Azərbaycan xalq təqvimində özünə yer tutan və “quyruq doğdu” adlanan vaxt avqust ayının 5-6-na təsadüf edir və yayın yarı olduğu dövr hesab olunur. Həm elmi mənbələrdə, həm də xalq arasında “quyruq doğdu” tez-tez müzakirə mövzusuna çevrilir. Bəziləri deyir ki, quyruq doğmaz, donar. Maldarlıq təsərrüfatında ilin bu dövrünün “quyruq dondu” adlandırılmasının səbəbi isə bununla izah edilir: deyirlər ki, hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdən sonra donur.
İstər elmi qaynaqlarda, istərsə də el arasında bu ifadə ilə bağlı bir-birini təkzib edən fikirlər söylənilir: “Azərbaycan dilinin izahlı lüğəti”ndə yazılıb: “Quyruq doğmaq” (əsli quyruq donmaq) yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. Lüğətdə əsli “quyruq donmaq” ifadəsi yazılsa da, Firudun bəy Köçərli, Süleyman Rəhimov və Mir Cəlala istinadən çəkilən misalların hamısında “quyruq doğdu” yazılıbdır. Üçcildlik “Azərbaycan etnoqrafiyası” kitabında isə oxuyuruq: “Yayın ikinci dövrünün adına “quyruq doğdu” da deyirlər. Ata-babalarımız yay yarı olan gecə səhərə yaxın Şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər”.
Abbasqulu ağa Bakıxanov “Əsrarül mələküt” əsərində quyruqlu ulduzlar haqqında məlumat verərək qeyd edir ki, bu ulduzlar səmada hər zaman yox, müəyyən zaman çərçivəsində görünür. Onlar gecə görünərkən Günəş kimi işığı çox olduğu üçün gecə gündüzə çevrilir. A.Bakıxanov bu ulduzların görünmə təqvimini işləyib hazırlayıb ki, bunun da “quyruq doğdu”ya heç bir aidiyyəti yoxdur.
Tədqiqatçıların əksəriyyəti məşhur Azərbaycan təbiətşünası, maarifçi-alim Həsən bəy Zərdabinin 1905-ci ildə yazdığı “Quyruq doğdu, çillə çıxdı” məqaləsinə istinad edirlər. Həsən bəy Zərdabiyə görə, elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri-vaxtlarda görünmür və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü dəstə-dəstə edib hər bir dəstəyə bu dəstə oxşadığı bir əşyanın, ya da heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Bu ulduz dəstələrinə cürbəcür adlar qoyublar, o cümlədən onların bir dəstəsinə quyruq deyiblər ki, həqiqətən, heyvan quyruğuna şəbahəti (oxşarı) var. O quyruğa oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu edir (görsənir).
“Azərbaycan etnoqrafiyası” kitabında yazılıb: “Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, “quyruq doğdu” ifadəsi Buğa bürcündəki ulduz topası ilə bağlı yaranmışdır. H.Zərdabinin yazdığı “quyruğa oxşayan ulduz dəstəsi” Buğa bürcündəki Ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara “Xodək-garvan” və ya “Şamtərəzi” deyirlər”.
Bunların Buğa bürcündəki Ülkər ulduzları olduğu həqiqətdir. Lakin bunun “quyruq doğdu”ya aidiyyəti yoxdur.
Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” kitabında yenə də Həsən bəy Zərdabinin məqaləsindən istifadə edir. O bildirir ki, əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında “Ülkər”, “Şamtərəzi”, “Xodək-garvan” və “Quyruq doğdu” adları ilə məlum olan ulduzların görünməsi ilə müəyyən edib.
Qeyd olunmalıdır ki, Ülkər ulduzları Naxçıvanda iyun ayının 2-də görünür. Etnoqraf Asəf Orucov da “Xalq təqvimi” kitabında Ordubaddan topladığı çöl materialları əsasında bunu təsdiq edir. Müəlliflərin qeyd etdikləri “Xodək-garvan”, “Şamtərəzi”, “Ülkər ulduzları” fərqli ulduzlardır və bunlardan “quyruq doğdu”ya yalnız “Şamtərəzi” aiddir. (Naxçıvanda buna “Mizan tərəzi”, Ordubadda “Arşın tərəzi” deyirlər). Hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı Şərq tərəfə baxarsa, bir-birindən, təxminən, 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər. Bu ulduzlar Böyük Köpək bürcünə aiddir. Həmin bürcün quyruğunun ucunda olan çox işıqlı “Sirius” ulduzuna görə “quyruq doğdu” (göründü) deyirlər. Bir xətt üzrə düzülən üç, çəpəki daha iki işıqlı ulduz vardır ki, bu beş ulduzun quruluşu tərəziyə oxşayır. Ona görə də buna “Mizan tərəzi” deyirlər.
“Quyruq dondu” ifadəsinə gəldikdə isə yaylaqda əridilmiş quyruq yağının donması vaxtı təyin etmək üçün əsas ola bilməz. Müxtəlif illərdə iqlimdə eyni vaxtda istiliyin fərqli olması, yaylaqların dəniz səviyyəsindən hündürlüyü dəqiq vaxt təyin etməyə imkan verməz. “Quyruq doğdu” isə konkret astronomik vaxtdır ki, hər il, eyni zamanda baş verir. Xalqımızın uzunmüddətli müşahidəsinə görə, “quyruq doğdu”dan sonra yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtının gəlib çatdığını bilirdilər.
Bəzi tədqiqatçılar qeyd edirlər ki, Naxçıvanın bəzi bölgələrində bu dövrə bəzən “quyruq doldu” da deyirlər. Ancaq “quyruq doldu”, “quyruq dondu” ifadələri payızın yarı olduğu dövrə aiddir. Eybalı Mehrəliyev də “Xalq coğrafi terminləri lüğəti”ndə bu ifadələrin noyabr ayının əvvəlinə aid olduğunu qeyd edir.
Tədqiqatçıların “Quyruq doğdu”dan sonra “arxac”, “qaşar”, “axtarma” pendirləri daha çox ilin bu dövründən sonra tutularmış” fikirləri də mübahisəlidir. Çünki Azərbaycanın heç bir bölgəsində avqust ayında qoyun sağılmır. Yay fəsli girdikdən sonra qoyunların sağımı dayandırılır. Çobanlar sürünü axtararaq gec doğan, hələlik südü qurumayan qoyunları tapıb sağırlar ki, bu süddən tutulan pendirin “axtarma” adı da buradan əmələ gəlib.
“Quyruq doğan” dövr isə xalq təqvimində “qora bişirən ay”ın içərisindədir (15 iyul-15 avqust). “Quyruq doğdu”dan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur. Xalq inanclarına görə, “quyruq doğdu”dan sonra mineral sular müalicəvi əhəmiyyətini itirir. Bir də ağaclar yarpağını tökdükdən sonra müalicəvi əhəmiyyəti bərpa olunur.
Arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri vardır. Belə ki, peşəkar arıçıların dediyinə görə, “quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olur, tez süzülsə, turşuyar. Sahələrdən küləşi də bu dövrdən sonra yığardılar. Çünki axşamlar artıq şeh düşür, küləş quru olmadığı üçün asan toplanır. Bu dövrdə quzular qırxılıb sürüyə qatılardı. Həmçinin həmərsin, mərmərik (çöl gilənarı) meyvələrində qızarma başlayır ki, bu da xalq təqvimində bir dövr hesab edilir.
Bu dövrdə həm də küləş götürüldükdən sonra şum işinə başlanılırdı. Bir sözlə, “quyruq doğdu” ifadəsi qışa hazırlığın başladığı dövr hesab edilir.
Zaleh NOVRUZOV