22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikamızda professional teatrların formalaşmasında baza rolu oynayan xalq teatrlarının inkişafı üçün hərtərəfli şərait yaradılıb. Belə teatrlar həm istedadlı gənclərin üzə çıxarılması, həm də hazırladıqları müxtəlifməzmunlu tamaşalarla tamaşaçıların estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayırlar.
Bu il 10 yaşını qeyd edən və Naxçıvandakı belə teatrlar sırasında öz yeri olan Babək Rayon Xalq Teatrı ötən müddət ərzində hazırladığı səhnə əsərləri ilə tamaşaçı rəğbəti qazanıb. Biz də bu teatrın fəaliyyətini ətraflı öyrənmək üçün Babək Rayon Mədəniyyət Sarayına üz tutduq. Teatrın fəaliyyəti ilə bağlı bizi sarayın direktoru Faiq Heydərov məlumatlandırdı.

Ardını oxu...

Naxçıvan ədəbi mühitinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar içərisində Xalq yazıçısı Hüseyn İbrahimovun özünəməxsus yeri var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 18 may tarixli Sərəncamında görkəmli yazıçının yaradıcılığı, ədəbi mühitin formalaşmasındakı xidmətləri yüksək dəyərləndirilib: “Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf etmişdir”.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin “Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 13 may tarixli Sərəncamında deyilir: “Zəngin yaradıcılıq fəaliyyətinə malik Hüseyn İbrahimov ədəbi fəaliyyətə ötən əsrin 40-cı illərindən başlamışdır. Xalq yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iyul ayında əlamətdar və tarixi günlərlə bağlı tədbirlərin təşkili diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95, İmadəddin Nəsiminin 650, Ərtoğrol Cavidin və Hüseyn İbrahimovun 100 illik yubileyləri, eləcə də Babək Rayon Xalq Teatrının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbirlər keçirilmişdir.
Muzey işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə tədbirlər davam etdirilmiş, Ordubad Rayon Tarix­-Diyarşünaslıq Muzeyində “Gənc nəslin maariflənməsində muzeylərin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Muzey fondlarının daha da zənginləşdirilməsi işinə töhfə olaraq ötən ay muzeylərə 354 yeni eksponat daxil olmuşdur. Muzeyləri 51 min 752 tamaşaçı ziyarət etmişdir ki, onlardan 18 min 392 nəfəri əcnəbi vətəndaşlardır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə tabe müəssisələrdə çalışan gənclərdən ibarət komandalar arasında “Yaşa və öyrən” intellektual bilik yarışının final turu keçirilmiş, qaliblər diplom və hədiyyələrlə təltif edilmişlər.
Ötən ay kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılmış, muxtar respublika kitabxanalarında tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar tədbirlər, uşaq bağçalarında nağıl günləri keçirilmiş, oxunması zəruri olan kitabların müzakirəsi təşkil olunmuşdur. Kitabxanalarda yeni oxucu sayı 283, oxucu gəlişi 8 min 217 nəfər, kitab verilişi 49 min 247 nüsxə olmuşdur. Elektron kataloqa 729 adda kitab işlənmiş və ümumilikdə, elektron kataloqda kitabların sayı 12 min 658-ə çatdırılmışdır. Elektron kitabxanadan 115 oxucu istifadə etmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Film Fondunda 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyev milli kinonun inkişafına, bu sahədə yüksək səviyyəli kadrların yetişməsinə və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərlərinin yaradılmasına qayğı ilə yanaşıb. Təsadüfi deyil ki, 1970-1980-ci illərin birinci yarısından etibarən Azərbaycan kinosunda intibah dövrü başlanıb. Kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılıb, ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunub. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırıb.

Ardını oxu...

Azərbaycan xalq təqvimində özünə yer tutan və “quyruq doğdu” adlanan vaxt avqust ayının 5-6-na təsadüf edir və  yayın yarı olduğu dövr hesab olunur. Həm elmi mənbələrdə, həm də xalq arasında “quyruq doğdu” tez-tez müzakirə mövzusuna çevrilir. Bəziləri deyir ki, quyruq doğmaz, donar. Maldarlıq təsərrüfatında ilin bu dövrünün “quyruq dondu” adlandırılmasının səbəbi isə bununla izah edilir: deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdən sonra donur.

İstər elmi qaynaqlarda, istərsə də el arasında bu ifadə ilə bağlı bir-birini təkzib edən fikirlər söylənilir: “Azərbaycan dilinin izahlı lüğəti”ndə yazılıb: “Quyruq doğmaq” (əsli quyruq donmaq) yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. Lüğətdə əsli “quyruq donmaq” ifadəsi yazılsa da, Firudun bəy Köçərli, Süleyman Rəhimov və Mir Cəlala istinadən çəkilən misalların hamısında “quyruq doğdu” yazılıbdır. Üçcildlik “Azərbaycan etnoqrafiyası” kitabında isə oxuyuruq: “Yayın ikinci dövrünün adına “quyruq doğdu” da deyirlər. Ata-babalarımız yay yarı olan gecə səhərə yaxın Şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər”.

Ardını oxu...

Avqustun 1-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev açıb.
Bildirilib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin imzaladığı 2001-ci il 9 avqust tarixli Fərman ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Dil xalqın tarixini özündə yaşadan bir vasitə olmaqla, həm də hər bir xalqı, milləti başqalarından fərqləndirən ən başlıca amildir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. Xalqımız əsrlərboyu Ana dilimizin saflığını qoruyaraq bu dildə zəngin ədəbi nümunələr yaratmışdır. Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Məmməd Araz və başqa ­görkəmli söz ustaları bu dilin zənginliklərindən istifadə edərək ölməz sənət nümunələri miras qoyub getmişlər.
Dilin müstəqil inkişafı və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin əsas aparıcı atributlarından biri hesab olunur. Təsadüfi deyil ki, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulandan sonra dil məsələsi gündəmə gəldi və hökumətin imzaladığı ilk sənədlə Azərbaycan dili dövlət dili elan olundu. Ümumilikdə, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına böyük qayğı göstərmişdir. Dahi rəhbər Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilini Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.

Ardını oxu...

Nəsimi, ey qüdrət sahibi, sən yaqut qədər dəyərli, lakin zamanında layiqli qiymətini almayan,  daxilən pakizə, təmiz bir zatın daşıyıcısı, neçələrinin zərrəsinə həsrət olduğu daim parlayacaq Günəşsən…Təvazökar, heç vaxt qürrələnməyən, özünü dərviş və fəqirdən ayrı tutmayan, varlığını hərflərdə tapan, ulu, müqəddəs, qəlbin tərcümanı, yer-göy, hər şey hesab etdiyin, ali saydığın Sözə də sığmayan bir insan, bir şairsən... Zərrə boyda Günəş, Günəş boyda zərrə, zərrədə Günəş, Günəşdə zərrə olmağı bacaransan…

Azərbaycanın qədim elm ocaqlarından biri olan Şamaxıda dünyaya gəldin. Bu dünyanın heç bir bucağına sığmayan sən anamız Azərbaycanın bətninə sığa bildin. O qüdrətin, böyüklüyün əlamətiydi ki zaman-zaman səni bizdən qoparmaq, doğulduğun yeri öz adlarına çıxmaq istəyənlər oldu. Lakin tək doğma qardaşının (Şahxəndan) elə Şamaxıda, onun şərəfinə adlandırılan “Şahxəndan”da torpağa tapşırılması sənin kimliyinlə bağlı fərziyyələri alt-üst etdi. Hətta sən el dilində “Şaxəndan”a çevrilən bu müqəddəs qəbiristanlıqda dəfn olunmanı vəsiyyət etdin:

Mən öləndə “Şaxəndan”da basdırın,
Çünki onun şahid-i xəndanı var.

Səni Seyid Nəsimi, Seyid İmadəddin, Mir İmadəddin kimi də tanıdılar. Gənclik illərindən ömrünün sonuna qədər əsl keyfiyyətin sığmazlıq idi. Şamaxıda mükəmməl təhsil aldın. Lakin bununla kifayətlənməyərək biliklərini daha da genişləndirmək istədin – daha geniş məkana, hürufiliyə yönləndin. Kainatı əbədi, Allahı hər bir zərrəcikdə mövcud olan, insanda yaradılmışların ən yaxşısının bəyanı, insanı isə ilahinin surəti və həqiqətin açarı hesab edən təriqətin ardınca getdin. Bu zaman sabit din təfəkkürü ilə uyuşmayan məqamları şeirlərinə gətirdin. Bu, şair olan doğmaca qardaşını narahat etməyə başladı. “Julidəmu” təxəllüsü ilə yazan Şahxəndan sənə məktub yazıb qəlbindəki sirləri şeirə gətirməməyə, məxfiliyə riayət etməyə səslədi. Cisminə, təninə sığmayan səni isə heç bir qorxu məqsədindən yayındıra, tutduğun yoldan ayıra bilmədi.

Ardını oxu...

Hələ qədim dövrlərdən Azərbaycanda elə nəsillər, elə qəbilələr olub ki, onlar öz döyüşkənliyi ilə təkcə Qafqazda yox, hətta Avropada da tanınıblar. Tarixi sənədlər göstərir ki, onların arasında yüksək rütbəli hərbçilər – generallar da olub. Belə şəxsiyyətlərdən biri də Naxçıvan xanları sülaləsindən olan, Azərbaycanın və Rusiyanın hərb tarixində mühüm rol oynamış general Hüseyn xan Naxçıvanskidir. O, milli hərb tariximizə 6 general bəxş edən Kəngərli nəslindəndir. 

Hüseyn xan hamıdan fərqli olaraq nəinki öz şöhrətli nəslinin ənənələrini zənginləşdirmiş, həm də igidliyi ilə sonrakı nəsillər üçün unudulmayacaq yüksək qəhrəmanlıq nümunəsi qoyub getmişdir. Naxçıvanda doğulan, ilk təhsilini burada alan Hüseyn xan faciəli bir tale yaşamış, ömrünün qalan hissəsini isə qürbətdə – Rusiya hərb elminə həsr etmiş çox mahir bir hərbçi olmuşdur.
Atası general II Kalbalı xan oğlunu hərbçi kimi görmək istədiyindən Hüseyn xanı imperatorun himayəsində olan və Rusiyanın ən mötəbər, zadəgan oğullarının təhsil aldığı Peterburqdakı Paj korpusunda oxumağa göndərmiş, həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra rus ordusunda hərbi xidmətə başlamışdır. Süvari alayındakı 20 illik xidməti zamanı Hüseyn xan kornetdən ən böyük hərbi rütbəyə, əlahəzrətin general-adyutantı rütbəsinədək yüksəlmişdir. Rus-yapon savaşında qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına, müharibədən sonra isə rus ordusunun qocaman və şöhrətli alaylarına – Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarına rəhbərlik etmişdir. I Dünya müharibəsi ərəfəsində Hüseyn xan 2-ci süvari diviziyasının komandiri təyin edilmiş, ona general-leytenant rütbəsi verilmişdir. Qafqaz müsəlmanlarından təşkil edilmiş “Vəhşi diviziya” kimi tanınan diviziya və polyaklardan təşkil olunmuş süvari diviziya ona tabe olmuşdur.
Hüseyn xan Naxçıvanskinin döyüşlərdə göstərdiyi şücaətə görə aldığı orden və medalların sayı-hesabı yox idi. O, çar Rusiyasının 20 mükafatı və 9 xarici ordenlə təltif olunmuşdur. Hüseyn xan Naxçıvanski Rusiya ordusunun sayca az olan o generallarından idi ki, 1917-ci il inqilabını tanımadı və son günə qədər taxt-taca sadiq qaldı. O, 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən həbs olunmuş və güman edilir ki, güllələnmişdir. Dəfn yeri məlum deyil. Tarix bu əfsanəvi sərkərdəni unutmadı. Rus və Azərbaycan xalqlarının xatirə yaddaşında bu günədək əsl qeyrət, hünər və sədaqət rəmzi kimi qalan Hüseyn xan Naxçıvanskinin şərəfli adı daim yaddaşlarda yaşayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nazirliyin strukturuna daxil olan mədəni-maarif müəssisələrinin gənc əməkdaşları üçün Naxçıvantəpə arxeoloji abidəsinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev gənclərə arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. Bildirib ki, son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi-­mədəniyyət nümunələrini araşdıran arxeoloqlar bu ərazilərdə 300-500 min il bundan əvvəl ən qədim insanların məskən saldıqlarını təsdiq ediblər. Bu yaşayış məskənləri, əsasən, Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda yaşı minilliklərlə ölçü­lən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir. Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən Naxçıvantəpə arxeoloji abidəsi də Naxçıvanın qədim tarixini özündə əks etdirən yaşayış yerlərindən biridir.

Ardını oxu...

Duz insanların həyatında qida, su qədər önəmli yerlərdən birini tutur. Təbabətdə də duzdan geniş istifadə edilir. İnsanın həzm prosesində mühüm rol oynadığı qeyd edilən duzun müalicəvi əhəmiyyəti dünyanın müxtəlif ölkələrindəki xalqların təbabəti ilə bağlı materiallarda açıq-aydın göstərilib. Məsələn, Suriyada Nesturi məzhəbinə aid tibb kitabında duzun mədə qanaxmalarına qarşı yaxşı vasitə olduğu göstərilib, qədim hind təbabətində duzun ağrıkəsici, mədəyuyucu, mühüm dezinfeksiyaedici vasitə olduğu vurğulanıb. Çində isə miladdan öncə 2700-cü ildə duzdan dərman kimi istifadə olunduğuna dair mənbələrdə çoxsaylı məlumatlar vardır.

Bu gün Naxçıvanda xalq arasında “Ağrımayan başına duz bağlama” deyimi də onun tibbi məqsədlərlə istifadə edildiyinə işarədir. Deyimdən belə nəticə çıxarmaq olar ki, duz ağrıyan başa “bağlandığı” zaman ağrıları götürür. İkincisi, deyimin bir anlamı da odur ki, başa duz bağlamaq insana həm də ağırlıq gətirir və ona görə də sonu yaxşı olmayan, çətin bir işdən yapışmamaq tövsiyə ediləndə “Ağrımayan başına duz bağlama” deyimindən istifadə olunur. Tədqiqatların nəticəsi isə əminliklə deməyə əsas verir ki, duz bütün toplumlarda müqəddəs nemət hesab edilir. Türk xalqlarında isə duz çörəkdən sonra üzərinə ən çox and içilən nemətlərdən biridir.
Onu da deyək ki, Afrikada bu gün də “O, yeməyinə duz vurur” sözləri haqqında danışılan şəxsin varlı olduğu mənasına gəlir. Vaxtilə Efiopiyada “duz pullar” çox önəmli olub. Çində də “duz pullar”dan istifadə edilməsindən söz açan Marko Polo qeyd edib ki, bu ölkədə duzlu suyu böyük tiyanlarda qatılaşana qədər qaynadır, sonra kiçik paylara ayırıb üstünə imperatorun möhürünü vururdular. Duz pulların metal pullara oxşaması üçün onları kürədə bişirərdilər. Qədim Romada əsgərlərə pul əvəzinə verilən duz “sol” adlanırdı. “Sol” latın dilində “Günəş” deməkdir. İtaliyada xırda pul “soldi”, Fransada “solid” adlanırdı. Fransız sözü “saler” “əməkhaqqı” mənasını verirdi. Buna görə də duza tarixən ehtiyac duyulmuşdur. Dünyanın ölməz yazılı abidələrindən hesab olunan “İliada” və “Odisseya” əsərlərinin müəllifi Homer duzu müqəddəs substansiya, yəni bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırıb. Qədim yunan fılosofu Platon deyib: “Duz allahların xüsusi qiymətləndirdiyi maddədir”.

Ardını oxu...

 Milli mətbuatımızın tarixində parlaq səhifə  

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin çar hökuməti Azərbaycanda maariflənmə kimi mətbuatın da inkişafına mane olur, buna imkan vermirdi. Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çıxan mətbuat orqanlarını mütaliə edirdi. Lakin çar hökuməti müsəlman vətəndaşların yad təsirlərə düşməsinə də göz yuma bilməzdi, buna görə də bu sahədə bəzi güzəştlərə getmək məcburiyyətində qaldı.
Belə bir dözülməz şəraitdə çarizmin irəli sürdüyü maneələri aşmaq cəhdi XX əsrin ilk illərində fədakar maarifçi Məhəmməd ağa Şahtaxtlıya nəsib oldu. O, 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət etdi. Çətinliklərlə də olsa, qəzetin Tiflisdə nəşrinə icazə ala bildi. Böyük maarif fədaisi burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə yaratdı. Beləcə, əsrin əvvəllərində xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat daha da genişlənmiş oldu. Böyük ədib yazırdı: “Güman edirəm ki, bütün müsəlman ziyalıları, həmçinin, ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə can atan kiçik xalqımızın inkişafının insanpərvər dostları məni müdafiə edəcək və bu işin mədəni əhəmiyyətini layiqincə anlaya biləcəklər”.
1903-cü il martın 30-da xalqımızın mədəniyyəti tarixində, mətbuatımızın tarixində əlamətdar bir hadisə baş verdi: həmin gün ziyalılarımızın çoxdan bəri həsrətlə gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi meydana çıxdı. “Şərqi-Rus” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi xəbəri geniş əks-səda verdi.

Ardını oxu...

Orta əsrlərdə yaşamış, türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsinin elektron variantı AMEA Naxçıvan Bölməsinə təqdim edilib.

Ardını oxu...

İyulun 23-də Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ilk dəfə 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək Rayon Mədəniyyət Sarayının dram dərnəyinin üzvləri 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim ediblər. Dərnək üzvləri 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsəri əsasında daha təkmil və peşəkar səviyyədə tamaşa hazırlanmasına nail olublar. Elə həmin il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə dram dərnəyinə “Xalq teatrı” adı verilib. Onillik fəaliyyəti dövründə teatr 15 tamaşa təqdim edib, Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək rayonlarında və Naxçıvan şəhərində qastrol səfərlərində olub.
Vurğulanıb ki, teatr 2015-ci ildə keçirilən xalq teatrlarının muxtar respublika festivalında birinci yerə layiq görülərək diplomla təltif olunub. 2017-ci ildə keçirilən növbəti festivalda isə Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşa ilə çıxış edən kollektiv “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Ardını oxu...

– Ey Şərqin müdrik ağsaqqallarından olan Molla Nəsrəddin! Sən bir əsr bundan əvvəl bizi – Azərbaycan xalqını, müsəlman qardaşlarını deyib gəlmişdin. Böyük demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin ideyalarından, xalqını, millətini necə görmək istəyindən, dövrün ən müasir inqilabi məsələlərindən danışmağa, din pərdəsi altında min bir oyundan çıxıb milləti cəhalətə sürükləyən “ruhanilərin” iç üzünü açmağa gəlmişdin. Sən ana dilimizin qayğıkeşi oldun. Ömrünün sonunadək doğma dil uğrunda mübarizə apardın. Millət sevdasından “Dəli” olub, “bəlkə millətimə bu cür təsir edə bilərəm”, – dedin. Bunun yetərli olmadığını görəndə düşüncələrindəkini “Lağlağı”lıqla anlatmağa çalışdın. “Yox, bundan da fayda olmadı, bunlarla yenə də milləti oyada bilmədim”, – deyə fikirləşərkən “Molla Nəsrəddin” oldun. Vətənini el-el, oba-oba səyahətə çıxıb hər təbəqə ilə “öz dili” ilə danışmağa başladın, bəlkə oyanalar, bəlkə dəyişələr, – deyə. Molla Nəsrəddin, ağsaqqal sözü dinlənilən olar, – deyib səni yuxuya getmiş bir xeyli müsəlmanı oyatmaqda ona kömək etməyə çağırmışdı böyük Cəlil Məmmədquluzadə. Mən də Milli Mətbuat Günü ərəfəsində səni deyib gəlmişəm, necə gəldin, səni necə qarşıladılar, necə yola saldılar, bundan söhbət aç, biz də maraqla dinləyək...

Ardını oxu...

Türkiyə klassik musiqisinin inkişafında xüsusi yeri olan sənətkarlardan biri də Murad ağadır. Bir çox mənbədə göstərilir ki, o, 1610-cu ildə anadan olub, əslən naxçıvanlıdır. Sultan IV Muradın Rəvan səfərindən sonra İstanbula gətirdiyi on iki sənətkar arasında yer alan Murad ağa sazəndə qrupunun iki xanəndəsindən biri olub. Əsəd Əfəndi bu barədə yazır: “On iki şəxs Bağdaddan İstanbula gələndə çox gənc idilər”.
“İslam Ensiklopediyası”nda bu barədə məlumat verilir. Övliya Çələbi onun carta (çartar), Hüseyn Behcətin şestak, Əsəd Əfəndinin şeştar çaldığından bəhs edir. Onun şeştar ustası olması musiqi­şünaslar arasında Şeştari Murad ağa kimi tanınmasına gətirib çıxarıb.
Qeyd edək ki, şeştar (şeştay) türklər və digər müsəlman xalqları tərəfindən istifadə edilən və yerini tambura vermiş olan simli çalğı alətidir. Mənbələrdə qeyd olunur ki, təbrizli Əli xanın icad etdiyi bu musiqi aləti çartara bənzəyir. Lakin adından da bilindiyi kimi, onun altı simi var. Şeştardan bu gün İran, Azərbaycan və Qafqazda da istifadə olunur. İbn Qəbinin tərifinə əsasən onun müxtəlifölçülü uda bənzəyən üç növünün olması ilə bağlı məlumat var.
Bu barədə mənbələrdə qeyd olunur ki, şeştar unudulmuş simli, mizrablı musiqi alətidir, “Dastani Əhməd Hərami”də, Əbdülqadir Marağayinin əsərlərində, Həbi­binin şeirlərində bu musiqi alətinin adına rast gəlirik. Belə bir fakt diqqəti cəlb edir: Həbibinin şeirlərinin birində udun adı digər simli alətlər – şeştar, çəng və bərbətlə yanaşı çəkilir.

Ardını oxu...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim abidələr diyarıdır. Xalqımızın zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadan həmin abidələrdən biri də Azərbaycan tarixinə adlı-sanlı generallar, hərbçilər, dövlət xadimləri vermiş Kəngərli nəslinin, Naxçıvan xanlarının iqamətgahı olmuş Xan sarayıdır. Xan sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılıb. 

Bu qədim mədəniyyət incisi Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliy­yətə başlayıb. Ali Məclis Sədrinin digər – 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Ali Məclisin Sədri muzeyin açılışı zamanı ulu ­öndərimizin bu kəlamını xatırladıb: “Azərbaycan xanlıqlara bölünən dövrdə Naxçıvan xanlığı yaranıbdır. Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar”. Bu, ümummilli liderimiz tərəfindən Naxçıvan xanlığının fəaliyyətinə verilən qiymət idi.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı keçirilən tədbiri muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi ­Nizami Rəhimov açıb.
Vurğulanıb ki, digər muzeylər kimi, Naxçıvan Dövlət Tarix Muzeyinin də fondu ildən-ilə zənginləşir. Bunun nəticəsidir ki, 2018-ci ildə muzeyə 346 eksponat daxil olmuşdursa, cari ilin I yarısında muzey fondu 529 eksponatla daha da zənginləşdirilib.
Qeyd olunub ki, bu gün muzeyə İkinci Dünya müharibəsi veteranlarından, mərhum Adil Cəfərova və Yunis Qasımova aid 340 eksponat təqdim olunur. Bu eksponatlar içərisində hər iki veteranın təltif olunduğu orden və medallar, onların vəsiqələri, tarixi sənədlər, foto­şəkillər, xəritə-sxemlər və digər şəxsi əşyaları vardır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq- Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, Adil Cəfərovun oğlu Fəxrəddin Cəfərov, Yunis Qasımovun nəvəsi Anar Xudiyev və Naxçıvan şəhər sakini Xoşqədəm Bağırova təqdim olunan eksponatların gənc nəslin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən söhbət açıblar.
Sonda tədbir iştirakçıları yeni eksponatlarla yaxından tanış olublar.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir ­Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə imzaladığı 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Naxçıvan” Universitetində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verib, təsəvvüf və təfsir alimi kimi şöhrət qazanıb.
Bildirilib ki, fəaliyyəti Təbriz, Ağşəhər və Konya ilə sıx bağlı olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 29 oktyabr tarixli Sərəncam imzalayıb. Sərəncamla təsdiq olunmuş Tədbirlər Planına əsasən Nemətullah Naxçıvani yaradıcılığının öyrədilməsi üçün AMEA Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılıb, Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində 21-24 may tarixlərində Nemətullah Naxçıvaninin adını daşıyan dini məktəb və məscidin fəaliyyət göstərdiyi Ağşəhərə səfər təşkil edilib. Səfər çərçivəsində Türkiyənin Konya vilayətində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Layihə çərçivəsində Nemətullah Naxçıvaninin məzarının bərpası üçün Naxçıvandan gedən memarlar orada tədqiqatlar aparıb, bu məqsədlə layihə hazırlanıb.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbovun 60 illik yubileyi münasibətilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.
Bildirilib ki, Şirzad Abutalıbov Naxçıvan teatrının səhnəsində 100-dək müxtəlif xarakterli, fərqli obraz və personaj yaradıb. Aktyor həm komik, həm də ciddi surətlərin mahir ifaçısıdır. Sənətkarın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 1999-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb, 2005 və 2008-ci illərdə Prezident mükafatçısı olub. 2016-cı ildən Şirzad Abutalıbov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsində çalışır. Bu teatrın səhnəsində onun hazırladığı tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət naziri çıxışının sonunda yubilyarı təbrik edib, ona səhnə sənətimizin inkişafında və bundan sonrakı yaradıcılıq yolunda uğurlar arzulayıb.
Tədbirdə Xalq artistinin sənət dostları – Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Xalq artisti Həsən Ağasoy və digərləri çıxış edərək yubilyara ürək sözlərini bildiriblər.
Sonda Xalq artisti Şirzad Abutalıbov çıxış edərək yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını ifadə edib, səhnə sənətimizin inkişafı üçün bundan sonra da fədakarlıqla çalışacağını deyib.

 Ramiyyə ƏKBƏROVA

İncəsənətin ən çətin sahələrindən biri də təsviri sənətdir. Dünyanın mənəvi cəhətdən dərk edilməsində təsviri sənət geniş imkanlara malikdir. Gerçəkliyin müxtəlif cəhətlərinin estetik mənimsənilməsində rəssamın imkanları genişdir. Təsviri sənət obrazlarının əyaniliyi, həyat və zamana rəssamın öz münasibətini bildirmək və bunu tamaşaçıya aşılamaq baxımından da maraqlıdır. Yüksək renesans incəsənətinin əsasını qoyan dahi italyan boyakarı Leonardo da Vinçi bu sənətə qiymət verərək deyirdi: “Rəssamlıq lal poeziya, poeziya danışan rəssamlıqdır”.

Bu sənət yolunun 40 illik yolçularından biri də həyatını rənglər dünyasına bağlayan tanınmış sənətkar, bu günlərdə 65 yaşını tamam­layan Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinovdur. Onu səciyyələndirən cəhət xarakterindəki zəhmət və istedadın vəhdətidir. Bu isə sənət adamı üçün vacibdir. Yorulmaq bilmədən işləmək, axtarmaq, öyrənmək, düşünmək, öz rəsm əsərlərini sevə-sevə yaratmaqla rəssam sanki sübut edib ki, bu sənətə təsadüfi deyil, ürəyinin çağırışı ilə gəlib.
Telman Abdinov 1954-cü il iyulun 1-də Şahbuz rayonunun Külüs kəndində dünyaya gəlib. Doğma yurdunun təbiəti, kəndin xalq yaradıcılığı ilə məşğul olan insanlarının söhbəti, toxuduqları xalçaların gözəlliyi özü də bilmədən onu rəssamlığa bağlayıb. Doğulduğu kəndin simasında dünyanın gözəlliklərinə vurularaq bu yaradıcılıq yoluna qədəm qoyub. Kənd məktəbində onun istedadını görüb istiqamət verənlər də tapılıb. Telman Abdinov arzusunu qətiləşdirib və bu sənəti seçib.

Ardını oxu...

Hələ uşaq vaxtı kənddə nənəmin evin kiçik otağının baş tərəfində qoyulan sandıqda əzizləyə-əzizləyə nə saxlaması marağıma səbəb olar, gedib-gəlib sandığın üstündəki böyük qara qıfıla baxar, maraq mənə güc gələr, nənəmdən “Bu sandıqda nə var ki, onu belə bərk-bərk bağlayıb açarını da hara getsən, özünlə aparırsan?” – deyə soruşardım. Burada hansısa sirr, ya da xəzinə olduğunu düşünərdim. Sandıq onun cehizliyi idi, ən müqəddəs və qiymətli əşyaları orada saxlayırdı. Onu da deyim ki, sandıq həm də nənəmin sevdiyi istirahət guşəsi idi, lap məşhur “Qayınana” bədii filmindəki Cənnət xala kimi onun üstünə döşəkçə qoyub boş vaxtlarında orada əyləşməkdən, sanki ayrıca zövq alardı. Bəzən də qohumda, qonşuda toy olanda sandığı açar, içindən balaca bir mücrü də çıxarar, oradan təzə gəlin üçün sırğa, ya da üzük seçib hədiyyə edər, sandığın “sirrindən” danışardı:

Ardını oxu...

Qarabağlar Türbə Kompleksinə Naxçıvan şəhər sakini Ziya Əliyev, Şahtaxtı kənd sakini Fatma Musayeva, Qarabağlar kənd sakinləri Aysel Şəfiyeva və Rahilə Şirəliyeva tərəfindən qədim tariximiz və mədəniyyətimizi əks etdirən 70-dən çox yeni eksponat hədiyyə olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika vətəndaşları da yaxından iştirak edirlər. Belə ki, son illər muzey əməkdaşları ilə yanaşı, sakinlər də muzey fonduna eksponat təqdim olunmasında maraqlıdırlar. Ötən il muxtar respublika muzeylərinə 1564, bu ilin 6 ayı ərzində isə 1267 yeni eksponat daxil olub. 2019-cu ilin iyun ayınadək, ümumilikdə, 8 eksponat təqdimatı keçirilib. Sevindirici haldır ki, bu aksiyaya artıq yetişməkdə olan gənc nəsil – məktəblilər də qoşulub.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 136-cı teatr mövsümünün bağlanış mərasimi olub. Teatr mövsümü Cəlil Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası ilə başa vurmuşdur.
Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Naxçıvan teatrının keçdiyi tarixi inkişaf yolundan danışıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Naxçıvan teatrı ilə həmişə maraqlanıb və onun fəaliyyətinə yüksək qiymət verib.
Vurğulanıb ki, müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin daşıyıcısına çevrilib. Teatrımızın müstəqillik illərində hazırladığı tamaşalar yaradıcılıq axtarışlarının nəticəsi və tarixi mövzulara marağın göstəricisidir.
Nazir bildirib ki, teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır.

Ardını oxu...

İyunun 27-də Naxçıvan Dövlət Uşaq Teatrında “Keçmişdən bu günə Naxçıvan yallıları” yallı müsabiqəsinin yekun konserti olub.
Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün qədim diyarımızda xalq yaradıcılığının, folklorumuzun, milli dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalq yaradıcılığının müasir dövrümüzdə inkişafına, təbliğinə və tədqiqinə yeni üfüqlər açmışdır.
Nazir qeyd edib ki, ötən il “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəniyyət siyasətinin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. UNESCO-nun həmin qərarı ilə mənfur qonşularımızın bu dəyərlərimizi öz adlarına çıxmaq cəhdlərinin qarşısı alındı. Dünya bir daha təsdiq etdi ki, yallı məhz bizim xalqımıza məxsusdur.

Ardını oxu...

Mənşəcə Azərbaycan türklərindən olan tarixçi, dilçi alim, filosof, mütərcim, şair, katib, dövlət xadimi Fəxrəddin Hinduşah Naxçıvani 1245-ci ildə Giran şəhərində anadan olmuşdur. Hinduşah Naxçıvaninin ailəsi Azərbaycan elminə, mədəniyyətinə bir çox görkəmli şəxslər bəxş etmişdir ki, onlar “Naxçıvani” təxəllüsü ilə tanınmışlar. Hinduşah Naxçıvani təhsilini Bağdadda məşhur “Müstansiriyyə”də almışdır. Burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənmiş, fars və ərəb dillərinə dərindən bələd olmuşdur. O, dövrünün məşhur bilicilərindən sayılan Əl-Cüveynidən dərs almışdır.

Hülakülər zamanında Hinduşah Naxçıvani maliyyə idarəçiliyində çalışmış və bir çox vilayətlərin hakimi təyin olunmuşdur. Eyni zamanda o, tarix, dilçilik və poeziya ilə də ciddi surətdə maraqlanmışdır. Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən “Təcarüb üs-sələf” (“Sələflərin təcrübələri”) əsərinin, 1307-1308-ci illərdə ərəb dilində qələmə aldığı “Məvarid ül-ərəb” (“Ərəb mənbələri”) antologiyasının, fars dilində bir sıra məşhur şeirlərin, habelə “Əs-Sihah əl-Əcəmiyyə” (“Qeyri-ərəblərin doğruları”) adlı leksiko­qrafik əsərin müəllifidir. Naxçıvaninin zəmanəmizədək bir neçə əsəri gəlib çatmışdır. Onun ərəb dilində yazdığı “Məvarid ül-ərəb” antologiyası, ərəb xəlifələrinin həyatından, Əməvilər, Abbasilər və Səlcuqilərin tarixindən bəhs edən və 1324-cü ildə ­tamamlanan “Təcarüb üs-sələf” (“Sələflərin təcrübələri”) əsəri dəyərli mənbələr hesab olunur. Sonuncu əsər Böyük Luristan atabəyi Yusifin oğlu Əhmədə (1295-1330) ithaf edilmişdir. Belə ehtimal olunur ki, bu, əslində, ərəb tarixçisi Məhəmməd Əli Təxtəqinin “Məniyyətül-füzəlafi təvarixül-xüləfa vəl-vüzəra” (“Xəlifələr və vəzirlər dövründə fəzilət adamlarının taleyi”) əsərinin farscaya tərcüməsidir. Mütəxəssislər bu əsəri farscaya gözəl və ifadəli bir dillə tərcümə olunmuş ilk nəsr nümunələrindən biri hesab edirlər. Müəllif tərcümə etdiyi bu kitaba düzəlişlər vermiş, əlavələr etmiş və onun həcmini, az qala, üç dəfə artırmışdır. Bu mövzuda fars dilində yazılmış ən mükəmməl əsər hesab olunan “Təcarüb üs-sələf”də müəllifin nəsli, özü, Şəmsəddin Cüveyni və başqa görkəmli şəxsiyyətlərlə bərabər, Naxçıvan barədə də məlumatlara rast gəlinir. Müəllif Giranın Naxçıvan tüməninə, Vənənd kəndinin isə Girana aid olduğunu qeyd edir və Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni (1225-1283) tərəfindən layiqli xanəgah tikildiyini, ona əmlak vəqf olunduğunu göstərir. Hinduşah Naxçıvaninin Naxçıvana olan həsrəti onun bu diyardan olduğunu bir daha təsdiqləyir. Allahdan qüvvət, şəfa diləyən müəllif özünün yenidən Nəşəva (Naxçıvan) torpağına yetirilməsini təvəqqe edir.

Ardını oxu...

İyunun 25-də Bəhruz Kəngərli Muzeyində Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov tərəfindən muzeylərə hədiyyə edilmiş rəsm əsərlərinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylərə eksponat toplanması istiqamətində keçirilən növbəti təqdimat mərasimi təsviri incəsənətimizlə bağlıdır. Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov müxtəlif illərdə portret janrında yaratdığı 5 rəsm əsərini muxtar respublikada fəaliyyət göstərən muzeylərə hədiyyə edir. Bunlar böyük yazıçımız Cəlil Məmmədquluzadənin, görkəmli rəssamımız Bəhruz Kəngərlinin, Xalq şairi Xəlil Rza Ulutürkün, şəhid Qabil Orucəliyevin və Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənovun portretləridir.
Hədiyyə olunan rəsm əsərləri üçün Telman Abdinova təşəkkür edən nazir deyib ki, rəssamın əsərləri muxtar respublikamızda fəaliyyət göstərən Heydər Əliyev, Naxçıvan Dövlət Tarix Muzeyi, Hüseyn Cavidin ev-muzeyi, Bəhruz Kəngərli, Xalça Muzeyi və digər mədəniyyət müəssisələri də vardır. Rəssamın hədiyyə etdiyi həmin portretlər muzeylərimizdə layiqli yerini tutacaqdır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı iyun ayının 23-dən 25-dək Bakı şəhərində keçirilən III Respublika Xalq Teatrları Festivalının final mərhələsinə vəsiqə qazanmışdı. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil edilən festivalın final mərhələsində bu teatrın kollektivi də iştirak edib. Belə ki, xalq teatrının təqdimatında böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşa göstərilib. Tamaşanın quruluşçu rejissoru Nəsimi Məmmədzadə həm də səhnə əsərinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa müvəffəq olub. Nəsimi Məmmədzadə, eyni zamanda tamaşada Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obrazı canlandırıb. Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov isə böyük bəstəkar Motsartın obrazını tamaşaçılara ustalıqla təqdim edib. Festivalda iştirak edən on üç kollektiv arasında Şərur Rayon Xalq Teatrının “Motsart və Salyeri” tamaşası II yerə layiq görülüb. Nəsimi Məmmədzadə “Ən yaxşı rejissor”, Neymət Sultanov isə “Ən yaxşı aktyor” nominasiyaları üzrə ­mükafatlandırılıblar.

Ardını oxu...

Ötən şənbə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Görüş yeri” kafesi qarşısında konsert təşkil edilib.
Konsertin aparıcısı bildirib ki, isti yay günlərində əhalinin istirahətinin daha səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyi bu gündən başlayaraq hər həftənin şənbə günü şəhərimizin park və meydanlarında musiqi kollektivlərinin konsertlərini təşkil edəcək. Bugünkü konsertdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı öz rəngarəng repertuarını nümayiş etdirəcək.
Qeyd olunub ki, ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, baletmeyster Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Ansamblın solistləri Nərmin Hüseynova, Samiddin Vəliyev, Namiq Vəliyev, Ruhiyyə Hüseynova və digərlərinin ifalarında Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın populyar əsərləri səslənib. Solistlərin ifaları alqışlarla qarşılanıb.
Rəqs kollektivinin ifa etdiyi “İnnabı”, “Naz eləmə”, “Tərəkəmə” və başqa rəqslər tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Xatirə Səfərova və Hünər Əliyevin ifalarında səslənən xalq mahnıları kollektivin repertuar zənginliyini göstərirdi.
Konsert rəqs kollektivinin ifasında yallı ilə başa çatıb.
Naxçıvan şəhərindəki “Görüş yeri” kafesi qarşısında ilk dəfə keçirilən konsert proqramı iki saatdan artıq davam edib.

Əli RZAYEV

Türkiyənin “Skylife” turizm jurnalında Naxçıvan haqqında məqalə dərc edilib. Jurnal ildə 70 milyon insan tərəfindən oxunur. ­“Mədəniyyətlər beşiyi Naxçıvan” sərlövhəli məqalənin müəllifi Büşranur Kocaerdir. Jurnalda yerləşdirilən fotoşəkillər isə Məsudə Bülbülə məxsusdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən may ayında əlamətdar və tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər davam etdirilmiş, konsertlərin təşkili, kino və teatr tamaşalarının nümayişi diqqətdə saxlanılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konsert pro­qramları təşkil olunmuş, distant dərs və tədbirlər keçirilmişdir.

May ayında mədəniyyət müəssisələrində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Respublika Günü, Xalçaçı Günü, Beynəlxalq Muzeylər Günü, Cəlil Məmmədquluzadənin 150 illiyi, Ərtoğrol Cavidin 100 illiyi, Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi ilə bağlı tədbirlər keçirilmiş, sərgilər açılmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı işlər davam etdirilmiş, tələbələr üçün açıq və ustad dərslər keçilmiş, ekskursiyalar təşkil olunmuş, mədəniyyət müəssisələrində təcrübə keçmələrinə şərait yaradılmışdır.

Ardını oxu...

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə rayonun Nüsnüs kənd sakini Oruc Əliyev, Kotam kənd sakini Sevda Qulamova, Gənzə kənd sakini Fəlah Məmmədov, Düylün kənd sakini Tamilə Abdullayeva, Üstüpü kənd sakini Hikmət Orucov, Qoruqlar kənd sakini Sarvan Məmmədli tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun və digər nümunələrdən ibarət 50-dən çox eksponat təqdim edilib.
Bu münasibətlə iyunun 20-də keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muzeylər zamanın ­müxtəlif məqamlarını özündə yaşadan, qoruyub saxlayan, öyrənən, nümayiş etdirən maddi-­mənəvi ­xəzinədir.
Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni-yeni muzeylər istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Bunun nəticəsidir ki, bu gün qədim diyarımızda 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənə­lərini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Ardını oxu...

(Esse)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamdan ötən dövr ərzində mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılması, onların dünyagörüşünün zənginləşdirilməsi, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından zəruriliyi bir daha təsdiqləndi. Siyahıya daxil edilən kitabların nəşri və təbliği, müntəzəm müzakirələrinin keçirilməsi, mətbuatda resenziyaların və bu əsərlərdən seçmələrin dərc olunması kimi əhəmiyyətli tədbirlərlə yanaşı, muxtar respublikanın ümumtəhsil məktəblərində də məqsədyönlü maarifləndirmə işləri aparılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari ilin aprel ayında ümumtəhsil məktəblərində “Mütaliə aylığı” keçirilib.
Məktəblilərin oxunması zəruri olan kitablar haqqında redaksiyamıza ünvanladıqları esselər mütaliənin onların bilik dairəsinin, bədii zövqünün, əxlaqi-mənəvi dəyərlərinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini bir daha təsdiq edir. Biz də gənclərin milli təfəkkür və müasir yanaşma tərzi ilə fərqlənən həmin esse­lərini “Oxunması zəruri olan kitablar gənclərin gözü ilə” rubrikasında oxucularımıza da təqdim etmək qərarına gəldik.

Ardını oxu...

Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində təntənəli mərasim keçirilib.

Ardını oxu...

İyunun 12-də Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində məktəbin rəsm ixtisası üzrə müəllimi Gülnarə Hüseynova və şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi təşkil olunub.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin direktoru Elşən Xəlilov bildirib ki, hazırda məktəbdə 22 şagird rəsm ixtisası üzrə təhsil alır. Bugünkü sərgidə 80-ə qədər əl işi və rəsm nümayiş etdirilir. Belə sərgilərin keçirilməsi uşaqların estetik zövqünün formalaşmasında, onların bu sənətə istiqamətləndirilməsində əhəmiyyətli rol oynayır.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək yeni sərginin açılışı münasibətilə müəllim və şagirdləri təbrik edib. Bildirib ki, qədim diyarımızda mədəniyyət və incəsənətin bütün sahələri kimi, təsviri incəsənətimizə də böyük diqqət və qayğı göstərilir. Muxtar respublikamızda uşaqların, gənc rəssamların təhsili də diqqətdə saxlanılır. Uşaq incəsənət məktəblərində keçirilən ustad dərslər, müsabiqələr balaca rəssamlarda bu sənətə marağı daha da artırır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirlikləri tərəfindən orta ümumtəhsil məktəbləri arasında keçirilən “Naxçıvan – doğma yurdum” mövzusunda rəsm müsabiqəsi muxtar respublikanın bütün məktəblərini əhatə edib. Yeni dərs ilində də bu tədbirlər davam etdiriləcəkdir.

Ardını oxu...

Paytaxt Bakıda təhsil ezamiyyətində olarkən təsadüf nəticəsində gənc bir qızla rastlaşdım. Sözün açığı, bu tanışlığa çox şad oldum. Çünki əslən Naxçıvandan olan bu xanımın mənim növbəti yazımın qəhrəmanına çevriləcəyini elə ilk baxışdan müəyyənləşdirmişdim. Lakin onun ailəsi ilə tanışlığım məni bu yazıda daha bir qəhrəmandan da bəhs etməyə sövq etdi. Çünki Əzizovlar ailəsi istedadlı övladları ilə öyünür. Onlar qazandıqları uğurları ilə nəinki ailəsinin, hamımızın fəxridir. Gəlin bu istedadlı gənclərlə sizi də tanış edim.

Elə başlayaq bu ailənin sorağına düşməyimə səbəb olan Jalə Əzizovadan. 1999-cu ildə Azərbaycanın incisi Ordubadda dünyaya göz açan Jalə orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra sənədlərini ali məktəbə təqdim edib. Qəbul imtahanlarında uğur qazanan bu istedadlı gənc 2016-cı ildə Azərbaycan Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin Qobelen ixtisasına daxil olub. Elə həmin il ali təhsil almaq üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçməli olub.
O qeyd etdi ki, ixtisasını çox sevir. Uşaqlıqdan incəsənətə, xüsusilə də tikmə və toxuma işlərinə həvəsi olan Jalənin sözlərinə görə, ona bu sənəti nənəsi sevdirib. Hələ balacalıqdan evdə xalçaçılıqla məşğul olan nənəni görən Jalə elə o zamandan incəsənətə maraq göstərib, rənglərin, ilmələrin sehrinə düşüb.

Ardını oxu...

Tədbir iştirakçıları əvvəlcə 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ­Hüseyn Cavidin məzarı üzərində əzəmətlə ucaldılan məqbərəsi önünə gələrək gül dəstələri qoyub, Hüseyn Cavidin ev-muzeyini ziyarət ediblər.

Ardını oxu...

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 95 illiyi, böyük Azərbaycan mütəfəkkirləri İmadəddin Nəsiminin anadan olmasının 650 və Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar xüsusi veriliş yayımlanıb.
Verilişdə Azərbaycanın dövlətçilik tarixi, müstəqilliyinin bərpasından sonra qazanılan uğurlar, ölkə­mizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, ədəbiyyat tariximizdə xüsusi yer tutan böyük mütəfəkkirlər İmadəddin Nəsimi və Cəlil Məmməd­quluzadə haqqında yapon dinləyicilərə ətraflı məlumat verilib.
Verilişdə müstəqilliyinin bərpasından sonra Azərbaycanın üzləşdiyi çətinliklərdən, o cümlədən Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə­miz inkişaf mərhələsinə qədəm qoyub.

Ardını oxu...

