25 Dekabr 2024, Çərşənbə

1982-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycanda, eləcə də muxtar respublikada yaşayıb-yaradan rəssamların əsərlərinin qorunub saxlanması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılmışdır.
Naxçıvan Dövlət Rəsm Qalereyası 4 guşədən ibarətdir. Buraya daxil olarkən ilk olaraq “Heydər Əliyev ili”nə həsr olunmuş guşə ilə rastlaşırıq. Xalqımızın ümummilli lideri Heydər Əliyevin por­tretləri qalereyanın birinci guşəsinin ən dəyərli eksponatlarıdır. Dahi rəhbərin Azərbaycanda hakimiyyətdə olduğu dövrlər ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən müsbət dəyişikliklər rənglərin ecazkar dili ilə bu por­tretlər vasitəsi ilə tamaşaçılara çatdırılır. Bu guşədə nümayiş olunan eksponatlar içərisində Xalq rəssamı Hüseynqulu Əliyevin “Sərgidə”, Rafael Qədimovun “Ümidimiz sənədir”, Cavid İsmayılovun “Müstəqillik yollarında” əsərləri xüsusi maraq doğurur.

Rəsm Qalereyasının ikinci guşəsi tarixi abidələrimizə həsr olunmuşdur. Burada rus rəssamı Qolovanovun memar Əcəmi ilə şair Nizami Gəncəvinin görüşü təsvir olunan “Şair və memar”, Q.Bağırovun “Qarabağlar türbəsi”, S.Məmməd­ovun “Möminə xatın”, S.Qədim­ovun “Yusif Küseyiroğlu türbəsi”, N.Əliyevin “Nəiminin qəbri”, “İmamzadə kompleksi”, Ə.Səfərlinin “Mənim diyarım” və bir çox əsərlər yer alır. Qeyd edək ki, rəssam Əli Səfərlinin “Mənim diyarım” əsərində Naxçıvanın bütün tarixi abidələri öz əksini tapmışdır. Əsərə tamaşa etdikcə qədim Naxçıvanın füsunkar mənzərəsi göz önündə canlanır.
Bildiyimiz kimi, 2012-ci ilin 18-20 iyun tarixlərində Naxçıvanda “Naxçıvan bəşəriyyətin beşiyidir” adlı Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Festivalda çəkilən 24 ədəd rəsm əsəri Rəsm Qalereyasına verilmişdir. Həmin əsərlər ekspozisiyanın 3-cü guşəsində sərgilənir. Burada Cavid İsmayılovun “Nəqşicahandır”, Natiq İsmayıl­ovun “Məscid”, Bəhruz Quliyevin “Tanrı rəssamı yaratdı”, Həbibə Allahverdiyevanın “Haçadağ”, Rafael Qədimovun “Mənzərə”, türkiyəli rəssamlardan Hüseyn Özgür Sarpın “Qızıl qoç”, Nilufər İnaltaqın “İlan dağı”, filippinli rəssam Maykl Vincent Manolonun “Turist” rəsmi və başqa rəssamların əsərləri nümayiş etdirilir.
Qalereyadakı 4-cü guşə “Qarışıq guşə” adlanır. Burada rəssam Elman Zeynalovun yağlı boya ilə işlədiyi bəstəkar Üzeyir Hacıbəylinin və Niyazinin portretləri, Xalq şairi Səməd Vurğunun rəssam Nadir Mahmudov tərəfindən işlənmiş portreti sərgilənir. Bu guşədə mənzərə janrında bir çox əsərlər də nümayiş olunur.
Eyni zamanda bu guşədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Xurşidbanu Natəvan, Hüseyn Cavid, Nəriman Nərimanovun Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilmiş portretləri, Qədirulla Bağırovun “Məmməd Araz doğma yerlərdə”, N.Əliyevin “Füzulinin portreti”, Bəhruz Kəngərlinin “Rəqs edirlər” əsərinin fotosurəti, Turə Dünyamalıyevanın toxuduğu əl işi – “Bəhruz Kəngərlinin portreti” və bir çox başqa əsərlər nümayiş etdirilir.
Ümumiyyətlə, Rəsm Qalereyasında bu gün 60-a yaxın rəsm əsəri sərgilənir. Qalereyanın fondunda isə 230-dan çox rəsm əsəri mühafizə edilir. Sərgilənən əsərlər müntəzəm olaraq yeniləri ilə əvəz olunur.

Türkanə ƏMOYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR