03 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamında deyilir: “Yurdumuzun qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.
    İncəsənətin ən geniş yayılmış növlərindən biri olan rəqs sənətinin tarixi zərb musiqi alətlərinin yaranma tarixindən xeyli qədimdir. İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs etmişlər. Bu cəhətdən muxtar respublikamızın Ordubad rayonu ərazisində yerləşən Gəmiqayadakı qaya təsvirləri xüsusilə səciyyəvidir. Qayanın mərkəzi hissəsində od və Günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insanın təsviri fikrimizi təsdiq edən tutarlı faktlardandır. Naxçıvan şəhərindən 18 kilometr cənubda yerləşən və eradan əvvəl II-I minilliyə aid yaşayış yeri olan Qızılburunda aşkar edilmiş polixrom boyalı küpə üzərindəki rəqs-ifaçılıq təsviri yurdumuzda yallının çox qədim tarixə malik olduğundan xəbər verir. Bu təsvirlər həm də yallıların qədim dünyanın ən nadir sənət nümunələrindən biri olduğunu göstərir. Xalqımızın mədəniyyət incisi olan rəqs sənəti insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş, gözəllik və incəliyin, həyatsevərlik və sevincin, mərdlik və mübarizliyin, vətənpərvərlik və insanpərvərliyin təzahürü olmaqla xalq ruhunu oxşayan digər çalarlarla zənginləşmişdir.

 O da qeyd edilməlidir ki, qədim dövrdə yaranan yallılar mərasim xarakterli olmaq  baxımından da diqqəti cəlb edən məsələlər sırasındadır. Rəqs tayfa və ailə birləşmələri tərəfindən keçirilən müəyyən bir mərasimin vacib elementlərindəndir. Uzaq keçmişdə insanlar Günəşə, Aya, küləyə, oda, suya, ağaclara və bəzi heyvanlara sitayiş etmiş, onların şərəfinə təzim ibadətləri və mərasim rəqsləri ifa etmişlər. Mənbələrdə ənənəvi el sənəti nümunələrində canlıların fiqurlarından quraşdırılmış ornamentlər içərisində ən geniş yayılanının heyvan rəsmləri olduğu qeyd edilir. Və göstərilir ki, bu tipli rəsmlər, əsasən, üç qrupa bölünür: ev, vəhşi və fantastik heyvan rəsmləri. Keçmişdə ev heyvanları içərisində ən geniş yayılanı at, öküz, qoyun və dəvə olmuşdur. İnsanların həyat və təsərrüfatlarında mühüm rol oynayan bu heyvanlar hələ ta qədimdən sənət nümunələrində stilizə edilmiş halda təsvir olunmuşdur. Mənbələrdə qoç buynuzunun, pişik ayağının, qurd izinin, dəvə ləpirinin el sənətinin müxtəlif növlərində təsvir edilməsinə rast gəlinir. Bizim üçün maraqlı faktlardan biri odur ki, bu, incəsənətin ən geniş yayılmış növlərindən olan, yaranması  Naxçıvan diyarının Şərur bölgəsi ilə əlaqələndirilən yallılara da hopmuşdur.
    Şərur bölgəsində yaranan, qədimliyinə görə ikinci yallı hesab olunan “Hoydu, nərim” yallısının yaranma tarixi haqqında bəzi məlumatları oxuculara çatdırmaq istəyirik.
    Mənbələrdə göstərilir ki, insanlar keçmişdə dağ aşırımlarında yaşadıqlarından və ehtiyac üzündən vəhşi heyvanları əhliləşdirmək istəmişlər. Bu heyvanlardan ilki at,  qoyun və dəvə olmuşdur. İnsanlar üçün gərəkli olan heyvanlardan ən əlverişlisi dəvə sayılmışdır. Onun  ağır yük götürə bilməsi, soyuğa, istiyə, susuzluğa, aclığa dözümlülüyü, sahibinə sədaqəti məişət üçün olduqca əlverişli əlamətlər idi. O həm də hər hansı bir çətin keçilən yolu kəsə gedə bilən heyvandır. Bununla bağlı şifahi xalq ədəbiyyatının bayatı janrında bəzi nümunələrə də rastlanmaqdadır.

    Əzizim, kəsəmənnər,
     Yol gedər kəsəmən nər.
    Poyludan ölən olsa,
    Baş yolar kəsəmənnər.

    Mənbələrdə Şərur bölgəsində “Kərimbəyli-Kəsəməni” adlanan qədim yaşayış yerinin olması, burada insanların dəvə saxlamaları barədə məlumatlara rast gəlmək mümkündür. Bu məlumatlarda həmçinin dəvənin, adətən, yolu kəsə getməsi faktı da diqqətə çatdırılır. Həmin prosesi özündə ehtiva edən yallılardan birinə “Hoydu, nərim” adının verilməsi də məhz buradan qaynaqlanır. Yallıda bir dəstənin o biri dəstənin qarşısına keçərək kəsə irəli keçməklə nərin hərəkətinə uyğun yürüşü təcəssüm olunur. Ağır yük altında yatmayan, yükü belindən salmayan, getdiyi yol nə qədər əziyyətli olsa belə, yoluna davam edən, yüksək dağ yolunu cəsarətlə qət edən, çətinliyə düşəndə nərə çəkən dəvəyə insanların sitayişi səbəbsiz olmamışdır. Ona görə də dəvəyə tərif olaraq əcdadlarımız dərin mənalı və dəyərli, dəvə karvanının yerişini, hərəkətini təcəssüm etdirən yallı yaratmış və ona “Hoydu, nərim” adını vermişlər.
    Yeddihecalı bayatının səsləndirildiyi “Arzumanı” yallısı muxtar respublikanın Şərur bölgəsində ən geniş yayılan qədim sənət nümunələrimizdəndir. Yallı ifaçılarının hərəkətlərində arzusunda olduqları diləklərinə çatmağa can atdıqları hiss olunur. Məhz bu fikir yallının qayəsini təşkil edir. Burada maraqlı məqam yallı adının ikinci komponenti olan “manı” sözü ətrafında aparılan tədqiqatlar barəsindədir.
    Əsrlərin süzgəcindən süzülüb bu günümüzə qədər gəlib çatan və dil ifası ilə gedilən yallılarda Azərbaycan şifahi xalq ədəbiyyatının bayatı janrına aid nümunələrdən daha çox istifadə olunur. Bayatı şeir şəklinin adı haqqında bir sıra mülahizələr mövcuddur. “Türk xalqları ədəbiyyatında “manı” növü və Azərbaycan bayatılarının xüsusiyyəti” adlı tədqiqat əsərinin müəllifi olmuş Əmin Abidə görə, türk xalqları folklorunda heca vəzninin “yeddili”si ilə yaradılan dördmisralı müstəqil mənzumələr yalnız Azərbaycanda “bayatı” adlanır. Mənbələrdə qərb ləhcəsində bu şeir növünün “mani” adlandırıldığı bildirilir. Alim qeyd edir ki, Azərbaycanın bəzi kəndlərində də bayatıya “mani-məni”, “mahni-mahna” deyilir. Tədqiqatçılar “manı” sözünün mənasına da toxunmuşlar. A.Samoyloviçə görə, osmanlılar və azərbaycanlılar bunu “mani” kimi yazırlar. Əmin Abid yazır ki, Övliya Çələbi həmin şeir şəklindən  öz “Səyahətnamə”sində istifadə etmiş və bunu “məni” kimi yazmışdır. Əmin Abid belə bir nəticəyə gəlir ki, sözün kökü “məni”dir və türkcə tələffüzünə görə “mani” olmuşdur. Sonralar xalqımız içərisində həmin şeir şəkli bayatı kimi, xalq şerinin digər şəkilləri də mahnı, nəğmə kimi sabitləşmişdir. M.F.Köprülünün yazdığına görə, türk xalqlarının ən qədim nəzm şəkli manidir. Çox güman ki, muxtar respublikamızın Şərur bölgəsinə aid “Arzumanı” yallısı arzu və istəkləri ifadə edən bayatıların (“manı”ların) məcmusudur.



Nizami ƏZİZƏLİYEV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR