İyulun 23-də Babək Rayon Mədəniyyət Sarayında Babək Rayon Xalq Teatrının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, ilk dəfə 2006-cı ildə Cəlil Məmmədquluzadənin “Kamança” pyesi ilə səhnəyə çıxan Babək Rayon Mədəniyyət Sarayının dram dərnəyinin üzvləri 2008-ci ildə Ənvər Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsərindən bir hissəni tamaşaçılara təqdim ediblər. Dərnək üzvləri 2009-cu ildə Q.Fiqereydonun “Ezop” əsəri əsasında daha təkmil və peşəkar səviyyədə tamaşa hazırlanmasına nail olublar. Elə həmin il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə dram dərnəyinə “Xalq teatrı” adı verilib. Onillik fəaliyyəti dövründə teatr 15 tamaşa təqdim edib, Culfa, Ordubad, Kəngərli, Şərur, Sədərək rayonlarında və Naxçıvan şəhərində qastrol səfərlərində olub.
Vurğulanıb ki, teatr 2015-ci ildə keçirilən xalq teatrlarının muxtar respublika festivalında birinci yerə layiq görülərək diplomla təltif olunub. 2017-ci ildə keçirilən növbəti festivalda isə Hüseynbala Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış tamaşa ilə çıxış edən kollektiv “Ən aktual mövzulu tamaşa” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.
Nazir kollektivə bundan sonrakı fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb, xalq teatrlarının, ümumilikdə, Naxçıvan teatrının fəaliyyətinə göstərdiyi yüsək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət işçiləri adından minnətdarlığını bildirib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək teatrın rayon sakinlərinin mədəni tələbatının ödənilməsindəki fəaliyyətindən danışıb, kollektivin rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakından bəhs edib. Bildirib ki, teatr 10 illik fəaliyyəti dövründə hazırladığı müxtəlifməzmunlu tamaşalarla rayon sakinlərinin estetik zövqünün formalaşmasında, gənc nəslin milli dəyərlər ruhunda tərbiyəsində, insanların asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayıb.
Sonra teatrın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, Babək Rayon Mədəniyyət Sarayının foyesində xalq teatrının hazırladığı tamaşalardan çəkilmiş şəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov xalq teatrının üzvləri ilə görüşərək 10 illik fəaliyyəti dövründə hazırladıqları tamaşalardan parçaların uğurlu təqdimatına görə kollektivə təşəkkürlərini bildirib, yaradıcılıq uğurları arzulayıblar.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti