25 Dekabr 2024, Çərşənbə

Ordubadda milli ornamentlərin əks olunduğu xalçalar toxunur

Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Xalça sənəti Naxçıvanda da geniş yayılan xalq yaradıcılığı növlərindən biridir.

Əvvəla onu qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixli Sərəncamından sonra muxtar respublikada bu sənətin yaşadılması istiqamətində xeyli iş görülüb. Naxçıvan şəhərində Dövlət Xalça Muzeyi üçün yeni binanın istifadəyə verilməsi maddi-mənəvi irsin qorunub saxlanılmasına göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Belə tədbirlər bölgələrimizdə də davam etdirilir. Belə ki, 2011-ci il yanvar ayının 14-də Ordubad şəhərində öz dövrünün tanınmış siması, xeyriyyəçi Mənsur ağa Kəngərlinin əsaslı surətdə təmir-bərpa edilmiş XIX əsr abidəsi olan mülkünün bir hissəsində xalçaçılıq sexi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin xalçaçılıq sexində olub, milli naxışlardan istifadə edilərək hədiyyəlik xalçaların toxunmasını, muxtar respublikamızda fəaliyyət göstərən xalçaçılıq sexləri ilə təcrübə mübadiləsi aparılmasını tövsiyə edib. Xalça toxunması işi ilə 1993-cü ildən məşğul olan bu müəssisə fəaliyyətini daha da genişləndirib. Məlumat üçün bildirək ki, onlarla ordubadlı xalçaçı məhz bu istehsalat sahəsində işləyərək yetişib.

Ordubad şəhərində olarkən bu xalça sexinə də baş çəkdik, görülən işlərlə maraqlandıq. Sahibkar Mirhəsən Seyidov yeni layihələr üzərində çalışdıqlarını dedi. Bildirdi ki, toxunan xalçalarda təbiətimizi və tariximizi əks etdirən yerli xüsusiyyətlərə uyğun şəbəkə və naxışlardan istifadə edilir. Naxçıvana aid milli ornamentlərin, qədim abidələrin, təbiət mənzərələrinin əks olunduğu kiçikhəcmli hədiyyəlik xalçalar toxunmasına üstünlük verilir. Xalçaların eskizləri isə tanınmış şəbəkə ustası Cabir Cabbarov tərəfindən hazırlanır.
Cabir Cabbarov deyir ki, əslində, o, ağac üzərində oyma sənəti ilə məşğul olur. Naxçıvanda, eləcə də Ordubadda orta əsrlərdə mövcud olmuş misgərlik, dulusçuluq, şəbəkəçilik, kaşıçılıq və memarlıq sahələrində istifadə edilmiş ornament və naxışları toplayaraq onlardan yararlanır. Xalçaçılıqda da bu ornamentlər tətbiq edildiyindən Mirhəsən Seyidovun eskiz çəkmək və çeşni yaratmaq təklifini qəbul edib. Ebru sənətinin xüsusiyyətlərindən xalça eskizlərinə tətbiq edib və yeni kompozisiyalar ortaya çıxıb. Hazırlanan eskizlərdə memar Əcəminin sənət əsərlərinə aid 5 nümunədən, Naxçıvan şəhərindəki Möminə xatın və Yusif Küseyir oğlu türbələrində işlədilən həndəsi naxışlardan, eləcə də Kəngərli rayonu ərazisindəki “Qarabağlar”, Culfa rayonundakı “Gülüstan” türbələrini bəzəyən naxışlardan, Ordubad ərazisindəki 10 abidənin ornamentlərindən istifadə olunub. Xalçanın “göl” deyilən mərkəzi hissəsində həmin abidələrin görünüşü əks etdiriləcək.
Mirhəsən Seyidov söhbət zamanı bildirdi ki, artıq rəhbəri olduğu müəssisədə toxunan xalçalar muxtar respublika miqyaslı bayram tədbirlərində nümayiş etdirilir, sərgi-satış mağazalarına çıxarılır. Gənc nəslin xalçaçılıq sənətinə olan marağının artırılması üçün də müxtəlif tədbirlər görülür. Çünki gənc­lərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini yaşadıb gələcək nəsillərə ötürə biləcək yeganə qüvvədir. Xalça sənətinin bitib-tükənməyən zənginliyi isə sənətlə maraqlanan hər bir gəncimizi bu zənginliyi öyrənməyə, onu daha da rəngarəng etməyə sövq edir.

Firəngiz HÜSEYNBƏYLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR