“Yeni era” Dünya Rəssamlar Akademiyası, yəqin ki, oxucularımızın əksəriyyəti üçün tanış bir qurum deyil. Dünyada məşhur olan bu yaradıcılıq akademiyasına həmyerlimiz, istedadlı rəssam Ülviyyə Həmzəyevanın həqiqi üzv seçilməsi bu qurumu naxçıvanlılara tanıtdı. Akademiyanın yeni üzvünə – Ülviyyə Həmzəyevaya üzvlük diplomunu qurumun rəhbəri, Rusiya Humanitar Akademiyasının üzvü, Rusiya Federasiyasının əməkdar rəssamı Anatoli Silov şəxsən özü təqdim etdi. Təqdimetmə mərasimindən sonra rusiyalı qonaq öz təəssüratlarını bölüşdü. 75 yaşlı akademik onu Rusiyadan Naxçıvana çəkib gətirən Ülviyyə Həmzəyevanın sənətindən, Naxçıvan rəssamlıq məktəbində gördüyü maraqlı məqamlardan danışdı.
– Anatoli Aleksandroviç, qonaqdan, adətən, gəlişinin məqsədini soruşmuruq, ancaq xoş gəlmisiniz qədim Naxçıvan torpağına, – deyirik.
– Etiraf edim ki, mən akademiyamızın üzvlərinə diplomların təqdimatı üçün, adətən, heç yerə getmirəm. Əksinə, “Yeni era”nın prezidenti kimi mənim qəbuluma, Moskvaya gəlirlər. Buranın üzvü olmaq üçün hətta, bəzən illərlə növbəyə də dururlar. Ancaq Ülviyyə Həmzəyevaya diplom təqdiminə özüm şəxsən gəlmişəm. Çünki onun əsərləri ilə internetdə tanış olarkən o qədər xoşuma gəldi ki, bu gənc rəssamı şəxsən görmək, onun əsərlərini yaxından seyr etmək, bu əl işlərinə toxunmaq istəyi yarandı məndə. Digər tərəfdən onun “yaradıcılıq mətbəxi” ilə yaxından tanış olmaq marağı güc gəldi. Yaşadığı məkanla, mühitlə tanış olmaq istədim. Çünki rəssamın yaradıcılığına bu amillər çox təsir edir. Naxçıvana gələndə isə Ülviyyə Həmzəyevanın əsərlərinin belə mükəmməl alınmasının sirrini anladım. Naxçıvan bir rəssam üçün ideal məkandır. Mənə, sadəcə, heyrətlənmək qaldı. Mənim üçün çox xoşdur ki, sizin muxtar respublikadayam və akademiyanın mükafatını belə gənc rəssam xanıma təqdim edirəm. Azərbaycanın, Naxçıvanın belə gözəl rəssamına diplom vermək mənim üçün qürurvericidir. Biz ondan böyük ümidlə yeni, maraqlı əsərlər, yaradıcılıq maneraları gözləyirik. Çünki o, buna layıq olduğunu öz əsərləri ilə sübut edib. O, dünya səviyyəsində məşhur bir rəssam olacaq. Mən onun böyük gələcəyinə inanıram.
– Əsərlərdə diqqətinizi çəkən nə oldu?
– Bu əsərlər çox maraqlı və bənzərsizdir. Bizim akademiyanın 60 nəfər üzvü var. Onlardan 4-ü Azərbaycanın xalq rəssamıdır. Ülviyyə Həmzəyeva 5-ci azərbaycanlı, hələ ki, birinci naxçvanlıdır bizim sıralarımızda. Onun əsərlərindəki kolorit, mövzu mənim diqqətimi çəkdi. Mən özüm Çuvaşiyada anadan olmuşam və dünyanın bir çox yerlərini gəzmişəm. Türk dünyasını da yaxşı tanıyıram. Maraqlı burasıdır ki, bizim akademiyanın üzvlərinin çoxu türkdilli dövlətlərin rəssamlarıdır. Mən Ülviyyənin əsərlərində ümumtürk ruhunu hiss elədim. Bura gələndən sonra isə baxdım ki, onun rəsmləri elə Azərbaycan xalqının, naxçıvanlıların yaşam tərzi, düşüncəsi və koloritidir.
– Anatoli Aleksandroviç, bəs sizcə, bu akademiyanın üzvü olmaq bizim rəssama nə verəcək?
– Ülviyyə Həmzəyeva bizim akademiyanın həqiqi üzvüdürsə, deməli, onun əsərlərini təşkil etdiyimiz sərgilərdə nümayiş etdirəcəyik. Bir də onu qeyd edim ki, Ülviyyə Həmzəyeva akademiyanın birbaşa həqiqi üzvü, daha dəqiqi, akademiki seçilən az sayda rəssamlardandır. Bizə əvvəlcə müraciət olunur, sonra rəyasət heyəti həmin rəssamın işlərinə baxır, ona rəy verir. Sonra o, üzvlüyə qəbul edilir. Bir müddət keçdikdən sonra həqiqi üzv seçilir. Hətta mənim özümün ərizəmi 6 dəfə geri qaytarıblar. Ancaq Ülviyyə Həmzəyeva hamının yekdil rəyi ilə rəssamlıq akademiyamızın birbaşa həqiqi üzvü seçilib. Bununla qürur duymağına dəyər. Sözsüz ki, sərgi salonlarımızın da coğrafiyası genişdir. Yaponiya, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin və sair. Təsəvvür edin ki, dünyanın hər yerindən olan rəssamların əsərlərinin sırasında Naxçıvan mövzusu da olacaq. Yeri gəlmişkən, Ülviyyənin əsərlərindəki rənglər elə Naxçıvanın dağlarının rəngidir.
– Deyəsən, vuruldunuz Naxçıvana?
– Əlbəttə, şəhərə söz ola bilməz. Rusiyadan çox uzaqda yerləşən Naxçıvan şəhərində olmaq mənim üçün çox maraqlıdır. Şəhər çox gözəl, yaşıl və təmizdir. Məncə, ən sakit yerdir. Ömür vəfa etsə, gələcəkdə də bura gəlmək fikrim var.
P.S. “Yeni era” Dünya Rəssamlıq Akademiyasının təşkil etdiyi sərgilərə əsər göndərməkdə Ülviyyə xanıma sərbəstlik verilib. Hansı əsərini istəsə, ora təqdim edə bilər.
– Bəs bu hansı əsər ola bilər? sualımıza rəssamın cavabı “Naxçıvan bəşəriyyətin beşiyidir” əsəri” oldu.
Səməd CANBAXŞIYEV