Noyabrın 1-dən 8-dək Türkiyənin Muğla vilayətinin Fəthiyə əyalətində keçirilən “II Dənizlərimiz və rənglərimiz” Beynəlxalq Rəsm Plener Festivalında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri də iştirak edir.
Festival Egey və Ağ dəniz sularında iki hissəli olaraq keçirilir. Bu dəfə bu mötəbər tədbirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri, Naxçıvanın Əməkdar rəssamı Həbibə Allahverdiyeva, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, Rəssamlar Birliyinin üzvü Murad Nurlu, Naxçıvan Rəssamlar Birliyinin üzvləri Arzu Novruzov, Həbib Allahverdiyev, Bakı şəhərindən rəssam-keramikaçı Ramiz Abbasov və rəssam-heykəltəraş, musiqiçi Vədut Muəzzin təmsil edirlər.
Festivalın əsas hissəsi dənizdə keçirildiyi üçün iştirakçılar iki gəmidə plener ediblər, xüsusi məşqlər keçiblər. Məşqlərdən sonra su altında kətanlar üzərində yağlı boyalarla əsərlər çəkilib.
Azərbaycanlı rəssamlar su üstündə və dəniz altında, ümumilikdə, 25 əsər işləyiblər.
Xəbərlər şöbəsi