Dünən xalq teatrlarının festivalı çərçivəsində Naxçıvan Şəhər Xalq Teatrı tanınmış yazıçı və dramaturq Seyfəddin Dağlının üç pərdə, beş şəkilli “Adı sənin, dadı mənim” komediyası əsasında hazırlanmış tamaşanı nümayiş etdirib.
Teatrın hazırladığı bu tamaşada hadisələr keçən əsrin 60-cı illərində Azərbaycan şəhərlərindən birində cərəyan edir. 77 nömrəli qəlyanaltıxanada başlanan hadisələr komik və gülüş şəklində davam etməklə o dövrün eybəcərliklərini göstərir.
Tamaşanın əvvəlindən əsas aparıcı surət Qəlyanalının (Akif Əsədov) çirkin əməllərinin şahidi oluruq. Müxtəlif çirkin yollarla qazandığı pulları başqasının adına sənədləşdirən Qəlyanalı və onun ətrafındakılar gülüş hədəfidirlər.
“Adı sənin, dadı mənim” tamaşasında Səbirə, Həmzə, Qəmzə, Quzubala, Totux və Nəzarətçi personaj tiplərini Zülfiyyə Zeynalova, Abbas İsmayılov, Nazlı Hüseynquliyeva, Sultan Səfərov, Qəmər Babayeva, Pirqulu Məmmədov təbii və canlı təqdim edirlər.
Tamaşanın quruluşçu rejissoru Akif Əsədov, rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev, musiqi tərtibatçısı Mirsaleh Seyidovdur.
Naxçıvanda ilk dəfə xalq teatrımızda tamaşaya qoyulan bu komediya maraqla qarşılanır.

Əli RZAYEV

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fəal gənc, memar, fotoqraf Anar Sadiqovun Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar fotolar və memarlıq işlərindən ibarət “Bura Naxçıvandır” adlı fərdi sərgisi təşkil olunub.
Tədbirdə bildirilib ki, bu gün müxtəlif sahələrdə fərqlənən istedadlı gənc­lər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Gənclərə göstərilən bu qayğı onların özləri üzərində daha səylə çalışmalarına stimul verir. Belə istedadlı gənc­lərdən biri də memar və fotoqraf Anar Sadiqovdur.
Çıxış edənlər Anar Sadiqovun yaradıcılıq qabiliyyəti, onun fəalliyyəti haqqında danışıb, istedadlı gəncə uğurlar arzulayıblar.
Sərgidə muxtar respublikada həyata keçirilən quruculuq işlərini, turizm məkanlarını, tarixi abidələri və digər mövzuları özündə əks etdirən 95 foto və memarlıq işi sərgilənib.
Sonda gənclərlə bağlı keçirilən tədbirlərdə fəal iştirakına görə Anar Sadiqova Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı təqdim olunub.
Sərgi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə ­keçirilib.

 Ceyhun MƏMMƏDOV

Qədim Naxçıvan hər zaman özünün görkəmli şəxsiyyətləri ilə sayılıb­-seçilib. Mədəniyyətdən incəsənətə, ədəbiyyatdan tarixə, təbabətdən hərb elminədək öz sözünü demiş həmyerlilərimiz təkcə ölkəmizdə deyil, onun hüdudlarından da çox-çox uzaqlarda tanınıblar. Anadan olmasının 120 illik yubileyi geniş şəkildə qeyd edilən görkəmli rəssam İbrahim Səfiyev də məhz yaradıcılığı ilə bütün Türk dünyasını fəth edən, təkcə Türkiyədə deyil, Avropanın bir çox ölkələrində də sənətinə böyük maraq oyadan incəsənət ustadlarımızdandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik ­yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı qəlbindəki əbədi Vətən sevgisini məhəbbətlə sənət əsərinə çevirən böyük ustadın həyat və yaradıcılığına yenidən işıq salan qiymətli sənəd, sənətinə verilən ən böyük dəyərdir.

Sərəncamın icrası istiqamətində bu günədək müxtəlif tədbirlər keçirilib, rəssamın əsərlərindən ibarət sərgi təşkil olunub. Növbəti belə tədbir isə aprel ayında paytaxt Bakıda – Atatürk Mərkəzində təşkil edilmişdi. Belə bir tədbirdə iştirak etmək şansı əldə etdiyim üçün qürurlandım.

Ardını oxu...

Culfa Rayon Mədəniyyət Sarayında rayon ağsaqqalları, ziyalıları və gəncləri ilə görüş keçirilib, Naxçıvanda yaşayan şair və yazıçıların çapdan yeni çıxmış kitablarının təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Culfa Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbiri İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova açıb.
Tədbirdə “Naxçıvanda ədəbi mühit” mövzusunda çıxış edən Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar bildirib ki, muxtar respublikamızda ədəbiyyatın inkişafına diqqət və qayğı uğurla davam etdirilir. Bunun ifadəsidir ki, diyarımızda Azərbaycan və Naxçıvan Yazıçılar Birliyinin 80 nəfərdən artıq üzvü var.
Diqqətə çatdırılıb ki, Culfa rayonunda da yaşayıb-yaradan qələm sahibləri müasir dövrün nəbzini tutmağa çalışırlar.
Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən yeniləşmə, müasirləşmə proseslərinin son illərdə bu bölgəmizi də müasir Azərbaycan rayonuna çevirdiyini bildirib.
Sonra şairlərdən Qabil Abbas, Həsənalı Eyvazlı, Zeyqəm Vüqar, Kamal Xanəgahlı, Gülsadə İbrahimli, Ədalət Əhmədov yeni şeirlərini oxuyub, kitablarını təqdim ediblər.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvan şəhərinin epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Naxçıvan şəhərinin epiqrafik abidələri barədə məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası ərazisində xeyli sayda epiqrafik abidələr olsa da, müstəqillik illərinə qədər onlar sistemli şəkildə tədqiqata cəlb edilməyib.
Akademik bu gün tarixi-­mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələrinin dövlət qayğısı ilə əhatə olunduğunu, qorunub saxlanılması, bərpası və təbliği istiqamətində bir sıra işlərin görüldüyünü xatırladıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən 2006-cı ildən etibarən regiondakı abidələrin sistemli şəkildə öyrənildiyini söyləyib.

Ardını oxu...

Bu il 100 yaşı tamam olan Ərtoğrol Cavidə tale Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyini nəsib etmişdi. Bəlkə də, tay-tuşlarının çoxu bu baxımdan Ərtoğrola həsəd aparırdı. Amma Ərtoğrol Cavidin özü də, ona həsəd aparanlar da hələ bilmirdilər ki, Cavid övladı olmaq xoşbəxtliyi tezliklə bir nəslin, bir ocağın, xüsusən də Ərtoğrol Cavidin faciəsinə çevriləcək. Məhz bu cəhət – Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyi və faciəsi Ərtoğrol Cavidin qısa, mənalı ömrünün tam mənzərəsini əks etdirirdi.

Ərtoğrol Cavidin 1939-cu ildə öz əli ilə yazdığı qısa tərcümeyi-halda oxuyuruq: “Mən, Cavid Ərtoğrol 1919-cu il 22 oktyabrda Bakı şəhərində doğulmuşam. Bu günə kimi daimi yaşayış yerim Bakı şəhəridir. 1926-27-ci illər Azərbaycan Darülmüəllimatı yanındakı nümunə məktəbinə daxil olub, 1927-28-ci illər (2-ci sinifdə oxurkən) 8-ci şura məktəbinə (indiki 1 nömrəli tam orta məktəbə) dəyişilmişəm. 1935-36-cı illərdə tədris zərbəçisi kimi oranı bitirmişəm. 1936-37 tədris ilində Azərbaycan Pedaqoji İnstitutuna daxil olub indi...dil və ədəbiyyat fakültəsində oxumaqdayam.
Valideynlərimə gəlincə, atam Hüseyn Cavid 1882-ci ildə doğulub. Revolyusiyaya qədər müəllimliklə məşğul olmuş (revolyusiyadan sonra da davam etdirmiş). Müəllimlik stajını nəzərə alaraq ...ona persional pensiya verəcəkdilər. Lakin onun əsas sənəti yazıçılıq, dramaturqluq idi. 1937-ci il iyunun 3-də ailəsinə, o cümlədən mənə hələ də məlum olmayan səbəblərlə Az.XDİK tərəfindən həbs edilmiş. 1939-cu ildə 8 il hüquqdan məhrumluqla məhkum edilmiş. Anam isə ibtidai savad almış bir qadındır, daima ev təsərrüfat işlərini aparmış. Son il tikiş artelində işlədi (1938-ci ilin aprel ayından 1939-cu ilin iyul ayına qədər), lakin əlləri ağrıdığından və gözləri zəif gördüyündən işi tərk etdi.
Ailəmiz 3 üzvdən ibarətdir: Anam, bacım və mən. Heç birimiz seçki hüququndan məhrum edilməmişik. Maddi vəsait mənim stependiyam və iş maaşımdır. Dərs oxumaqla bərabər ailə şəraitinin ağırlığı ilə mən Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi-Tədqiqat Kabinetində elmi işçi kimi işləməkdəyəm”.

