Bu gün Miniatür Kitab Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz Heydər Əliyevə həsr olunmuş kitablardır. Çünki Azərbaycanda belə bir muzeyin varlığı, mövcudluğu da qurucu rəhbərin adı ilə bağlıdır.
Zərifə Salahova ulu öndər Heydər Əliyevin Vətənində – Naxçıvanda miniatür kitab sərgisinin təşkil edilməsini ümummilli liderin 90 illik yubileyinə layiqli töhfə olduğunu vurğulayıb və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 1995-ci ildən ötən dövr ərzində ulu öndərə həsr olunmuş miniatür kitablar sərgilənib. Nəfis tərtibatla çap olunan kitablar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə nümayiş olunan miniatür kitablar Heydər Əliyev Muzeyinə hədiyyə edilib.
Xəbərlər şöbəsi