1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında keçirilən “Naxçıvan – tarixi abidələr diyarı” adlı rəsm müsabiqəsinə dünən yekun vurulub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin iştirakçıları bu dəfə “Əcəmi seyrəngahı”ndakı Naxçıvan memarlıq məktəbinin ən dəyərli abidələrindən olan Möminə xatın türbəsinin təsvirini çəkməklə istedad və bacarıqlarını nümayiş etdiriblər.
15 sağlamlıq imkanları məhdud uşağın iştirak etdiyi müsabiqədə 45 rəsmə münsiflər heyətinin baxışı olub. Müsabiqənin nəticələrinə görə, Lamiyə Abbasova birinci, Afət Rəsulova ikinci, Şahin Yusifov isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblər mükafatlandırılıb, müsabiqənin digər iştirakçılarına isə həvəsləndirici hədiyyələr verilib. Həmçinin müsabiqənin qaliblərinə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları, iştirakçılara fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, bu qəbildən olan tədbirlər sağlamlıq imkanları məhdud istedadlı uşaqların yaradıcılıq potensialının, rəssamlıq təfəkkürünün inkişafına, habelə onların mənəvi dünyasının zənginləşməsinə xidmət edir.
Xəbərlər şöbəsi