Naxçıvan Muxtar Respublikası ərazisində çoxsaylı ziyarətgahlar vardır. Bu ziyarətgahların bir çoxu müasir yaşayış yerlərindən kənarda qaldığı üçün unudularaq yalnız həmin ərazidə yaşayan yaşlı nəslin yaddaşında qalmışdır. Bu cür ziyarətgahların unudulmasında sovet dövründə həyata keçirilən ateizm təbliğatının və qadağaların da təsiri olmuşdur.
Ərazidə olan ziyarətgahların əksəriyyəti islamaqədərki inanclarla bağlıdır. Daşa, ağaca və sairəyə tapınmaq da bununla əlaqədardır. Bu ziyarətgahların bəzilərinin İslam tarixindən çox qədim yaranmasına baxmayaraq, sonradan onlar İslam dini ilə əlaqələndirilmiş, hətta bəzi pirlərdəki məzarların İslamda önəmli şəxslərin, seyid və şeyxlərin qəbri olması ilə bağlı rəvayətlər yaranmışdır. Bəzən isə bu cür görkəmli şəxslər əvvəlcədən ziyarətgah olan bu abidələrin ərazisində dəfn edilmiş, ziyarətgahın məhz bu məzarlara görə ziyarət edilməsi fikri formalaşmışdır. Belə olduqda müxtəlif abidələrin və yaşayış yerlərinin qədim tarixi qaranlıqda qalır. Bu abidələrimizdən biri də Culfa rayonunun Ərəfsə kəndində olan Ərəfsə piridir.
Ziyarətgah Ərəfsə kəndində iki çayın birləşdiyi ərazidə, Naxçıvan-Boyəhməd yolunun sol tərəfindəki təpənin üzərində yerləşir. Abidənin ərazisi, təxminən, bir hektara yaxın olan bir təpədən ibarətdir. Abidə haqqında müxtəlif mülahizələr vardır. Burada üç ərəbin dəfn edilməsi söylənilir. Pirin həyətində bərpa edilmiş bulaq daşı üzərində Seyid Hüseyn pirinə ərməğan olunduğu qeyd edilmişdir. Pirin otaqlarının birində olan üç qəbirdən başqa, həyətdə də üç qəbir vardır. Ərəfsə piri haqqında “Naxçıvan Abidələri Ensiklopediyası”nda belə qeyd edilmişdir: “Culfa rayonunun Ərəfsə kəndində orta əsrlərə aid ziyarətgah. İki böyük otağı, cənub və şərq tərəfə eyvanları var. Əsas ziyarət obyekti nisbətən böyük ölçüyə malik mərkəzi otaqdakı qəbirdir. Pirin adı kəndin adından götürülərək qədim sak türklərinin adı ilə bağlıdır. Pirin yerində Xanəgah olması barədə mülahizələr mövcuddur”.
Ətrafında arxeoloji araşdırmalar zamanı Son Tunc və İlk Dəmir dövrlərinə aid keramika parçaları tapılmışdır. Təpə üzərində mədəni təbəqə müşahidə edilmir. Təpənin şose yoluna tərəf olan cənub yamacında forması bilinməyən tikililər və yaxud qəbirlər olmuşdur. Pirin ətrafı müqəddəs hesab edildiyi üçün daşlar daşınıb aparılmamışdır. Ərazisindəki keramikanın əksəriyyəti qara rəngli olub, yaxşı cilalanmış boyalı qab qırıqlarıdır. Antik dövrə aid cilalanmış qəhvəyi rəngli keramika parçaları da mövcuddur. Qara rəngli bir neçə keramika parçasından birinin üzərində oyma üsulu ilə çəkilmiş üç xəttin arasında qalan iki cərgə aralığa bir-birindən, təxminən 0,5 santimetr aralı nöqtələr vurulmuşdur. Qara rəngli keramikadan biri kasa formalı qabın ağız hissəsidir.
Araşdırmalar göstərir ki, Ərəfsə pirinin tarixi daha qədimdir. Bu ərazi eradan əvvəl 2-ci minillikdə burada yaşamış qədim türk tayfaları ilə bağlıdır. “Naxçıvan Abidələri Ensiklopediyası”ndakı “Ərəfsə yaşayış yeri” haqqında olan yazılar da bu fikri təsdiq edir.
Pirin xanəgah olması mülahizəsi də irəli sürülə bilər. Çünki İslam dini tərki-dünyalılığı qəbul etməsə də, sufi təriqətinə mənsub dərvişlərin tərki-dünya həyat tərzi sürmələri, onların başçılarının (şeyxlərinin) həmin ibadətgahların içərisində və ya ətrafında dəfn edilməsi, sonradan həmin məzarların ziyarətgahlara çevrilməsi halları Azərbaycan ərazisində mövcuddur.
Ehtimal olunur ki, Ərəfsə piri dörd min ildən artıqdır, mövcuddur və bizim əcdadlarımız olan sak türklərinə məxsus müqəddəs ocaqdır. Pir ətrafında geniş arxeoloji tədqiqatların aparılmasına ehtiyac vardır.
Zaleh NOVRUZOV