Ardını oxu...

Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirləri sırasında tarixi mədəniyyət abidələrinin bərpası mühüm yer tutur. Son illərdə qədim diyarımızda onlarla tarixi-memarlıq abidələri əsaslı şəkildə bərpa edilib, onlara ikinci həyat verilərək turizm üçün cəlb­ediciliyi təmin olunub. Tarixi əhəmiyyəti ilə seçilən belə tikililərdən biri də Şahtaxtı hamamıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şahtaxtı hamamında kompleks bərpa işlərinə başlanılıb.Əvvəlcə hamamın ətrafı və daxilində təmizlik işləri aparılıb, binanın içərisində torpaq işləri görülüb. Hazırda tarixi abidənin təməl hissəsinin möhkəmləndirilməsi üçün binanın daxilində və fasad hissədə beton işləri davam etdirilir, uçulan yerlərin bərpası üçün hörgü işləri aparılır, pəncərə yerləri qoyulur. Bərpa zamanı hama­mın ilkin quruluşunun qorunub saxlanılmasına, işlərin milli memarlıq ənənələri əsasında aparılmasına ­xüsusi diqqət göstərilir.
Məlumat üçün bildirək ki, XIX əsrin yadigarı olan Şahtaxtı hamamı düzbucaqlı formada olub 210 kvadratmetrlik ərazini əhatə edir. Binanın xaricdən uzunluğu 20, eni 9 metrdir. Müxtəlif ölçülərdə 2 salon, 2 köməkçi otaq və ocaqxanadan ibarət olan kompleks iki hündür günbəzlə tamamlanır. Binanın işıqlandırılması tavanda açılmış bacalar kompleksinin köməyi ilə həyata keçirilib. Tarixi abidənin elmi şəkildə bərpası onun turizm cəlb­ediciliyini də artıracaqdır.

Babək İSMAYILOV

Mayın 29-da Şahbuz Rayon Xalq Teatrı Əbdürrəhim bəy Haqverdi­ye­vin “Məşədi Qulam qiraət öyrənir” əsəri ilə festivalın ikinci tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Emin Hüseynovdur. Səhnə əsərindəki rolları Elbəyi Qəhrəmanov, Səadət Abdinova, Abbasəli Abbasov, Emin Hüseynov, Vahid Məlikov, İlahə Nəcəfova canlandırırlar. Obrazların təbii təqdimatı, səhnə əsərindəki hadisələrin və əsərin ideyasının olduğu kimi çatdırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Əli RZAYEV

Belə bir holland atalar sözü var: “Kitablar karlara səslənən dilsiz dostlardır”. Elə buna görədir ki, kitaba uzaq olan kəslər həyata kor, insanlığa kar, cəmiyyət qarşısında isə hər zaman laldırlar. Mütaliə mənəviyyatı zənginləşdirməyin ən düzgün yoludur. Kitablar tarixboyu öz müqəddəsliyi ilə seçilib. Elə gəlin Böyük Monqol imperatorluğuna nəzər salaq.
Monqolların Humayun adlı bir sultanı olub ki, o, özünəməxsus böyük bir kitabxanaya sahib imiş. Kitabxanasına özündən başqa heç kəsi buraxmayan Sultan Humayun 1556-cı ildə kitabxanasındakı hündür rəflərdən birindən kitab götürərkən yıxılıb və bununla da həyatını itirib. Buradan o nəticə meydana çıxır ki, böyük bir sultan sarayında o qədər qulluqçusu olmasına baxmayaraq, kitabı məhz özü götürüb və bunu heç kəsə əmanət etməyib. Görürsünüzmü, bu həm kitaba bir sultanın verdiyi qiymətdir, həm də elə düşünürəm ki, bu, bir insanın nə qədər qüdrətli olmasına baxmayaraq, onun mütaliəyə olan sevgisinin həyatından belə, dəyərli olması ilə bağlı danılmaz faktıdır.

Ardını oxu...

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyədə qastrolda olub.

Qars Qafqaz Universitetinin konsert salonunda Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyesləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası oynanılıb.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ardını oxu...

Azərbaycan Respublikasının Ukraynadakısəfirliyi tərəfindən 28 May – Respublika Günü, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi vəAzərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Kiyevdə rəsmi qəbul mərasimi keçirilib.

Mərasimdə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı təşkil edilən Naxçıvan məhsullarının sərgisi ilə tanış olublar. Burada Naxçıvanda istehsal olunan məhsullar, o cümlədən Naxçıvanın brendi sayılan göycə nümayiş olunub.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, mövcud olduğu 23 aylıq dövrdə diplomatiya sahəsində qazandığı mühüm nailiyyətlərdən danışıb. Azər Xudiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlər müstəvisində yeni mərhələyə çıxarıb, bir çox uğurlar əldə edilib.

Ardını oxu...

Əsl sənətkar olmaq zamanı qabaqlamaq, özündən sonrakı nəsillər üçün bir məktəb, irs yaratmaqdır. Bu yol çox zəhmət, çalışmaq tələb etdiyi üçün insanların az qismi sənətin zirvəsinə ucala bilir. Bu fikirlərin ətrafında düşünərkən radiodan milli musiqi alətimiz olan tarın məftunedici səsini eşitdim. Biranlıq bütün fikirlərim dağıldı. Bu, orijinal, bənzərsiz bir ifa idi. İnsan ruhuna birbaşa təsir edən, vurduğu hər mizrabdan qəlbə qığılcım salan bu sənətkar kimdir görəsən? – deyə düşündüm. İfanı zövqlə dinləyə-dinləyə sonunu gözlədim. Məlum oldu ki, bu, hamımızın yaxşı tanıdığı, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin ifasıdır. Əkrəm müəllimlə həmsöhbət olmaq və onun sənət yolu, musiqi mədəniyyətimizin bu günü haqqında məlumat almaq qərarına gəldim.

– Əkrəm müəllim, oxucularımız sizi ifalarınızdan yaxşı tanıyır. Ancaq mənim üçün də maraqlıdır, Əkrəm Məmmədli bu gün özünü necə təqdim edir?

– Desəm ki, tək tarzənəm, düzgün olmaz. Çünki həm də müəlliməm. Bununla yanaşı, orkestr üçün əsərlər işləmişəm, dirijorluq fəaliyyətim vardır və 30 ilə yaxın müddətdə Naxçıvan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində çalışmışam. Ancaq bütün bunları ümumiləşdirsək, deyə bilərəm ki, mən, ilk növbədə, bütün varlığımla musiqiçiyəm. Sadaladığım bütün bu fəaliyyət sahələrində qazandıqlarım üçün tarzənliyimə borcluyam. Başqa sahələrdə, ola bilsin ki, bu gün məndən daha yüksək xidmətləri olanlar vardır. Ancaq mən tarla yaşayıram və buna görə də Əkrəm Məmmədli özünü ilk olaraq tarzən kimi təqdim edir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR