Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 136-cı teatr mövsümünün bağlanış mərasimi olub. Teatr mövsümü Cəlil Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası ilə başa vurmuşdur.
Tamaşanın nümayişindən əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Naxçıvan teatrının keçdiyi tarixi inkişaf yolundan danışıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Naxçıvan teatrı ilə həmişə maraqlanıb və onun fəaliyyətinə yüksək qiymət verib.
Vurğulanıb ki, müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin daşıyıcısına çevrilib. Teatrımızın müstəqillik illərində hazırladığı tamaşalar yaradıcılıq axtarışlarının nəticəsi və tarixi mövzulara marağın göstəricisidir.
Nazir bildirib ki, teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır.
Muxtar respublikada teatr sənətinə bağlı insanların əməyi də daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Üç əsrin şahidi olan Naxçıvan teatrı həmişə xalqa xidmət etmiş, mütərəqqi ideyaların daşıyıcısı və təbliğatçısı olmuşdur, – deyən Natəvan Qədimova qeyd edib ki, milli oyanış və dirçəlişin carçısı olan Naxçıvan teatrı bundan sonra da milli ruhu yaşadacaq, dövlətçiliyə xidmət edəcək əsərləri səhnəyə gətirməklə, mənəvi-estetik prinsipləri əsas götürməklə, dövlət və xalq birliyinin sarsılmazlığını əks etdirən tamaşalarla insanları sevindirəcəkdir.
Nazir çıxışının sonunda göstərilən böyük diqqət və qayğıya görə mədəniyyət və incəsənət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Sonra “Ölülər və dəlilər” tamaşası göstərilib. Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyeslərini bir mövzu üzərində birləşdirərək maraqlı tamaşa yaratmağa nail olub.
Tamaşada bu 4 pyesdəki obraz və personajların bir çoxu ilə rastlaşırıq. “Ölülər və dəlilər” tamaşasında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri də rol alıblar. Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.
Əli Rzayev